Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:50

Əkrəm Əylislinin "Daş yuxular" romanından parça


-

"Oxu zalı"nda növbəti - sayca 20-ci roman müzakirəyə çıxarılır.

Bu, yazıçı Əkrəm Əylislinin "Daş yuxular" romanıdır.

Tənqidçilər cəmiyyətdə birmənalı qarşılanmayan, ətrafında böyük ajotaj olan romanın BƏDİİ KEYFİYYƏTİ haqqında fikir söyləyəcəklər - əsərin Rusiyanın "Drujba narodov" jurnalında çap edilmiş rus variantı əsasında (müəllif orijinalı hələ ki yaymaq istəmir).

Romandan bir parçanı təqdim edirik (ruscadan tərcümə).


Əkrəm Əylisli


DAŞ YUXULAR

(Romandan parça)

...İndi artıq on ildən çoxdu ki, Nüvarişin şəhərin düz mərkəzində ikiotaqlı rahat mənzili var.

Bu ilin fevralına qədər həmin evdə onun günü, tək yaşasa da, indiki ilə müqayisəolunmaz dərəcədə sakit keçirdi, hətta çox xoşbəxt və sərbəst ömür sürdüyünü də demək olardı.

Bu da taleyin ironiyası idi - indi Nüvariş Qarabağlı öz mənzilinə yalnız gecələr getməyə çalışırdı.

O da yalnız ona görə ki, gecələməyə başqa bir yeri yoxdu.

Nüvariş öz evində bir dəqiqə də olsun sakitlik, rahatlıq tapa bilmirdi. Nə yatması, nə də istirahət etməsi mümkün idi.

Səbəb də o idi ki, Baksovetdə kiçik də olsa, çox mühüm vəzifə tutan yekəqarın pəzəvəngin birisi teatrın köhnə işçisi, qarderobçu Qreta Sarkisovna Minasovanın mənzilini ələ keçirmişdi.

O Minasova ki, mənzilini Nüvarişlə eyni gündə, onun qonşuluğunda almışdı.

Yekəqarın pəzəvəng binanın axırıncı - onuncu mərtəbəsində yerləşən həmin mənzili əsl fahişəxanaya çevirmişdi.

Divarın o üzündən günlərlə səs-küy, gurultu əskik olmurdu.

Üzü üzlər görmüş təcrübəli, yetkin fahişlərlə yenicə bu yola düşən gənc qızların vəhşi gülüşləri, qışqır-bağırı, doğruçu, yaxud da saxta iniltiləri artisti özündən çıxarır, günlərlə rahatlıq vermir, gecələr yatmağa qoymurdu.

Şayiələrə görə, həmin pəzəvəng Şuşanın ən varlı adamlarındandı.

Bakıya təzə gəlmişdi. Baksovetdə işə düzəlmiş, Nüvarişin yaşadığı binanın yanındakı kooperativ evdə dördotaqlı mənzil almışdı.

Həmin adamın dörkünc bədən quruluşu vardı. Kürəyi heç bir əndazəyə sığmırdı.

Sıx mavi-qara saçları, elə o cür də sıx qara qaşları, enli, şəvə bığları və boş, heç nə ifadə etməyən timsahvari domba gözləri vardı.

Hətta adı və soyadı da Nüvariş üçün qəddarlıq və allahsızlıq mücəssəməsi idi: Şahqacar Ərmağanov! Bu vəhşiyə ad qoyanın görüm tifaqı dağılsın!

Bir dəfə dan yeri yenicə söküləndə həyətə hay düşdü: yəni ki, ay camaat, bura baxın, bir erməni arvad özünü balkondan atıb. Ruhu Qreta Sarkisovnanın büzüşmüş qoca bədənini böyük qan gölməçəsinin içində tərk etməkdə olduğu vaxt artıq şəhərdə qəribə xəbərlər dolaşırdı ki, bəs, özünü balkondan atan erməni arvad ölümündən əvvəl etirafedici məktub yazıb:

"Mən ermənilərin törətdiyi cinayətlərə görə özümə nifrət edirəm. Öz xalqıma nifrət edirəm və daha bu dünyada yaşamaq istəmirəm. Qarabağ Azərbaycan torpağıdır. Yaşasın Azərbaycan!"

Nüvariş nə onda, nə də indi iynənin ucu qədər şübhə etmirdi ki, bu "intihar" şuşalı pəzəvəngin əməlidir. Çox güman ki Şahqacar Ərmağanov Qreta Sarkisovnanı özü balkondan atmışdı. Dövr belə dövr idi. İstəyirsən, lap gündə yüz ermənini at balkondan. Onlarla bir yerdə müsəlmanları da. Əgər arxasızdırsa, istənilən adamın başını əkmək olar.

Və artist gündən-günə şuşalıdan daha çox qorxmağa başladı. İndi nə qanun var, nə məhkəmə - bir də gördün günlərin birində götürüb onu - Nüvarişi də uf demədən balkondan atdı. Və bunu intihar kimi qələmə verdi.

Onun işlədiyi cinayəti kim araşdıracaq, kim sübut edəcək ki bu soyuqqanlı, allahsız və rəhmsiz Baksovet məmuru banditin yekəsidir...

(Ruscadan tərcümə)

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG