Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:58

Hesablama Palatası Milli Məclisdə hesabat verir - [Yenilənir]


Milli Məclis
Milli Məclis
-
Milli Məclisin 5 aprel iclası Hesablama Palatasının sədri Heydər Əsədovun 2012-ci ildəki fəaliyyəti haqqında hesabatla başladı.
Palata sədrinin sözlərinə görə, 2011-ci ildə 46 nəzarət tədbiri həyata keçirilmişdisə, ötən il onların sayı 68-ə çatıb: “Bu nəzarət tədbirləri müxtəlif sahələri əhatə edib. Səfirliklərdə də yoxlamalar keçirilib. Respublika Prokurorluğu yanında Baş Korrupsiya idarəsi ilə 2 yoxlama da baş tutub. Bir neçə il aparılan yoxlamalar maliyyə vəsaitlərindən istifadənin xeyli yaxşılaşdığını göstərir”.
Heydər Əsədov nöqsanların əksəriyyətinin cinayət xarakterli olmadığını söyləyib:

“Sadəcə, mühasiblərin qeyri-peşəkarlığından, kimlərinsə düzgün göstəriş verməməsindən asılı olub”.
Heydər Əsədov bunu da deyib ki, sosial vəsaitlərdən istifadədə sui-istifadə halları artıb. Onun sözlərinə görə, mühasib maliyyəçilər qadınlar olan yerdə belə halların çəkisi daha da çoxalıb: “Bu halların səbəbləri isə əsasən bəzi yerlərdə maliyyə işlərinə kifayət qədər diqqət yetirilməməsi, maliyyə xidmətinin peşəkar kadrlarla təmin olunmaması və sairdir. Bu nöqsanlara qanun boşluqları, normativ sənədlərin çatışmazlığı, bir sıra subyektlərdə köhnə SSRİ dövründən qalma sənədlərindən istifadə olunmasıdır”.

HÖKUMƏTƏ TƏKLİFLƏR GÖNDƏRİLİB...
Heydər Əsədov hər il hökumətə onlarla təklifin göndərildiyini bildirib. O hökumətə təqdim olunan 100 təklifin nəticəsi haqqında məlumat da verib. Sədrin sözlərinə görə, 2011-də hökumətə 57, ötən il isə 100 təqdimat göndərilib. Onların 25 faizi nazirliklərə ünvanlanıb və Heydər Əsədovun sözlərinə görə, təkliflərin böyük əksəriyyəti həvəslə yerinə yetirilib.
Arxiv foto
Arxiv foto
Xarakterik nöqsanlardan danışan Əsədov bildirdi ki, bir çox büdcə təşkilatlarında artıq ştat saxlanılır. “Görülən tədbirlər nəticəsində 550 ştat ləğv olunub, 220 qrup bağlanılıb”.
Palata sədri daha sonra deyib ki, 1 milyon 100 mindən artıq mal mədaxil olunaraq inşa edilmiş, alınmış, əsas fondların mədaxil edilməməsi, uçota alınmamasıdır. “Hesablama Palatasının tədbirləri nəticəsində təsərrüfat təşkilatlarda 88,8 milyon manatlıq vəsait uçota alınıb. 4 milyon 366 min manat dövlət büdcəsinə nəql edilib. 144 min manat məbləğində sosial müdafiə xərcləri DSMF-yə köçürülüb”.
Hesablama Palatasının sədrinin dediyinə görə, hüquq-mühafizə orqanlarına göndərişlərdən başqa, təsərrüfat subyektlərində cəza tədbirləri də görülüb: 44 adam işdən çıxarılıb, onlardan 13-ü vəzifəli şəxs, 3-ü müavindir. Daha 44 nəfərə şiddətli töhmət, 92 nəfərə töhmət elan olunub.

DÖVLƏT BÜDCƏSİNƏ NƏZARƏT MEXANİZMLƏRİ GENİŞLƏNMƏLİDİR...

Siyavuş Novruzov
Siyavuş Novruzov
Siyavuş Novruzov hesab edir ki, dövlət büdcəsi vəsaitləri artırsa, onlara nəzarət mexanizmləri də genişləndirilməlidir. O, Hesablama Palatasının işçilərinin sayının artırılmasını təklif etdi. Deputat təklif etdi ki, gələcəkdə yoxlamaların nəticələri haqqında yalnız hüquq-mühafizə orqanlarına yox, birbaşa ictimaiyyətə məlumat verilsin:

“Cəza tədbirlərinə də diqqət yetirilməlidir. Əsas aradan çıxan vəsaiti geri qaytarılmasıdır. Bu adamın oğurladıqlarını qaytarıb, özünü işdən çıxarılması kifayət qədər yüksək cəzadır. Onun əlavə olaraq həbsinə ehtiyac yoxdur”.

ƏLİ MƏSİMLİ: İMKAN YARADILSA 10 MİLYONLARLA MANAT BÜDCƏYƏ QAYTARILA BİLƏR

Əli Məsimli rəqəmləri toplamağa və Hesablama Palatasının fəaliyyətinin nə dərəcədə sərfəli olduğunu müəyyənləşdirməyə çalışdı.

Onun sözlərinə görə, 2012-ci il ərzində qurumun büdcəsi 2,9 milyon manat olub:

"Bunun müqabilində nə qədər vəsait dövlət büdcəsinə qaytarılıb? Əgər şərait yaradılsa, Hesablama Palatası bundan qat-qat artıq, 10 milyonlarla manat büdcəyə qaytara bilər".

Vahid Əhmədov
Vahid Əhmədov
Vahid Əhmədov hesabatla bağlı bəzi iradlarını bildirdi. O, Hesablama Palatasını ölkədə icra olunan iri infrastruktur layihələrini də nəzarətə götürməsini təklif etdi.

3 QADIN VƏ 2 MİLYON DOLLAR QRANT
Özünə ünvanlanan sualları cavablandıran HP sədri Heydər Əsədov səslənən təklif və iradları nəzərə alacaqlarını bildirdi.

Onun sözlərinə görə, təkcə Səhiyyə sahəsinə aid təqdimatla bağlı 1000-dən çox çarpayı ləğv edilib:

“Bu, xeyli vəsaitin büdcəyə qaytarılması deməkdir”.

H.Əsədov bildirdi ki, Dünya Bankı işimizin təkmilləşməsi ilə əlaqədar 2 milyon dollar qrant ayırıb. Bu vəsait həm də deputatların qaldırdığı məsələlərin həllinə yönəldiləcək.
Sədrin sözlərinə görə, vəsaitlərin qaytarılması məsələsi şəxsən onun öz nəzarətindədir:

“Günahı olmayan heç kim bu vəsaiti qaytarmır”.

Təzyiqlərə gəlincə, H.Əsədovun sözlərinə görə, onun işlədiyi dövrdə bir nəfər də olsun haranısa yoxlamaqla bağlı təzyiq olmayıb. Əgər bu məsələdə hansısa liberal mövqeyimiz varsa, öz münasibətimizin nəticəsidir:

“Bu dəqiqə bir yoxlamanın içindəyik, bir neçə qadın müəyyən qədər vəsaiti mənimsəyib. Ailəsinə qədər yoxlamışıq, 3 qaçqın ailə birlikdə yaşayır. Onlar haqda ciddi tədbir görə bilmirik. Yenə deyirəm, bu, təzyiqlə bağlı deyil, öz liberal yanaşmağımızın nəticəsidir”.
103 lehinə, 2 nəfər əleyhinə olmaqla Hesablama Palatasının hesabatı qəbul edildi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG