Keçid linkləri

2025, 10 Fevral, Bazar ertəsi, Bakı vaxtı 18:35

«Zarağanda soyuqdan əl-ayağı tutulanlar var»


Arxiv foto
Arxiv foto
-

AzadlıqRadiosunun «Qaynar xətt»inə Qəbələnin Zarağan kənd sakinləri şikayət ediblər. Onlar 20 ailənin yaşadığı əraziyə 15 ildir ki, maye qaz verilmədiyini deyirlər.

Elçin Məmmədov: «20 ailəyik, 15 ildir qazsız qalmışıq. Qaz idarəsinin rəisinə, icra hakimiyyətinə, müraciət edirik, qulaq asan yoxdur».

Aliyə Talıbova: «Soyuqdan donuruq. Odun qırmaq üçün meşəyə yaxın düşə bilmirik. Bilmirik dərdimizi kimə deyək. Sosial problemlərə görə küçəyə çıxanda da tutub salırlar içəri. Dünyaya qaz satırıq, Zarağanda soyuqdan əl-ayağı tutulanlar, ciyərləri sıradan çıxanlar var».

Qəbələ rayon Qaz İdarəsinin baş mühəndisi Elbrus Məmmədov«Qaynar xətt»ə bildirib ki, Qəbələdə kəndlərin ətrafında çoxlu yeni yaşayış massivləri salınıb. Onların hamısının eyni vaxtda qazlaşdırılması mümkün deyil:

«QAZLAŞDIRMA İŞLƏRİNİ ÇATDIRMIRIQ»


Arxiv foto
Arxiv foto
«Zarağanda qazlaşdırma işləri aparırıq, ancaq bu, planlı şəkildə həyata keçirilir. Biz özbaşına heç yerə qaz çəkə bilmərik. Şikayət edənlər Zarağan kəndinin kənarında yeni salınmış yaşayış massivlərinin sakinləridir. Biz bu yaşayış massivlərinin qazlaşdırılması ilə bağlı «Azəriqaz»a məlumat vermişik. «Azəriqaz» plan tutur və bizə hansı ərazilərə qaz çəkmək lazımdırsa plan göndərir. Hazırda Zarağan kəndindəki qaz xətlərinin yenilənməsi və kənddəki qazlaşma işləri ilə məşğul oluruq. Aeroport yolunun çəkilişi ilə əlaqədar yeni yaşayış massivlərinin qazlaşdırılması ikinci plana keçib. O qədər yeni yaşayış massivləri salınıb ki, qazlaşdırma işlərini çatdırmırıq».

Baş mühəndisin sözlərinə görə, Zarağan kəndindəki qazlaşdırma işlərinə 6 aydır başlanılıb. Ətraf massivlərin qazlaşdırılmasının nə vaxt olacağı isə bilinmir.

Sakinlər isə hökumətdən alternativ üsullara şərait yaratmasını istəyirlər. Kənd sakini Manaf Hüseynov:

«Heç olmasa imkan versinlər meşədən odun qırıb ev-eşiyimizi isidək. Meşədəki ağaclar canımızdan qiymətli deyil axı. Mənim azyaşlı uşaqlarım soyuqdan öləndən sonra hökumətin çəkəcəyi qaz xətti nəyimizə lazımdır».
XS
SM
MD
LG