Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:49

Çaşıb mərsiyəyə "dalay-dalay"la başladı...


Aslan Quliyev
Aslan Quliyev
-

Eşitdim ki, məhərrəmçilikdə Iranda məscidlərdə mərsiyə, qalan vaxtlarda isə bu taydakı toylarda muğam oxuyur.

Mərsiyə oxuyanda da, muğam oxuyanda da, gözlərini yumurdu, amma bir dəfə qarışdırmış, mərsiyəyə də «Dalay-dalay»la başlamışdı və bu onun məhərrəmçilikdə o taya son səfəri olmuşdu.



Aslan Quliyev


QÜDRƏT


Böyük və gözəl ölkədə yaşayırdıq, diktatura rejimi idi, təkpartiyalılıq idi, amma adamların firavan, xoşbəxt yaşamadıqlarını demək həqiqətə uyğun olmazdı.

Yazılarımı rayon qəzeti çap eləyirdi, ara-sıra paytaxt mətbuatından da sədası gəlirdi. Mən partiyanı tərifləmirdim, qələbələrimizi vəsf eləmirdim. Yeri gəlmişkən, biz bir qayda olaraq möhtəşəm qələbələr çalırıq, amma nə bəladısa, möhtəşəm qələbələr çaldıqca da, yaşayışımız pisləşir. Yəni qələbələrimizlə yaşayışımız mütənasibdir, nə qədər çox qələbə qazanırıqsa, bir o qədər pis yaşayırıq. Mənə qalarsa möhtəşəm məğlubiyyətlərə uğrasaydıq, amma yaxşı yaşamağa başlasaydıq, daha gözəl olardı.

Nə isə, mən ekologiya problemlərindən, kəndlərin boşalmasından, oğlanların çıxıb iri şəhərlərə getməsindən yazırdım. Partiya və partiya üzvləri də məni sevmirdilər, bunu gizlətməyi də lazım bilmirdilər. Heç mən də onları sevmirdim, amma bunu gizlətməyi lazım bilirdim.

Nəticədə işsiz qaldım. Vəziyyət indiki kimi deyildi, iki-üç ay işsiz qalmaq elə də ciddi problemlər yaratmırdı. Amma haçana qədər?

Rayon partiya komitəsinin birinci katibinin yanına getməli oldum. Onda qapıda polis dayanmırdı, köməkçilər ordusu səni süngü ilə qarşılamırdılar. Qəbul otağında katibəyə katiblə görüşmək istədiyimi dedim və beləcə birinci katiblə görüşdük. Bunca sadə.

Katib mənə qulaq asdıqca qaş-qabağını tökürdü, mən onun hansısa yazımla bağlı iradını bildirəcəyini gözləyirdim, amma o başqa şey soruşdu:

- Demək, işsizsiniz?

- Elədir, işsizəm, - təsdiq elədim.

- Bu çox pisdir, - katib dedi.

- Elədir, çox pisdir, - yenə təsdiq elədim.

- Sovet vətəndaşları işləməlidilər, - katib dedi, - biz tezliklə işsizliyin kökünü kəsəcəyik!

- Ola bilər, - mən yalnız təsdiq eləyirdim, - amma o vaxta kimi yaşayacağıma ümid eləmirəm. Bir sovet vətəndaşı kimi də dünyadan tüfeyli kimi köçmək mənə ağır gəlir.

Katib başını qaldırdı, soyuq, boz gözlərini üzümə zillədi, amma daha mənə heç nə demədi, yalnız harasa danışdı, göstəriş verdi.

Beləcə mən müəllimlər evinin direktoru oldum. Pəncərəsi bağa açılan balaca kabinetim, zəngin kitabxanam, geniş salonum və beş işçim var idi. Geniş salonda görüşlər, tədbirlər keçirirdik, sonda mənim işçilərim məharətlərini göstərirdilər, çalıb-oxuyur, gözlərini yumub başlarını əsdirir, kamanı mələdir, yanıqlı zəngulələr vururdular. Yaxşı çalırdılar, amma oxumaqları bərbad idi.

Hər tədbir ərəfəsində çek yazır, bankdan əlli manat pul götürürdüm. Beş-on manatını suya, gülə xərcləyir, qalanını isə dostlarımla yeyib içirdim. Yeyib içmək istədikmi, tədbir keçirməyəndə də, əlli manatlıq çek yazırdım. Bank işçiləri mənim çeklərimə həvəslə qol çəkirdilər, mən də daha həvəslə yeməkxanalarda əlli manatların başlarına daş salır, əvəzində isə bir ssenari yazıb kassaya qoyurdum.

Hər şey yaxşıydı, bircə əməlli-başlı bir müğənninin olmaması işləri korlayırdı. Amma müğənnini hardan tapasan?

Erkən yazda balaca kabinetimdə oturub, bağa açılan pəncərədən təzəcə çiçəkləməyə başlayan alça ağacına baxır və bu haqda düşünürdüm.

Qapı döyüldü, Bir çiynini o birisindən bir az aşağı tutmuş, qabaq dişlərindən ikisi-üçü qızıl olan, zəncilər kimi qapqara, gözlərinin sonsuz kədəri ilə adamı varından yox eləyən bir oğlan girdi içəri. Salam verdi, iş üçün gəldiyini dedi. Istədim ona deyəm, bizdə sənə iş tapılmaz. Adam, sən çiyinlərini bir bərabərdə saxlamağı öyrən, sonra iş istərsən. Amma nəyə görəsə soruşdum:

- Nə iş bacarırsan?

- Oxuyuram.

Mən ona qapını göstərib; get başqa tərəflərdə oxu, deməliydim, amma nəyə görəsə dedim:

- Eləmi?

- Elə! – oğlan qətiyyətlə dedi.

- Oxuyursan?

- Oxuyuram! – oğlan qızıl dişlərini göstərərək gülümsədi. Onun gözləri adama çılpaq, otu, yarpağı saralan payız çölünü xatırladırdı, gülümsəməyə başladımı, elə bil payız çölündə günəş doğurdu.

- Sənin oxumağın… - birdən sanki yuxudan ayıldım. – Necə dedin? Oxuyursan? Oxu!

Oğlan əlini qulağının dibiinə atıb oxumağa başladı. Bu nə səsdi? Başımda tüklərim qalxırdı. Adamın səsi su kimi çağlayırdı, bu səsdəki həsrəti, yanğını, axıcılığı kimdənsə eşitməmişdim.

Adı Qüdrət idi. Dedim, səni bu gündən işə qəbul eləyirəm. Sabah tezdən işdə olursan. Oğlanın sifəti işıqlandı.

- Toğlunu hara gətirim? – şəstlə dedi.

- Hansı toğlunu? – çaşıb qaldım

Başa düşdüm, oğlan işə qəbul olunmasının əvəzində mənə toğlu vermək istəyirdi. Toğlu mənim nəyimə lazımdı, mən özüm böyük məmuniyyətlə bu oğlana bir toğlu verərdim, təki bizdə işləməyə razı olsun. Sonrası da, qoyunlarla mənim ancaq kədərli xatirələrim bağlıydı. Vur-tut bircə dəfə, ilk kitabım çıxanda dayım mənə bir qoç bağışladı və düzünü deyim, bu məsələ ürəyimcə oldu. Kitabın çıxır və gətirib sənə qoç bağışlayırlar! Amma qohumum aparıb qoçu Masallı bazarında satmış və pulunu da elə bazardaca oğurlatdırmışdı, yəni ürəyimcə olan bu toğlu əhvalatının da mənə bir isti-soyuğu olmadı.

Oğlan əl çəkmədi.

Toğlunu sonralar bulaq başında kəsdik, kabab çəkdik.

Bu haqda sonra.

Qüdrət başladı bizdə işləməyə. Tədbirlərimizdə oxuyurdu, həm də necə oxuyurdu! Əvvəllər geniş salonu adamla doldurmaq problemimiz var idi, indisə salonda adamlara yer tapmaq problemi ilə əlləşirdik. Qonşu otaqlardan salona stullar daşıyırdıq.

Hər şey yaxşıydı. Pis olan isə Qüdrətin içməyi idi. Əlinə pul düşdümü, içməliydi. Tədbir olan gün beş işçi Qüdrəti dörd gözlə gözləyir, içməsinə imkan vermirdilər.

Tezliklə Qüdrətin şöhrəti rayona yayıldı. Məni rayon partiya komitəsinə, şöbə müdiri Mişanın yanına çağırdılar. Mişa ləqəbi idi. Bir dəfə Moskvada keçirilən hansısa tədbirdə Azərbaycandan gedən nümayəndə heyətinin tərkibində iştirak eləmişdi. Adamın çox qəliz adı var idi, düzgün tələffüz eləmək hər oğulun işi deyildi. O da qalıb ruslar ola. Deyilənə görə birbaşa Suslov özü bizim nümayəndə heyətinin sədrinə iradını bildirmişdi. «Siz normal adı olan birisini gətirə bilməzdinizmi? Bütün mərkəzi komitəni girinc eləyib. Qulaq asın, biz nəyə görə adicə bir addan ötrü bunca əziyyət çəkməliyik?» Bizim sədrimiz də diribaş adammış, deyib: «Əslində onun adı Mişadır, sadəcə, sənədə yazanda səhvən belə qəliz ad yazıblar». «Mişadısa, Mişa deyin də, - Suslov da hirslənmişdi. – Oyunbazlıq eləməyin!» O vaxtdan da adı qalmışdı Mişa.

Mişanın yuxarılarda qohumu vardı, adı gələndə rayondakı bütün idarə müdirləri əsməcəyə düşürdülər. Belə bir adamın məni çağırması ürəyimcə olmadı, aydın işdir, xeyirliyə çağırmırdı.

Getdim. Otağına girəndə stolun üstündə təzəcə çapdan çıxan, rayondakı kitab dükanında 35 qəpiyə satılan «Bahar küləkləri» adlı ilk kitabımı gördüm. Nə məsələydi, olmaya kitabda nəsə Mişanın ürəyincə olmamışdı. Amma Mişa kitabdan söz salmadı, işlərimlə maraqlandı. Tədbirlərimizdə oxuyan müğənnidən söz saldı və birdən dedi:

- Gəlib onun konsertində iştirak eləmək istəyirəm.

- Gəlin, - dedim.

- Amma…

Mən işin qurtaracağını zənn eləmişdim, amma içində əmması var imiş. «Bir. Gözlərini yummayacaq. Bilirsən, Moskvada olanda ordakı yoldaşlar məndən soruşurdular, sizin bu müğənniləriniz oxuyanda gözlərini niyə yumurlar? Mən də cavab tapa bilmirdim. Moskvadakı yoldaşların bir də mənə belə sual vermələrini istəmirəm. Kimsənin qarşımda oturub gözlərini yummasını, başını ədəbsizcəsinə əsdirməsini isə heç istəmirəm».

Düşündüm, mümkündür, deyərdim, gözlərini yummazdı. Nə qədər Mişa ordaydı gözü açıq oxuyardı, sonra isə istəyir gözlərini yumsun, heç açmasın.

- Iki. - Mişa davam elədi. – «Dalay, dalay» eşitimirəm. Üç. «Balabacı, Balabacı…» adlı bir mahnı var ha, onu heç oxumasın. Bu nə addır? Balabacı. Bu, nə məna verir? Addan naftalin iyi gəlir, əsl burjuy adı, amma bunlar utanmırlar, hələ bir mahnı da oxuyurlar. Şərtlərdən birinə əməl eləməsə, mən bunu öz bostanıma daş atılması kimi qəbul edəcəyəm.

Asan şərtlər idi, mən Mişanı əmin elədim. Otaqdan çıxmaq istəyəndə, məni saxladı.

- Mənim bostanıma daş atmağın nə demək olduğunu bilirsən?

- Bilmirəm, - etiraf elədim.

- Şərtlərdən birinə əməl olunmasa, bilərsən! – təntənə ilə dedi.

Tezliklə konsert verəcəyimizi, xüsusi ilə də şərtləri Qüdrətə çatdırdım. Konsertə çox sevindi, amma bu sözləri şərtlər haqda demək olmazdı. Sevinmədi. Gözlərini bərəldib qulaq asırdı.

- Gözlərimi yummayım?

- Yumma! – dedim.

- Mən yummuram, özləri yumulur.

- Yumulmasınla…ar!

- Dalay-dalay deməyim?

- Demə?

- Balabacını oxumayım?

- Oxuma! Nədi, sizin üçün mahnı qəhətdi? Görürsən addan naftalin iyi gəlir…- Mişanın digər dediklərini unutmuşdum.

Qüdrətin çiyinlərinin tarazlığı əməlli-başlı pozuldu, bir əli yer süpürürdü, o birisi göydə yellənirdi. Bununla belə şərtlərə əməl eləyəcəyinə söz verdi. Gözlərim yumulmayacaq, «Dalay-dalay» olmayacaq, «Balabacı» oxunmayacaq!

Otaqdan çıxmaq istəyəndə onu saxladım:

- Mişanın bostanına daş atmağın nə demək olduğunu bilirsən?

- Bilmirəm, - başını yırğaladı.

- Bu şərtlərdən birinə əməl eləməsən, biləcəksən, - təntənəsiz-filansız dedim.

Konsert günü beş işçi yenidən vəzifələrinin icrasına başladılar. Onlara hətta Qüdrətin aldığı havaya, içdiyi suya da nəzarət eləməyi tapşırmışdım.

Beləcə konsert başladı. Mişa gəlib qabaqda onunçün ayrılmış stulda əyləşdi. Musiqiçilər öz yerlərini tutdular, Qüdrət də gəlib oturanda rəngim ağardı. Bilmirəm, işçilər ona nə cür nəzarət eləmişdilər, necə olmuşdu, amma Qüdrət sərxoşdu. Sərxoşdusa, məlumdu, nə Mişa yadına düşəcəkdi, nə də onun şərtləri. Qulağına pıçıldadım: «Şərtlər yadındadı?» Başıyla təsdiqlədi, hələ bir astadan, amma qətiyyətlə dedi:

- Gözlərim yumulmayacaq, «Dalay-dalay» olmayacaq, «Balabacı» oxunmayacaq!

Azacıq da olsa qəlbimdə ümid duyğuları baş qaldırdı.

Qürbət başlayan kimi də gözlərini yumdu, bilmirəm özü yumdu, ya öz-özlərinə yumuldular, amma yumuldular. Oxumağına «Dalay-dalay»la başladı, «Balabacı» ilə son verdi. Mişa «Balabacı»ya axıra qədər qulaq asmadı, nümayişkaranə tərzdə salonu tərk elədi. Çıxarkən məni çölə çağırdı. Dəhlizdə barmağını tapança kimi sinəmə tuşladı. Səmimi deyim, mən bu barmaq tapançadansa, əsl tapançanın qabağında özümü daha rahat hiss eləyərdim.

- Gözünü yummağı, dalayı-malayı bəlkə də sizə bağışlardım, amma Balabacını heç vaxt!

Konsertdən sonra Qüdrət yanıma gəldi, kədərli gözləri ürək sıxan payız səmasını xatırladırdı. Bu səmada ağappaq buludlar ağır-ağır süzürdü.

- Işləri korladım?

- Boş şeydir! – əlimi yellədim.

Olan olmuşdu, Qüdrəti günahlandırmaqla nəsə dəyişməyəcəkdi. Həm də gözlərində payız səması həkk olunmuş birisini necə məzəmmətləyəsən?

Mişa Balabacını bizə bağışlamadı. Onun bostanına daş atmağın nə demək olduğunu bildik. Əbləh işmiş. Adımız qara siyahıya düşdü, daha bizim tədbirlərimizə gələn olmurdu, qabaqcıl sağıcıların da yığıncağında adımız tənqidə çəkilirdi. Əvvəllər əlli manatlıq çeklərimizə həvəslə qol çəkən bank işçiləri də bozarmışdılar, çekdə yüz əmma tapırdılar.

Öyrəndim ki, Balabacı Mişanın ilk sevgilisi olub. Gözəl qız olub, amma bu sözləri onun ağlı haqqında demək olmazdı. Yerində olmayan ağlı ilə Mişanın gələcəyin şöbə müdiri olacağını görməmiş, həyatının ən mühüm seçimini eləmək lazım gələndə üstünlüyü Mişaya yox, adi bir sürücüyə vermişdi. Gözəl, amma problemli ağlı olan Balabacının onu bunca təhqir eləməsini Mişa heç kimə bağışlamırdı. Bizə də bağışlamadı.

Tezliklə Qüdrət toylara getməyə başladı. Məşhurlaşdı, yaxşı pul qazanırdı. Amma ayda 80 manat alanda necə dolanırdısa, gündə 200-300 manat qazananda da elə dolanırdı. Həqiqəti demiş olarıqsa, 80 manatlıq günlərində daha yaxşı yaşayırdı.

Yayda ilk kitabıma görə mənə qoç bağışlamış dayım oğluna toy eləməyə hazırlaşanda, toya çalğıçıları gətirməyi mənim boynuma qoydu. Mən də Qüdrətlə danışdım. Qəti tapşırdım, dilinə bircə damcı içki vursan, kənddən geri qaytaracağam. Qüdrət dəstəsi ilə gəldi. Adam sözünə əməl eləmişdi. Ayıq idi, içməmişdi. Çox sevindim.

Hələ axşama var idi, Qüdrəti tut ağacının kölgəsindəki UAZ-a yatmağa göndərdik. Axşam mağara gələn Qüdrəti görəndə isə başımda tüklərim vız qalxdı. Adam ayaq üstə qala bilmirdi. Məlum işdir, oxuya bilmədi. Onu ağacların arasına apardıq, mənim əlimdən gələn iş deyil, Fikrət isə əmin eləyirdi, narahat olma, həll eləyəcəyəm.

Ümid qalmışdı Fikrətə. Mağarda isə səbirsizliklə gözləyirdilər. Dayımın yeddi oğlu cilov gəmirirdi. Dayım səbirsizləşmişdi, məni tələsdirirdi. Mən də Fikrəti:

- Nə oldu?

- Düzələcək, düzələcək!.

Fikrət əminliklə deyirdi, amma mənim əminliyim yox idi, adam su kimi hər tərəfə axırdı. Dayım oğlanlarının səbri tükənirdi. Musiqiçilər də təlaş içindəydilər.

- Bizi döyəcəklər? – gitaraçı qorxa-qorxa soruşdu.

- Təkcə sizimi? – hirslə dedim. – Sizinlə kifayətlənsəydilər nə vardı?

Ağacların arasında vurnuxan Fikrəti tələsdirirdim:

- Nə oldu?

- Düzələcək!

Ümidimi tamam itirmişdim. Lakin bir azdan Fikrətin rəngi ağarmış, yaş saçları işıldayan Qüdrətlə birlikdə gəldiyini gördüm. Fikrət yanımdan keçəndə qulağıma pıçıldadı, narahat olma, səhərə kimi də olsa, oxuyacaq.

Qüdrət də başladı oxumağa. Necə oxudusa, bayaqdan məni toyu batırmaqda, yasa döndərməkdə günahlandıran dayım, uşaqları indi də tərifləyirdilər.

Toydan sonra Qüdrət yanıma gəldi. Kədərli gözlərindən payızın bütün rəngləri boy verirdi.

- Işləri korladım?

- Hər şey yaxşıydı! – ona təsəlli verdim.

Payızın bütün rəngləri eyni anda hardansa boy verəndə içdən sökülürəm.

Qüdrətin harda içməsi ilə maraqlandım. O vaxtlar kənd toylarında araq vermirdilər, kənddə araq tapmaq da müşkül məsələydi, xüsusi ilə də kənardan gələnlər üçün. Məlum oldu ki, Qüdrət maşının arxa oturacağına uzananda görür qabaq oturacağın arxasındakı torba şişib. Torbanı açır, orda isə iki şüşə araq var imiş. Qüdrəti saxlamaqmı olardı?

Araqları isə biz alıb ora qoymuşduq, içəcəkdik, amma başımız elə qarışdı, araq yada düşmədi.

Sonra böyük və gözəl ölkə dağıldı, parçalandı, müharibələr, münaqişələr başladı. Qüdrətlə yollarımız ayrıldı.

Eşitdim ki, məhərrəmçilikdə Iranda məscidlərdə mərsiyə, qalan vaxtlarda isə bu taydakı toylarda muğam oxuyur. Mərsiyə oxuyanda da, muğam oxuyanda da, gözlərini yumurdu, amma bir dəfə qarışdırmış, mərsiyəyə də «Dalay-dalay»la başlamışdı və bu onun məhərrəmçilikdə o taya son səfəri olmuşdu.

Sonralar Qüdrətlə ad günlərində, toylarda rastlaşdıq. Bakı restoranlarında, Şirvan toylarında da onu gördüm.

ANS-də hansısa bir yarışma var, orda yarışmaçı olmaq üçün beş min manat verməlisən, bizim kəndçi cavan oğlan birinci il beş mini tapa bilmədi, yarısını düzəltdi, amma bu keçərli olmadı. Ikinci il nəhayət məbləğ tamamlandı, kəndçimiz oldu yarışmaçı. Amma səhnəyə elə ilk çıxışında Əli Mirəliyev yazığın üzərinə necə şığıdısa, bu onun son çıxışı oldu. Boş yerdə beş minə yazıq oldu. Elə özünə də yazıq oldu. Yəni təkcə pulları ağlamadı, özü də ağladı. Oğlanda hansısa fobiya yarandı, indi toylarda oxumamışdan əvvəl yarım saat ora-bura boylanır, yenə də Mirəliyevin hansısa küncdən çıxıb üstünə şığıyacağından qorxur. Onu əmin eləsələr, inandırsalar ki, Mirəliyev hardasa iki yüz- üç yüz kilometrlik ətrafda yoxdur, oxumağa başlayır. Yox, əmin olsa ki, hardasa bir-iki kilometrlikdə dolaşır, boğazına diri ilan dolasan da, mikrafonu əlinə götürməz.

Qüdrət də özünün və səsinin yorğun çağlarında gedib o yarışmaya kimi çıxdı. «Sona bülbüllər»i oxudu. Teymur Əmrah ilk dəfə belə ifa eşitdiyini dedi. Amma həmyerlilərinin onu yarış iştirakçısı eləməyə imkanları çatsa da, yarışın qalibi eləməyə imkanları çatmadı, sms-də uduzdu.

Arada Yardımlının boşalan və buludlu səmanı başının üzərində çətir kimi tutmuş əsas küçəsində də rastlaşırıq.

Dəyişib, çox dəyişib. Bircə kədərli gözləri və bu gözlərdəki qəlb sıxan payız səması həməndir.

Mən də çox dəyişmişəm. Amma Qüdrət erkən yazda o balaca otağıma girdiyi ilk gündə qəlbimdə baş qaldıran arzu elə həməndir. Bircə gözlərdəki qüssəni, payız səmasını silə bilsəydim…

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG