Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:18

Ramiz Əzizbəyli və Cahangir Novruzov "Bu şəhərdə"ni tənqid etdilər" (Debat)


soldan sağa: Proqramın aparıcısı Şahnaz Bəylərqızı, Müşfiq Abbasov və Sevda Babayeva
soldan sağa: Proqramın aparıcısı Şahnaz Bəylərqızı, Müşfiq Abbasov və Sevda Babayeva
-

"Bu şəhərdə"nin prodüseri Müşfiq Abbasov: "Əcəb edirik"

Teatrşünas Sevda Babayeva: "Mən nazirliyi qınayıram ki..."



“Müasir Azərbaycan yumoru: duzlu, yoxsa şit?”

“Pen klub”da bu dəfə belə bir suala cavab axtardıq. Aktyorlar Ramiz Əzizbəyli, Cahangir Novruzov, “Bu şəhərdə”nin rəhbəri, ssenaristi Müşfiq Abbasov və teatrşünas, tənqidçi Sevda Babayevanın iştirakı ilə.

“BİZDƏ NƏ CEM YILMAZ VAR, NƏ JVANETSKİ...”

Şahnaz Bəylərqızı:

- Bu gün Azərbaycanda tamaşaçını güldürəcək keyfiyyətli mətnlər varmı?

Sevda Babayeva:

- Bizdə intellektual gülüş əskikliyi var. Düzdür, “Bu şəhərdə” çox qınaqlara məruz qaldı. Tamaşaçı səhnədə öz evindən birini, tanıdığı birini görürsə, bu, müsbət haldır. Amma bu gün “Bu şəhərdə”yə alternativ və ya ondan daha yaxşısını təqdim edən varmı? Mən deyərdim ki, yoxdur. İntellektual gülüş məsələsinə gəlirəm, bu həm dünya görüşünə bağlıdır, həm də savada. Təəssüf edirəm ki, bu gün bizdə nə Cem Yılmaz var, nə Jvanetski, nə də Zadornov var.

MÜŞFİQ ABBASOV: “İNSANLARIN ZÖVQÜNÜ OXŞAYAN BİZİK”

Müşfiq Abbasov:

- Adi həyatda hamımız zarafat edirik. Bəzən elə özümüz də deyirik ki, bəsdir şitlik etdik. Yəni şit zarafat da var, intellektual zarafat da. Eləcə də səhnədə, hər birinin öz yeri var, öz tamaşaçısı var.

Ş.B:

- Amma səhnəyə sanballı gülüş çıxmamalıdırmı?

M.A:

Müşfiq Abbasov
Müşfiq Abbasov
- Onu tamaşaçı həll edir artıq. Götürək “Bu şəhərdə”ni. Bu gün Azərbaycanda hamıdan artıq konsert verən bizik. Buna tələbat var, tamaşaçı gəlir. Mənim xoşuma gəlməyən ifadə “tamaşaçı səviyyəsinə düşmək”dir. O çox böyük səhvdir, belə çıxır ki, tamaşaçı səviyyəsizdir, biz səviyyəliyik. Və biz də onların səviyyəsinə düşürük, səviyyəsiz oluruq. Mən deyərdim ki, insanların zövqünü oxşayan bizik. Bu yaxşıdır, ya pisdir. Bu, artıq ayrı sualdır.

“BİZİ ANCAQ TAMAŞAÇI DƏYİŞƏ BİLƏR”

Şahnaz B:

- Müşfiq bəy, həmişə vurğulayırsız ki, tamaşaçı nə istəyir, onu vermək lazımdır. Amma tamaşaçı həmişəmi haqlıdır? Bilmirəm, müqayisə nə qədər uğurludur. Amma Axundov, Sabir bu xalqı tənqid edəndə, qüsurlarına güləndə oxucusunun, tamaşaçısının istədiyini vermirdi. Ondan yüksəkdə dururdu...

M.A:

- Bayaq Sevda xanım Jvanetskidən, Zadornovdan danışdı. Rusiyada da yumorla bağlı müxtəlif sistemlər var. Eləsi var klubda çıxış edir, eləsi var efirdə. Hərəsinin öz tamaşaçısı var.

Ş.B:

- Belə başa düşdüm ki, dəyişmək niyyətiniz yoxdur.

M.A:

Ramiz Əzizbəyli
Ramiz Əzizbəyli
- Hesab edirəm ki, bizi tamaşaçı dəyişə bilər. Biz görsək ki, gələn konsertdə cəmi iki günə bilet satılıb, 10 günə yox, onda nəyisə səhv etdiyimizi başa düşəcəyik və dəyişəcəyik.

RAMİZ ƏZİZBƏYLİ: “TƏƏSSÜFLƏR OLSUN Kİ, HƏRDƏN UCUZ YUMORA GEDİRLƏR”

Ramiz Əzizbəyli:

- Müşfiq yumorun incə damarını tutmaq istedadına malikdir. Ancaq təəssüflər olsun ki, hərdən ucuz yumora gedirlər... Kəskin surətdə ayırmaq olmaz ki, bu tamaşaçı çox ağıllıdır, diqqətlidir və ya çox axmaqdır. Heç kim axmaq deyil. Mənim öz xalqımdır ki, dünyanın ən zərif, incə, heç kimi təhqir etməyən, mənəviyyatına toxunmayan yumoru da sevir, satiranı da, sarkazmı da sevir, hərdən şit zarafatı da. Bizim elə tamaşaçımız var ki, ona barmaq göstər gülsün. İndi deyəsən ki, ona gülüşü yasaq eləmək lazımdır, onun dərdini unutduran mənalı gülüşü çatdırmayaq, çünki aşağı dərəcəli tamaşaçıdır? Elə deyil. O da tamaşaçıdır. Bu mənada bizim ağıllı yazarlarımız da, səhnə xadimləri də səhnəyə çıxırlar ki, demək istədiyi ən qapalı fikrə, yüksək intellektual fikrə tamaşaçı gülsün... Bu gün tamaşaçımız məsəl üçün Depardyenin də görüşünə gedir, mənim də. Necə demək olar ki, o məndən qat-qat üstündür və ya mən ondan aşağıyam? İnsanlar ümumiyyətlə acdırlar. Onlar gülüş, yumor acıdırlar. Saysız-hesabsız problemləri bu yolla – gülməklə dəf etmək istəyirlər. Cəlil Məmmədquluzadə gülüşü başqadır, Axundov gülüşü başqadır, Sabir gülüşü başqadır. Ramiz Əzizbəylinin çəkdiyi “Bəxt üzüyü” tamam başqadır. Uzun sözün qısası, tamaşaçı ən adi reprizadan, iki sözdən ibarət atmacadan da nəticə çıxarmalıdır.

CAHANGİR NOVRUZOV: “BİZ HƏR ZAMAN MÜXALİFƏTƏ EHTİYAC DUYMUŞUQ”

Cahangir Novruzov:

- Səhnə aynaya bənzəyir, ayna müxalifdir. Biz hər zaman müxalifətə ehtiyac duymuşuq. Teatr da xalqın aynasıdır. Aynanın şüşəsi, arxasına çəkilən gümüşün keyfiyyəti aşağı olduğu zaman əyri olur. Bizə özümüzü görmək lazımdır, özümüzü görüb bəyənmək deyil, yanlışlarımızı görmək lazımdır. Gülüş arınmaq üçün lazımdır. Bu anlamda seyrçilərimizin təmiz, içdən gələn gülüşə ehtiyacı var.

Ş.B:

- Bu gün Azərbaycanda belə gülüş varmı?

C.N:

- Bu gün həmin gülüş böyük miqdarda azalıb. İnsanlar gülmək xatirinə gəlirlər, səhnədəkilərin çoxu da güldürmək xatirinə güldürürlər. Nə yazıq ki, səhnədə bizim yaşıdlarımızın bəziləri də bu yanlış yola giriblər. Çünki düşündürməkdən qaçırlar.

Ş.B:

- Niyə belə?

C.N:

Şahnaz Bəylərqızı
Şahnaz Bəylərqızı
- Adını unutduğum bir aktyor deyib ki, bu gün cəmiyyətdəki problemlər dünənki təhsilimizdəki problemlərə bağlıdır. Əgər bu gün teatr səhnəsində problem varsa, o bizim dünənki problemlərimizdir.

Ş.B:

- Müşfiq bəy, düşündürən gülüşün olmaması Cahangir Novruzov dediyi kimi təhsilə bağlıdır?

M.A:

- Bir tərəfdən təhsil problemi var, o biri tərəfdən dinamika problemi var. Bu gün hər sahədə ritm, dinamika artıb. Sən də sürətini artırıb zamanla ayaqlaşmalısan. Bu dinamikanı da verməli olan prodüser mərkəzidir. Yəni nə aktyor, nə rejissor. Bizim çox güclü aktyorlarımız var. Hər bir teatr prodüserə veriləndən sonra onun mühərrikinə çevriləcək. Həmin prodüser aktyor, rejissor işinə qarışmayacaq, yalnız “raskrutka” ilə məşğul olacaq. Gənclər görsələr ki, bu sahədə pul, yaşayış, şöhrət var, onda hər şey kökül şəkildə dəyişəcək.

“QAYNANA, GƏLİN, “QAİ” MÖVZUSU 100 İL SONRA DA AKTUAL OLACAQ"

Şahnaz B:

- Dinləyici soruşur ki, “Bu şəhərdə” niyə siyasi zarafat etmir? “Buna qadağa var, yoxsa ehtiyac duymurlar. Elitar siyasəti nəzərdə tuturam, kiçik məmurları yox” deyir dinləyici.

Müşfiq A:

- Mən 1999-2001-ci illərdə “Parni iz Baku”nun ssenaristlərindən olmuşam, Moskva oyunlarında ssenarini yazanlardan biri mən olmuşam. O vaxt parodiyalardan biri Bakı şəhər icra hakimiyyətinin başçısı Rafael Allahverdiyevlə bağlıydı. Üstündən 15 il keçib, o vaxt 5 yaşı olan uşağın indi 20 yaşı var, Allahverdiyevin parodiyası həmin gəncə heç nə demir. Ancaq “Bu şəhərdə”nin toxunduğu tamada, qaynana, gəlin, “QAİ” mövzusu 100 il sonra da tamada, qaynana, gəlin, “QAİ” olacaq.

Ş.B:

- Siz 100 il sonranı hədəf götürürsüz, yoxsa bugünkü tamaşaçını?

M.A:

- Siz bayaq klassiklərdən misal gətirdiz. Bizim də məqsədimiz var ki, kiməsə istiqamət götürək.

Ş.B:

- Amma bayaq elə demirdiz, deyirdiz ki, tamaşaçının zövqünü nəzərə alırsız, onlardan sifariş gözləyirsiz.

M.A:

- Siz dediyiniz klassiklər də tamaşaçıların sifarişini yerinə yetirirdilər. Həmin Sabir də, Mirzə Cəlil də. Onlar o vaxtkı problemi görüb yazırdılar. Məsələn, o zaman qızını məktəbə göndərmək istəyənlər var idi, ancaq qınaq obyekti olmamaq üçün vermirdilər. Sabir də onların dilindən deyirdi: “Ey fələk, zülmün əyandır” və ya “Oğul mənimdir əgər, oxutmuram əl çəkin”. Sabir də ovaxtkı sifarişi yerinə yetirdi, klassik
oldu, qaldı. Sabir siyasi mövzuya toxunmadı, sosial problemlərdən yazdı. Bu da bizim konsepsiyadır, yalnız sosial mövzular və məişət problemləri. Ona görə ki, bu bizə doğmadır. Biz özümüz nə vaxtsa siyasətlə məşğul olmuş olsaydıq, incəlikləri bilərdik, onda yazardıq. Hansı problem bizə yaxındırsa ondan yazırıq. Biz hansısa həkimi, yol müfəttişini parodiya edirik, dərinə gedəndə o da dövlət strukturunun işçisidir...

SEVDA BABAYEVA: “MƏN NAZİRLİYİ QINAYIRAM Kİ...”

Sahnaz B:

Sevda Babayeva
Sevda Babayeva
- Cahangir müəllimin dediyi təhsil məsələsinə gəlmək istəyirəm. Mədəniyyət və İncəsənət Universitetinin hər il onlarla ssenarist, rejissor məzunu olur. Mən Mədəniyyət və Turizm Nazirliyini qınayıram ki, onları öz yanına çəkib, təcrübə üçün yönləndirmir. Eyni hal prodüserlərə də aiddir.

“BİR BARMAĞA GÜLDÜRƏN QABAĞA GEDƏCƏKSƏ...”

Ramiz Ə:

- İndi təyinat yoxdur. Qabaq teatra göndərirdilər məzunları. Bu qədər aktyor, rejissor, ssenarist lazımdırmı bizə? İstedadlı, bilikli insan kənarda qalıb unudulacaqsa, bir barmağa güldürən adam şöhrət tapıb qabağa gedəcəksə, bilmirəm nə deyim...

Cahangir N:

- Əzizim Ramiz, suyun borusu paslanıbsa, suyu kəsmək olmaz, borunu dəyişmək lazımdır.

R.Ə:

- “Obsolyutno verno”, rusun sözü olmasın. Müşfiq bəy yaxşı dedi ki, insanlar yaşamaq istəyir. Ancaq nə qədər çətin də olsa, mənəviyyat birinci yerdədir, insanların zövqünü korlamaq olmaz. Mən demirəm ki, “Bu şəhərdə” zövqləri korlayır. Ancaq bu yumoru onlardan uman insanlar üçün işləyirlər.

CAHANGİR ZEYNALOV: “BU ŞƏHƏRDƏ”NİN PRODÜSERİ YANLIŞ ŞEY DEYİR”

C.N:

- “Bu şəhərdə”nin prodüseri siyasətlə məşğul olmadığını deyir. Mən onun bununla yanlış bir şey düşündüyünü söyləmək istəyirəm. Çünki səhnəyə çıxan ən bəsit nə varsa, siyasətlə məşğul olur. İstəsən də, istəməsən də. Bu gün bizim cəmiyyətdə,
Müşfiq Abbasov və Sevda Babayeva. M.Abbasov proqrama telefonla qoşulan qonaqlara cavab verir.
Müşfiq Abbasov və Sevda Babayeva. M.Abbasov proqrama telefonla qoşulan qonaqlara cavab verir.
sosial həyatımızda nə baş verirsə, bir ailənin, bir qaynana ilə gəlinin arasındakı problemlər bugünkü siyasi və iqtisadi durumumuzu yansıdır. Ona görə də səhnədəkilər ondan qaça bilməyəcəklər. Yəni əyri aynalar istehsal edən fabrikləri bağlamaq lazımdır.

Müşfiq A:

- Cahangir müəllimə bizə ünvanlanmış sözlərə görə təşəkkür etmək istəyirəm. Biz siyasətlə məşğuluq, məşğul deyilik, o boş şeydir. Əsas odur ki, siyasət bizimlə məşğul olmasın.

Ş.B:

- Cahangir müəllim həm də dedi iki, əyri aynalar istehsal edən fabrikləri bağlamaq lazımdır.

M.A:

- O da Cahangir müəllimin fikridir. O fabrik bağlandı, ya yox biz hər birimiz əyrilikləri görəcəyik.

MÜŞFİQ ABBASOV: “ƏCƏB EDİRİK, ƏLİMİZİN İÇİNDƏN GƏLİR”

Ş.B:

Cahangir Novruzov
Cahangir Novruzov
- Sonda, “Bu şəhərdə”nin aktyorlarına qadın geyimləri ilə bağlı irad gəlir.

M.A:

- Əcəb edirik, əlimizin içindən gəlir. Heç nəyi dəyişməyəcəyik. Bəlkə bundan artıq oldu. Əvvəla sağ olsun bizim tamaşaçılar, əsas onların fikridir.

Ş.B:

- Amma o deputat da tamaşaçıdır.

M.A:

- Ramiz müəllim bizə irad bildirdi, həmçinin Cahangir müəllim də. Allah rəhmət etsin Yaşar Nuri də bizə iradlarını bildirib. Amma bunlar sənətkardır, peşəkardırlar. Bunların iradları ilə razılaşırıq. Həmin dediyiniz deputat xalq artistidir, incəsənət xadimidir, dramaturqdur?

Ş.B:

- Sevda xanım, bu gün Azərbaycanda siyasi və ya intellektual gülüşün səhnəyə çıxmasına mane olan səbəbləri sadalayardız.

S.B:

- Yəni tək aktyordan yapışmaq doğru deyil. Rejissor, ssenarist problemi də var. Təhsil birinci problemdir. Ancaq cəsarət də lazımdır. Hazırıqmı? Hamı nəsə tələb edir. Amma bu gün çoxlu sənətçi var ki, öz kölgəsindən qorxur. Ən azından pozulmuş hüquqlarını tələb etməyə cəsarəti çatmırsa, o siyasi rolu oynamağa hazırdırmı? Qonşu ölkələrdə hansı proses gedir, hansı yenilik var, izləmək lazımdır. Yəni öz qınımıza çəkilib ancaq qabımızda bişməklə irəli getmək olmaz.


Bu, proqramda deyilənlərin bir hissəsi idi, debatı tam şəkildə izlə:
XS
SM
MD
LG