Keçid linkləri

2024, 17 May, Cümə, Bakı vaxtı 23:55

Naxçıvanda işadamının ərzaq anbarına mudaxilə olunub


Məhəmməd Qurbanov
Məhəmməd Qurbanov
-
Bu haqda AzadlıqRadiosuna Məhəmməd Qurbanovun həyat yoldaşı Fəridə Qurbanova məlumat verib:

“Anbar evimizdən təxminən 100 metr aralıda yerləşir. Bu gun səhər tezdən qonşu həyəcanla bizə gəlib dedi ki, anbarın qapısı açılıb, təcili gedin ora. Getdik gördük ki, dəmir barmaqlıq yerində olsa da anbarın içəri qapısı açıq vəziyyətdədir. Barmaqlığın yuxarı hissəsində divar çapılmış vəziyyətdədir. Guman edirik ki, barmaqlığı yerindən çıxarıb, qapını açdıqdan sonra onu təkrar yerinə keçiriblər. İçəridən heç nə götürməyiblər. Qorxuruq ki, içəri nə isə atıb bizi şərləyələr. Çünki, bizə dəfələrlə deyiblər ki, sakit durmasaz başınıza başqa oyunlar gətirəcəyik. Biz polislərdən şübhələnirik. Çünki həyat yoldaşım həbs olunanda anbarın icəri qapısının açarını da polislər müsadirə etmişdi. Yəqin özləri gəlib açıblar qapını. Çünki, barmaqlıqdan fərqli olaraq içəri qapıda heç bir iz yoxdu, yəni açarla açılıb”.
İş adamının anbarı
İş adamının anbarı
Fəridə Qurbanova deyir ki, vəkil Xaliq Bağırovun məsləhəti ilə Naxçıvan MR DİN-ə zəng edib hadisə ilə bağlı məlumat veriblər.
Naxçıvan MR DİN-dən işadamına məxsus anbara müdaxilə olunduğu ilə bağlı məlumat aldıqlarını təsdiqlədilər. Ancaq ittihamları qəbul etmədilər. Nazirlikdən onu da bildirdilər ki, hadisə yerinə əməliyyat qrupu göndərilib və lazımı araşdırma aparılacaq.
Məhəmməd Qurbanov keçən il noyabrın 8-də AzadlıqRadiosuna bildirmişdi ki, Türkiyədən gətirdiyi ərzaq məhsullarını ölkəyə buraxmaq üçün gömrükçülər ondan rüsumdan artıq pul istəyiblər. Həmin pulu vermədiyi üçün malını anbardan çıxartmağa qoymayıblar. Bundan sonra işadamı və onun kürəkəni Nadir Məmmədov ilə gömrük işçiləri arasında insident yarandığı bildirilirdi.
Naxçıvan MR Prokurorluğunun yaydığı məlumatda isə Nadir Məmmədovun gömrük işçilərinə qarşı zor tətbiq etdiyi bildirilir. Fakt üzrə Cinayət Məcəlləsinin 315.1-ci və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanılıb. Bu ittihamla 3 ildən 7 ilə qədər müddətə azadlıqdan məhrum etmə nəzərdə tutulur.
Dekabrın 12-də Sədərək rayon Məhkəməsi hər iki şəxs barəsində 2 aylıq həbs qərarı çıxarıb. Onlar Naxçıvandakı Böyükdüz təcridxanasında saxlanırlar.
Fevralın 1-də Sədərək rayon məhkəməsi saxlanılanların işi ilə bağlı hazırlıq iclası keçirib. Növbəti məhkəmə iclasi fevralın 6-na təyin olunub.
XS
SM
MD
LG