Keçid linkləri

2024, 17 May, Cümə, Bakı vaxtı 21:49

«Novruz bayramını yaxşı keçirəcəyik. Axı kişinin də adı Bayramdır»


Novruz süfrənizdə nə var, nə yox?
Gözlə

No media source currently available

0:00 0:04:40 0:00

Novruz süfrənizdə nə var, nə yox?

-
Onlar – Xədicə və Bayram Əlizadələr köhnə məhəllənin sakinlərdir. Özləri demiş, «yuxarı məhəllədə» yaşayırlar. Qadının 65, kişinin 70 yaşı var.

Xədicə Əlizadə düyü və yağ almışdı. Ərzaq torbası elə də ağır deyildi. Ancaq yuxarı məhəlləyə çıxdığından qadın tövşüyürdü. Deyir ki, «bəlkə də bu şəhərdə ən az gəlirlə dolanan bizik, ancaq bayrama hazırlaşmalıyıq».

«BAYRAM BAYRAM ŞİRNİYYATINI ÇOX SEVİR»

Xədicə Əlizadə deyir ki, həyat yoldaşı ilə özünün təqaüdü birlikdə 200 manatdır. Ona görə ciblərinə uyğun bayram keçirəcəklər. Artıq şirniyyat hazırlayıb:

«Bayram üçün ürəyim istəyən şeylərin çoxusunu ala bilmədim. Ona görə ki, çox bahalıqdır. Bu şəkərburaya, paxlavaya, bir az da başqa biş-düşə 60 manat xərcimiz çıxıb. Bunları mütləq hazırlamalıyam. Çünki Bayram bayram şirniyyatını çox sevir».

Qadın danışır ki, qızı və oğlu ailə qurublar. Başqa ölkədə yaşadıqlarından illərlə onlarla görüşmürlər:

«Heç biz də onları narahat etmək istəmirik. Öz həyatlarını yaşamalıdırlar».

Xədicə Əlizadə deyir ki, əsl evdardır. Neçə aydır, təqaüdlərindən 3 manat, 5 manat kənara qoyub. Şəkərburasını, paxlavasını bişirib. Buğda alıb iki səməni göyərdib. Evini səliqə-sahmana salıb. İki kiçik otağını başdan-ayağa təmizləyib:

«Hər şey yaxşıdır. Kişi ilə yaxşı yola gedirik. Korluğumuz puldandır. Başqa vaxt da ailəmizin gəlirinin çoxusu yeməyə gedir. Ancaq bu elə bayramdır ki, ilboyu onu gözləyirik. Milli bayramımızdır. Necə olursa olsun, buna hazırlaşmalıyıq».

Xədicə Əlizadə deyir ki, keçmişdə olduğu kimi südlü plov bişirəcək:

«Kişi də balıq, bir az quru meyvə alacaq. Ətli, şabalıdlı plov bizə görə deyil. Özümüzə uyğun südlü aş bişirəcəyəm. Elə ən çox da bu yeməyi sevirik».

«ONA TONQAL QALAYACAĞAM»

Bayram Əlizadə isə deyir ki, danışmaqla arası yoxdur: «Qoy arvad danışsın, ürəyini boşaltsın».

- Çətinlikdir. Ancaq hər şey yeməklə deyil ki. Arvad üçün tonqal qalayacağam».

Bankomat
Bankomat
Həyat yoldaşı:

- Sən də a kişi, mən tonqaldan tullananam?

Bayram Əlizadə:

- Bir də pensiyanı tez versələr, yaxşı olar.

Xədicə Əlizadə deyir ki, pulları az olsa da? bayramı yaxşı keçirəcəklər:

«Axı kişinin adı da Bayramdır».
Mən bu cütlüyün şəklini çəkmək istədim. Razı olmadılar. Dedilər ki, birdən uşaqları görər.

«İstəmirik ki, onlar narahat olsunlar».

Güzəran Sosial Araşdırmalar Mərkəzi hesablayıb ki, 3-4 nəfərlik ailə Novruz bayramını keçirmək üçün azı 250 manat xərcləməlidir.

Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov keçən ay demişdi ki, Novruz bayramına qədər bütün təqaüdçülərin pensiyaları ödənəcək.
XS
SM
MD
LG