Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:00

Fərhad Cəfərov: «Gənc kadrların universitetdə işləməyə həvəsi yoxdur»


Fərhad Cəfərov
Fərhad Cəfərov
-
Şəfanə İbrahimova

Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin tədris işləri üzrə prorektor- texnika elmlər namizədi, dosent Fərhad Cəfərov Azadlıq FM-də sosial şəbəkələrdə təşkil edilən, fevralın 27-si tələbələri dərsə getməməyə çağıran virtual aksiyaya münasibət bildirib.

O, ali təhsilin problemləri barədə sualları da cavablandırıb.

- Tələbələrin sosial şəbəkələrdə etirazı, dərsə getməməyə çağırılması sizin universitet rəhbərliyində narahatlıq doğurubmu?

- Düşünmürəm ki, bu cür siyasiləşmə yaxşı metoddur. Tələbənin işi dərs oxumaq, dərsə gəlməkdir. İnanmıram ki, bu çağırış tələbələr arasında dəstək tapacaq.

- Tələbələrin təhsillə bağlı tələbləri var...

- Bu təkliflərin əksəriyyəti həll olunmalı təkliflərdir. Keyfiyyətli təhsil məsələsi bizim də istəyimizdir. Bizim universitetdə rüşvət problemi artıq aradan qalxıb. İmtahanların əksər hissəsi test üsulu ilə həyata keçirilir. Tələbələr düzgün cavabları kompyuterlə qeyd edirlər. Onların imtahan vaxtı müəllimlə əlaqələri olmur. Razıyam ki, təhsilin keyfiyyətini artırmaq lazımdır. Biz bunun üçün də çalışırıq.

- Dövlət sifarişli qəbul yerlərinin sayı nə qədərdir sizin universitetdə?

- Bizdə dövlət sifarişi son 5-6 ildə təxminən 50-60 faiz arasında olur. Ancaq təəssüf ki, qəbul zamanı tələbələrin yalnız 40-45 faizi dövlət sifarişli yerlərə qəbul olur. Çünki texniki ali məktəblərə qəbul zamanı tələbə 250 balı keçməlidir ki, dövlət sifarişli yerlərə düşə bilsin. Dövlət sifarişinə ayrılan məbləğ də azdır. Texniki ali məktəblərə ayrılan məbləğ təxminən 1620 manatdır. Müqayisə üçün deyim ki, Rusiyada bu məbləğ hardasa 120000 rubl, hardasa 4000 dollardır. Ödənişli təhsil alan tələbələrin təhsil haqları da artırılmamalıdır. Bizim universitetdə bu 1200 manatdır. Digər ali məktəblərə nisbətən normal hesab etmək olar. Təhsil haqları 3500 manatdan artıq olan ali məktəblər var. Təbii ki, tələbələr üçün ağırdır bu məbləğ.

- Gənc kadrlar universitetlərə cəlb edilirmi?

- Gənc kadrların universitetdə işləməyə həvəsi yoxdur. Biz Avropada təhsil almış 3-4 nəfər cəlb etmişik. Ancaq məvacib onlara imkan vermir işləməyə. 250-300 manatla gənclərin universitetə cəlb edilməsi çox çətindir.

- Tələbələrin təklifləri arasında universitet daxili mərkəzlər yaradılması da var. Bəs sizin universitetdə təcrübə üçün məkan varmı?

- Bizdə əsasən, inşaat ixtisaslardır. Tələbələri texnoloji və istehsalat təcrübələrinə göndəririk. Müxtəlif müəssisələrlə, şirkətlərlə müqavilə bağlayırıq. Onlar məmnuniyyətlə, bizim tələbələri qəbul edir.

- Məzunların işlə təmin olunma faizi nə qədərdir?

- Biz məzunlarımızı müxtəlif şirkətlərə göndəririk. Ancaq təxminən bu rəqəm 20-30 faiz arasındadır. Tutaq ki, 1500 nəfər tələbə məzun olursa, onların 300-400 nəfəri universitedə bağlanmış müqavilələr əsasında işlə təmin olunurlar. Müxtəlif şirkətlər tələbələr arasında müsahibə keçirərək onları işə qəbul edirlər.

- Fevralın 27-si dərsə gəlməyən tələbələrə cəza tətbiq ediləcəkmi?

- Qətiyyən belə tədbir olmayacaq. Tələbənin 30 faiz dərs buraxmaq hüququ var. Ancaq inanmıram ki, tələbələr evdə oturacaq.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG