Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:21

Polis Novxanıda Friedrich Naumann-ı axtarır


Ramiz Mehdiyev
Ramiz Mehdiyev
-
Son günlər Bakıda bir neçə Qərb təşkilatının adı qalmaqallı xəbərlərdə çəkilir. ABŞ-ın Milli Demokratiya İnstitutu (MDİ) «Facebook inqilabı» layihəsinə pul ayırmaqda suçlanır. ATƏT-in Bakı ofisində status müzakirəsi barədə yayılan xəbərlər də prezident seçkisi ilində bu qurumun monitorinq fəaliyyətinin əngəllənə biləcəyi sarıdan narahatlıq yaradıb.

Bakıdakı 10 mart – «Əsgər ölümlərinə yox» aksiyasından sonra yerli mediada belə bir iddia irəli sürüldü ki, ABŞ-ın Milli Demokratiya İnstitutu «Facebook» vasitəsilə inqilab layihəsinə 2 milyon dollar xərcləyib. ABŞ səfirliyi və MDİ-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Alex Grigorievs bu xəbərləri yalanlasa da, yüksək rütbəli məmurlar hələ də araşdırılma aparıldığını söyləyirlər. Bir misal: Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev martın 14-də «AzərTac»a müsahibəsində deyir:

«...Orada göstərilən faktlar təsdiq olunsa, biz bu qurumla əməkdaşlığımızı dayandırmalı olacağıq. Üstəlik, MDİ-nin nümayəndəsi martın 10-da «Fəvvarələr» meydanında keçirilməsinə cəhd olunmuş qeyri-qanuni aksiyada iştirakını etiraf etmişdir. Görünür ki, MDİ-nin Bakı nümayəndəliyi və onun əməkdaşları haqqında yayılan məlumatlar ciddi yoxlanılmalıdır».


«GÜNAHKAR KİMDİR? QƏRB»

«FAR Center» İqtisadi və Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Hikmət Hacızadənin fikrincə, hakimiyyət gənclərin son coşqunluğunun səbəbini beynəlxalq qurumlarda görür. O, həmin qurumlara qarşı kampaniyanı hakimiyyətdəki anti-Qərb qüvvələrinin fəallaşmasına bağlayır:

«Nə baş verdisə, günahkar kimdir? Qərb! Guya ölkədə hər şey yaxşıdır, kənardan qızışdırırlar. Belə deyil, axı. Öz günahlarını, səriştəsizliklərini, ədalətsizliklərini görmürlər, – ya burda Qərb işləyir, ya vəhhabilər işləyir, ya da kimsə. Deputat yerlərini satırsınızsa, gənclər coşmasın? Əsgərlər ölürsə, gənclər etiraz etməsin?».

Ərəstun Oruclu
Ərəstun Oruclu
Politoloq anti-Qərb taktikasını sovetdənqalma ənənə adlandırır. O, sovetlər dönəmində də etirazçı vətəndaşların «casus» adlandırıldıqlarını yada salır.

RUSİYADAN YÖNƏLDİLƏN KAMPANİYA

«Şərq-Qərb» Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu da son günlər baş verənləri «anti-Qərb kampaniyası» adlandırır. O da Qərb qurum və təmsilçilərinin hədəfə alındığını deyir. Politoloqun fikrincə, hər şey martın 9-da ATƏT-in Novxanıdakı tədbirinə polis müdaxiləsindən başlayıb:

«Maraqlıdır ki, həmin tədbirə müdaxilə edən polis rəsmilərindən biri orada Friedrich Naumann adlı şəxsi axtarıb. Bu göstərir ki, həmin şəxsə, yanlış olaraq, qeyri-peşəkarlıq üzündən deyilib ki, orada Friedrich Naumann-ın təmsilçisi də var». (Ərəstun Oruclu 1996-2011 illərdə Almaniyanın Azadlıq Naminə Fridrix Nauman Fondunun Azərbaycan üzrə nümayəndəsi olub).

Ərəstun Oruclu kampaniya sifarişinin Rusiyadan gəldiyini deyir, çünki kampaniyanın miqyası onu yalnız yüksək rütbəli rəsminin başlatdığını deməyə əsas verir. Ölkədə İran və ya Türkiyənin çıxarlarını qoruyan başqa bir yüksəkçinli məmur yoxdursa, yerdə Rusiya qalır:

«Məqsəd də indiki, Azərbaycan-Rusiya münasibətlərinin gərgin olduğu, Qərb dövlətlərinin Azərbaycanla maksimum ehtiyatla davrandığı dövrdə Azərbaycanın Qərblə münasibətlərini pozub, onlara xələl gətirib ölkəni təkləmək istəyidir».

Lamberto Zannier
Lamberto Zannier
Müşahidəçilər son bir ildə Azərbaycan və Rusiya prezidentlərinin görüşməməsini iki ölkə arasında gərginliyə bağlayır. Gərginliyə səbəblər sırasında Qəbələ RLS-in bağlanmasını, Rusiyada «Milyarderlər İttifaqı»nın məhz Kremlin dəstəyi ilə yaradılmasını sadalayırlar.

ATƏT-LƏ BAĞLI NƏ BAŞ VERİR?

Son günlər mediada ATƏT rəsmiləri ilə qurumun Bakı ofisinin statusunun müzakirə olunması, Bakı ofisində yoxlamalar aparılması barədə xəbərlər yer alıb. ATƏT-in Bakıda səfərdə olan baş katibi Lamberto Zannier isə heç bir yoxlamanın aparılmadığını bildirib:

«Mən irəliyə addımları müzakirə etmək üçün burdayam. Azərbaycanlı dostlarımızla, nazirlə görüşdə əməkdaşlığın yaxşı bir mərhələsi barədə razılığa gəldik. Müzakirə əməkdaşlığın yeni səviyyəyə keçməsi, burada uzunmüddətli fəaliyyətimiz barədə gedir. Bu, nə etdiyimizin təftişi deyil, növbəti görməli olduğumuz işlərin müzakirəsidir».

Adətən, Azərbaycanda seçkilərə dair ATƏT-in hesabatlarında seçki pozuntuları sadalansa da, müstəqil və müxalifət dairələri həmin qurumu hakimiyyətə «yumşaq» münasibətdə suçlayır, onu fəaliyyətsizlikdə qınayırlar. Ancaq politoloq Ərəstun Oruclu düşünür ki, son kampaniya ATƏT-i də hədəfə alıb və səbəb – bu mandatlı qurumun istənilən vaxt fəallaşa biləcəyi sarıdan olan qorxudur. Görünür, kimlərsə bunu nəzərə alaraq profilaktik tədbir görmək istəyirlər.
Hikmət Hacızadə
Hikmət Hacızadə

«GÖRÜNÜR, VƏZİYYƏTLƏRİ «YAŞ»DIR»

Politoloq Hikmət Hacızadə isə anti-Qərb qüvvələrin yenidən fəallaşmasını ötən il yayılmış video qalmaqalına bağlayır:

«Yəqin, vəziyyətləri «yaş»dır. Yəqin, bu korrupsiya qalmaqalı ilə bağlı gərginlik keçirirlər, emosional vəziyyətdədirlər. Yaxşı, kimsə rüşvət əməlini telefonla çəkib və onu internetə qoyub, «Facebook»da yayıb. Telefon da, internet də, «Facebook» da Amerikanındır. İndi bu rüşvət aktında Amerika günahkardır? Yəqin, ona küsüblər – niyə sizin telefonla, sizin «Facebook», internet bizim günahlarımızı yayır?».

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin adı ötən il yayılmış, deputat mandatı üçün bir milyon dollar tələb olunan korrupsiya videosunda çəkilirdi. Həmin video ilə əlaqədar keçmiş deputat Gülər Əhmədova hazırda həbsdədir.

Ramiz Mehdiyev «AzərTac»a müsahibəsində prezident seçkilərinin nəticəsini görməyin çətin olmadığını, seçicilərin böyük əksəriyyətinin öz səslərini prezident İlham Əliyevə verəcəklərini də bildirib. O, eyni zamanda ATƏT, Avropa Şurası kimi beynəlxalq qurumlarla əməkdaşlığı sürdürəcəklərini vurğulayıb.
XS
SM
MD
LG