Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 07:48

Siyasi rəqiblərin bayramlaşma problemi


Arxiv foto
Arxiv foto
-

Novruzda bir-birini təbrik etmək adətdəndir. Tanımadığın, xasiyyətinə, dünya baxışına bələd olmadığın birinə də bayram arzularını çatdırırsan. Ancaq hərdən də durum fərqli olur. İllərdir tanıdığın, bildiyin adama bir təbriki çox görürsən. Eynən Azərbaycandakı siyasi rəqiblər kimi.

«BİZ ƏVVƏLLƏR BÜTÜN PARTİYALARI TƏBRİK EDİRDİK»

Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Azərbaycanda siyasi partiyaların bayramlaşma ənənəsinin olmadığını deyir. O, bunu siyasi mədəniyyətin yetişməməsi ilə bağlayır və əsas günahı da hakimiyyətdə görür:

Sərdar Cəlaloğlu
Sərdar Cəlaloğlu
«Bunun da açığı böyük günahı hakimiyyətin üstündədir. Hakimiyyətin daha çox şansı və imkanı var ki, bu mədəniyyəti formalaşdırsın. Amma Demokrat Partiyası da belə bir nümunə göstərə bilər. Biz əvvəllər bütün partiyaları, beynəlxalq təşkilatları təbrik edirdik. İndi bu işi İqbal bəy (Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə – Ş.B.) görür. Açığı, biz son iki ildə bu ənənəni dayandırdıq. Səbəb də budur ki, biz təbrik yollayırdıq, ancaq cavab vermirdilər. Əslində, bu da yanlışdır ki, qarşındakının təsiri altında öz yolundan dönürsən».

Sərdar Cəlaloğlu siyasilər arasında bayramlaşma olmamasını Azərbaycan hakimiyyətinin apardığı repressiya siyasəti nəticəsində aqressivləşmənin artması ilə də izah edir.

YAP XALQI TƏBRİK EDİR

Bəs iqtidar partiyası bayramlaşma ənənəsinin formalaşmasına necə baxır? Milli Məclisin vitse-spikeri, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Bahar Muradova deyir ki, belə bir ənənənin olmaması yaxşı deyil. Ancaq o, belə davranışları hakim partiyanın təmsilçisi kimi daha çox müxalifətdən gözləyir.

- Belə təbriklərin bizə müxtəlif təşkilatlardan gəlməsinin şahidi olmuşam. Eləcə də biz özümüz müxtəlif təşkilatlara təbrik göndərmişik. Hər dəfə hər bir partiyanın, siyasi qurumun xalqa yönəlmiş təbriki olur, biz də bunu etmişik. Bizim partiyanın sədri ölkə prezidentidir və bütün bayramlarda hamını təbrik edir. Təbii ki, bizə də YAP kimi təbriklər gəlir, ancaq biz bir-bir onu incələmirik ki, kimdən gəlib.

Bahar Muradova
Bahar Muradova
Bahar Muradova Demokrat Partiyasının təbrikinin cavabsız qalmasına da münasibət bildirir. O, «Bu cür təbriklər ardıcıl olacaqsa, yəqin ki, cavab veriləcək. Yeni Azərbaycan Partiyası heç zaman heç kimin təbrikini cavabsız qoymur» deyir.

- Amma YAP müxalifət partiyalarına təbrik göndərmir?

- Biz mətbuatımız vasitəsilə xalqa təbrik ünvanlayırıq. Ayrı-ayrılıqda partiyalara təbrik olmayıb. Çünki biz iqtidar partiyasıyıq, bütövlükdə xalqa, bütün dünya azərbaycanlılarına təbrik ünvanlayırıq.

Müsavat Partiyasının başqanı İsa Qəmbər də bənzər düşüncəni bölüşür. O, rəqib və ya müttəfiq partiyalara ayrıca təbrik yollamağa gərək duymur:

«Hər birimiz bütövlükdə millətimizi, xalqımızı təbrik edirik. Bu təbrik dosta da, rəqibə də, tanıdığımız, tanımadığımız bütün insanlara aid olur. Mən hər il Novruzda bütün xalqımızı təbrik edirəm. Ona görə burda problem görmürəm».

SƏRDAR CƏLALOĞLU: «İNDİKİ DURĞUNLUQ QALACAQSA...»

Bakıda Novruz bayramı qeyd olunur
Bakıda Novruz bayramı qeyd olunur
Bəs ümumi təbriklərə üstünlük verən siyasətçilərin başlıca bayram mesajları nədir? Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyir ki, Novruz yeniləşmə, inkişaf deməkdir. Ona görə xalqın bu bayramda özünü yeniləşdirməsini istəyir:

«Həm dövlət və milli maraqlar baxımından, həm öz şəxsi taleyinə yanaşma baxımından. İndiki durğunluq qalacaqsa, xalqı da, dövləti də böyük təhlükələr gözləyir. Hər bir lider, partiya yeniləşərsə, cəmiyyət yeniləşərsə, yeni ideyaları mənimsəyə bilərsə, bu da sosial bir Novruz olar bizim üçün».

BAHAR MURADOVA: «YƏQİN BU İL DƏ BELƏ OLACAQ»

Bahar Muradovanın arzulayır ki, Azərbaycanda həm ictimai-siyasi durum, həm insanların ovqatı, həm də maddi imkanları bu bayramı yüksək keçirməyə imkan versin. Dərhal da əlavə edir: «İnanıram ki, elə belədir».

Bahar Muradova Prezident Administrasiyasında ictimai-siyasi şöbənin müdiri Əli Həsənovun bu il müxalifətlə dialoqa başlayacaqları haqda söylədiklərinə də toxunur: «Fərqli siyasi mövqelərimizə baxmadan, mən hər zaman ümummilli məsələdə ziddiyyət yaranmadığını, çıxış yolu tapıldığını görmüşəm. Yəqin bu il də belə olacaq».

İSA QƏMBƏR: «BAYRAMI ÇƏTİNLƏŞDİRƏN, RAHATLIQLA KEÇİRİLMƏSİNİ ƏNGƏLLƏYƏN SƏBƏBLƏR VAR»

İsa Qəmbər
İsa Qəmbər
Müsavat Partiyası başqanı İsa Qəmbər Novruz günlərinin gərginliyinə diqqət çəkir:

«Əvvəla ölkədə sosial-iqtisadi vəziyyət o qədər bərbaddır ki, insanlar bayram gələndə Molla Pənah Vaqifin məşhur şeirini xatırlamalı olurlar. O biri yandan bayram günlərində bir çox ailələrin yaxınları, övladları haqsız həbsdədirlər. Məsələn, bu günlərdə yalan ittihama görə 9 il cəza alan Əvəz Zeynallı var, heç bir şey üstündə həbs olunan Tofiq Yaqublu, İlqar Məmmədov var. Tamam saxta ittihamlarla həyatlarını sındırmaq istədikləri gənclər - NİDA Vətəndaş Hərəkatının üzvləri var. Bayramı çətinləşdirən, könül xoşluğu, rahatlıqla keçirilməsini əngəlləyən səbəblər var».

İsa Qəmbər həmin səbəblərin aradan qalxmasını, cəmiyyətin hüquqları uğrunda mübarizə aparmasını istəyir. O bu il ölkədə demokratik dəyişikliklərin təməlinin bu il qoyulacağına ümid etdiyini də söyləyir.
XS
SM
MD
LG