Keçid linkləri

2024, 27 Oktyabr, bazar, Bakı vaxtı 20:19

Deputatlar ABŞ-dan xarici təzyiqlərə qarşı dayanmaqda Bakıya dəstək istəyirlər


Foto: Arxiv
Foto: Arxiv
-
Vaşinqtonda səfərdə olan Yeni Azərbaycan Partiyasının təmsilçiləri ABŞ-ın bölgəyə diqqətinin azalmasından narahat olduqlarını deyib, regiona kənardan mümkün təhlükələr haqqında xəbərdarlıq ediblər.

Martın 14-də Vaşinqtonda Mərkəzi Asiya və Qafqaz İnstitutunda Azərbaycan parlamentinin bir qrup üzvü və siyasi partiyaların təmsilçiləri ilə müzakirələr keçirilib.

Tədbirdə hakim Yeni Azərbaycan Partiyasından deputatlar Sevinc Fətullayeva, Səməd Seyidov, Sahibə Qafarova və Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə iştirak edib.

ŞİMALDAN VƏ CƏNUBDAN TƏHLÜKƏLƏR...

Səməd Seyidov deyib ki, hazırda ABŞ-ın regiona marağının azaldığını görürlər:

«Bu isə çox təhlükəlidir. Çünki bu gün biz müxtəlif təhlükələrlə üzləşirik. Bu təhlükələr həm Şimaldan, həm də Cənubdan gəlir.

Bəzən ABŞ və Avropa ölkələri yaymaq istədikləri dəyərlərin girovuna çevrilirlər. Bəzi qüvvələr və ölkələr də bundan ağıllı şəkildə yararlanıb bizə qarşı istifadə edirlər.

Bizim qonşu ölkələrdən böyük bosslar gəlib bizə bütün neft və qazımızı baha qiymətə onlara satmağı təklif edirdilər. Biz «yox» dedik. Çünki ölkəmizi, gələcəyimizi və regionda sabitliyi düşünürüksə, Qərblə daha çox əməkdaşlıq etməliyik. Məhz buna görə biz bu gün ciddi tənqid altındayıq».

HƏR ŞEYİMİZ VAR, MƏNƏVİ DƏSTƏK VERİN

«Bizim Avropa ilə kommunikasiyalarımızda yenilik də budur: 10 il əvvəl Avropadan kömək istəyirdik. Lakin bu gün biz pul, kəmər, marşrut üçün müraciət etmirik. Hər şeyimiz var. Biz sizə mənəvi və siyasi dəstək üçün müraciət edirik», – deyə deputat bildirib.

Səməd Seyidov
Səməd Seyidov
Səməd Seyidov həmçinin bildirib ki, insan haqları Azərbaycanı qaralamaq üçün istifadə olunan vasitəyə çevrilib. Onun fikrincə, bu sahədə problemlər qəsdən şişirdilir ki, Azərbaycanın Qərb və xüsusilə də ABŞ-la münasibətlərinə kölgə salsınlar.

BRİTANİYA DƏYƏNƏYİ İLƏ AZƏRBAYCAN DƏYƏNƏYİNİN FƏRQİ NƏDİR?

Azərbaycanda etirazlarla barədə suala cavabında Səməd Seyidov deyib:

«Mən Böyük Britaniyanın dəyənəyi ilə Azərbaycanın dəyənəyi arasında fərqi anlaya bilmirəm. Mən London, Paris, Afina və başqa şəhərlərdə polisin avropalı üçün qəbulolunmaz davranış sayılacaq hərəkətlərini də görürəm.

Amma eyni vəziyyət Azərbaycanda olanda və merin icazə vermədiyi mitinqin qarşısı alınanda, dərhal Azərbaycanda insan haqları pozulur kimi bəyanatlar verilir. Bu, ikili standartlardır».

RUSİYADAN TƏXRİBATLAR...

Müzakirədə Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə bildirib ki, SSRİ-nin bərpasına qarşı mübarizə aparan müstəqil ölkələrə ABŞ-ın dəstəyinə ehtiyac var. O, Rusiyanı Azərbaycanda vəziyyəti gərginləşdirmək üçün müxtəlif təxribatlara əl atmaqda ittiham edib, bunun üçün «yeni texnologiyalar»dan istifadə etdiyini bildirib:

«Azərbaycanda demokratiya qurmaq üçün yeni elita, yeni menecerlər lazımdır. Demokratiya, ciddi siyasi islahatlar olmadan bizim region yenə problemlərlə üzləşə bilər».

BAKININ «HYDE PARK»I OLSUN

Asim Mollazadə
Asim Mollazadə
Etiraz aksiyalarının zorakılıqla dağıdılmasına toxunan Asim Mollazadə Bakıda aksiyalar üçün xüsusi yerin ayrılmasını, ifadə azadlığının da bu yolla təmin olunmasını təklif edib:

«Nə üçün Azərbaycanda mitinqlər üçün xüsusi ayrılmış yer – «Hyde Park» kimi məkan olmasın ki, istənilən qrup toplaşıb öz fikrini orada ifadə etsin. Hətta Rusiyada «Hyde Park» var. Çünki küçəyə gedib etiraz etmək istəyənlərin sayı çox deyil, 200-300 nəfər olar. Park verin, qoy, onlar orada bütün günü danışsınlar.

İfadə və sərbəst toplaşmaq azadlığı olduqca mühümdür. Məncə, bu sahədə hələ biz işləməliyik. Bakının meri xüsusi zona, yer ayırmalı, sərbəst toplaşmaq üçün Bakının «Hyde Park»ını yaratmalıdır. Vəziyyəti dəyişməliyik».

Deputat Sevinc Fətullayeva da çıxışında Azərbaycanda insan haqlarının, media azadlıqlarının pozulması barədə tənqidlərin əsassız olduğunu deyib:

«Azərbaycanda jurnalistlərin hüquqlarının və mətbuat azadlıqlarının pozulmasından danışmaq yersizdir. Azərbaycan regionda internetə ən şəffaf çıxışı olan dövlətdir. Biz bununla fəxr edirik. Biz ölkədə insan haqlarını tam təmin edirik».

Tədbirə Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov da qatılıb.
XS
SM
MD
LG