Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:36

Sultan Mərzili. Diaspor şairi (Seçmə hekayələrdən)


Sultan Mərzili
Sultan Mərzili
-

Əlində dəsmal yuyunmağa getmək istəyən Daniyel dayanıb Nəsirə baxırdı. Qəfil otaqdan yarısərxoş səs eşidildi: “Pomoqite pojaluysta! On tiran!” Nəsir içəri keçəndə mələfə ilə çarpayıya sarınmış qızın yazıq-yazıq ona baxdığını gördü...


Bu hekayə son həftələrdə "Oxu zalı"na göndərilmiş əsərlər arasından seçilərək çap olunur. Bütün əsərlər imzası göstərilmədən Münsifə göndərilb.


Sultan Mərzili


DİASPOR ŞAİRİ


Hər aşığınmı, ya hər aşiqinmi, bir dövranı var - demişlər. O dövranı da ya özün yaradırsan, ya da qarımış qız kimi oturub gözləyirsən, nə vaxtsa bəxtin qapını döyəcək, onda durub açasan.

Moskvada azərbaycanlıların milli oyanışı başlayanda, daha doğrusu, milli xorultuları səngiyəndə, ağsaqqallar yığılışdı ki, bəs gəlin bir məclis düzəldək. “Nə məclis, yemək-içməklimi?” – kimsə sual etdi, amma sualı boşa getdi.

Handan-hana aydın oldu ki, Ulu Öndərin təklifi və dövlət dəstəyilə bir təşkilat yaranmalıdır ki, qürbət çöllərinə səpələnmiş millət balalarının mənəvi və siyasətçilər demişkən, sosial tələblərinə yardımçı olsunlar və sadə xalq dilində desək, onların barmağı yaralananda... o söz, yəni yardım etsinlər.

Hərçənd barmaq yaralananda ona adicə bir sidik ifraz etmək əvəzinə, bir saat istintaq başlanacaq ki, axı o barmağın orda nə işi vardı, niyə ora soxubsan ki, niyə də yaralansın?!

Bunlara neçə çaynik çay verməlisən ki, içsinlər sakitləşsinlər və yaralı barmağı müalicə etməyə təşəbbüs etsinlər, çayın da yanında konfet-çərəz olmalıdır, hələ bir mürəbbə-filanıynan, ondan da sonra süfrə ki açıldı, qonağa bir duz-çörək də təklif etməlisən və beləcə əsl mənada yeni bir məclis yaranıb inkişaf etməyə başlayır.

Qədim şərqdə şairsiz saray olmadığı kimi, heç bir müasir milli azərbaycanlı məclisi də şairsiz olmaz! Hər məclisdə heç olmasa mütləq bir şeir oxunmalı, ya söylənilməlidir ki, camaatın da eşitdiyi, dediyi, yaxud da yediyi-içdiyi canına yatsın.

Məsələn, rəhmətlik Abdulla Şaiqin, ola bilsin Abbas Səhhətin, bəlkə də Məmməd Səid Ordubadinin yazdığı: “Vətəni sevməyən insan olmaz, Olsa, ol şəxsdə vicdan olmaz!” kimi dərin mənalı nəzmə qulaq asıb fikr və zikr etməklə insani və milli keyfiyyətlərini yüksəltməlisən.

Burda hələ dərin bir düşüncə yeri də qalır ki, vətənini sevməyəndə niyə vicdansız olmalısan?! Çünki...
Nə çünki? Çünkisi-münkisi yoxdur, belədir ki, var!

Məclislərdə şairin vacibliyini qeyd etdik, indi qalır həmin bu şairin kimliyi. Bilənlər bilir, bilməyənlərə anladırıq ki, şairliyin ən böyük çətinliklərindən biri, bəlkə də başlıcası təxəllüs məsələsidir. Burda insanın dünyagörüşü və təxəyyül dairəsi rol oynayır. Ağ Aşıq, Göy Aşıq, Sarı Aşıq, Qaracaoğlan və sairə rəngbərənglik var, olsun.

Sonra gəlir şəhər, kənd, dağ, dərə, çay və çöl adları. Bu da gözəl. Lakin bu bolluqlar da şairlərin geniş təlabatını ödəmədiyindən, nəbatat aləmindən tutmuş, heyvanat aləminə tərəf uzun bir yürüş başlayır, hərdən uğurlu, hərdən də uğursuz nəticələr olur.

Əslində şeir yazmağa nə var ki, nənəm də yazar, xalam da! Ya nəvələrinə corab hörəndə, ya da məktub-soraq gözləyəndə. Yaxud da nənələrimiz xangül inəklərini sağanda inəyin əmcəyindən o sərnicə südlə bərabər bayatılar, laylalar, oxşamalar sağmırdılarmı? Sağırdılar, indi o məmələr quruyub, süd də dönüb su qatılan süd tozuna, amma şairlər artıb.

Bu səbəbdən indi bu millətin, maşallah-maşallah, o qədər şairləri var, olubdur və olacaqdır ki, bütün ağlagələsi, gəlməyəsi, ağlabatası və batmayası təxəllüslərin də hamısı götürülüb işlədilib nimdaş bir hala düşüb.

Məsələn, elə Səməd Vurğundan sonra Qazağın hər kəndinə yüz şair düşür, Tovuz bu yarışda yüz biri keçhakeçdədir, Gədəbəy doxsanı aşıb, Şəmkir həştadı haxlayıb... Bakı, Şəki, Şirvan... Nə başınızı ağrıdım, torpaqlarımız fövt olandan bəri millətin də qaçanı qaçıb, qırılanı qırılıb, qalanı da ya muğam oxuyur, ya şeir yazır. Şükür, bolluqdu. Amma mən Qarabağın dağbasarına dönürəm.

Erməni qarmalayıb torpağı azaltdıqca, dərd artır, dərdbilənlər çoxalır və təbii-doğal ki, şairlərin də sayı-hesabı artır.

Şeirimizin Ulu öndəri Füzuli baba demişkən, çünki “sərmayə” artır. Axı, millətin dərdindən-bəlasından elə şair danışar, dövlət xədimləri danışmaz ki?! Onların daha ciddi işi-gücü yoxdurmu?! Əlbəttə var, son məxfi məlumatlara görə İsveçrə banklarına güvə-birə daraşıb, qızılı da yeyir, əskinasları da! Ərəb banklarını siçanlar-siçovullar basıb, nə var gəmirib heç eləyir. Bunun bir əlacı düşünülməlidir, ya yox? Belə belə fikir-xəyallardan adamın da başında tük qalmır, ağaranı ağarır, ağarmayanı da tökülür.

Hə, nə deyirdik, harda qalmışdıq?!

İndi təsəvvür edin ki, hələ o biri qaçaqaçda, köçəköçdə, yəni 1905 – 1918 - 1920, 1924 - 1948 aralarında, 1988-1993 gəlməmiş, Göyçə də köçüb-qaçıb Kəlbəcərə sığınır, bu zaman iki dünyaya sığmayanların törəmələri kiçik dağ başına, dağlardan ağır dərdlər sinələrində qalırlar, bəs bunu hara sığışdıra bilərdilər?! Əlbəttə, heç hara! Yalnız sözə. Allahın cahanı yaratdığı və bu kainata atdığı sözə.

Bizim şairimizin də Kəlbəcərə dəxli var. Bura həm Göyçədi, həm Qarabağdı, həm Dəlidağdı, həm də yerdən özbaşına fışqıran, göz yaşlarından da yüz dəfə qaynar sulu İstisudur. Burada hər kolun dibində bənövşə yerinə söz bitir, hər qayanın başında qartal yerinə aşıq qonub, hər kolun budağında da bülbül yerinə şair oxuyur! …du…, daha doğrusu!

Ağ Aşıq, Aşıq Alı, Dədə Ələsgər, Növrəs İman, Aşıq Şəmşir, Aşıq Talıb...

Şairləri cərgələsək, Məmməd Aslan, Bəhmən Vətənoğlu, Əli Qurbanlı, Şücaət... Hər biri bir elə, bir ölkəyə yaraşıq, amma, görünür, bunlar da azlıq edibmiş. Bizim şairimiz Danil Xaşbulaqlı da sadaladığımız aşıqlara və şairlərə qoşulub özünü Kəlbəcərli sayır, hərçənd Göyçənin güllü yaylaqlarından erməni təcavüzü ata-babalarını Ağcəbədinin Kəbirli ellərinə pənah gətirmişdilər və tərəkəmə eli yaylağa çıxanda bunlar da İstisuyun Taxtasından yuxarı, Soltan Heydər dağının ətəklərinə çıxırdılar. Onun dədəsindən eşitdiyinə görə ata-baba yaylaqları Xaşbulaq tərəfdə imiş, ona görə belə təxəllüs götürüb. Əslində adı Daniyeldir, amma kənddə Danil deyirlər. Əvvəl bir istəyibmiş ki, elə Daniyel adını genişləndirib Dan Yeli kimi qəbul etsin, amma sonra düşünüb ki, yel əsər də, kəsər də, amma söz qalmalıdır. Xaşbulaqlını da gah xoş bulaqlı, gah xoş balaqlı və hətta hərdən araq vuranda xaş bulaqlı kimi də yozub, amma axırda xaçın üstündə dayanıb. Çünki qloballaşma gedir, millət dinini dəyişib avropalaşmaq istəyir, bu bir. İkincisi də bir əl yeri var ki, bərkə düşsə deyəcək, sizin başınız çıxmır, xaç da avropaya elə türklərdən gəlib, o qədim türk damğasıdır, yaxud da tamqası.

Daniyel Xaşbulaqlı Bakıda bir neçə institutun hərəsində bir il-para il oxuyandan sonra görmüşdü ki, “yox ey, buranın professorları munnan bajarmır”, şələ-küləsini qoltuğuna vurub gəlib Moskvada Qorkinin Ədəbiyyat instituna girmişdi.

Onu da Dobrolyubov küçəsindəki yataqxananın yanındakı süd kombinatında çalışan sütül qızlarınan kef eliyə-eliyə birtəhər başa vurmuşdu. Özündən olsa hələ də qalıb oxuyardı, çünki çox yaxşı institutdur. Uruscan qoşmalar, qəzəllər döşüyürdü ki, hamı hayıl-mayıl qalırdı, Puşkin-zad yalan olmuşdu. Amma axırda demişdilər ki, tay çıx get, biz sana bir şey örgədə bilmədik! Elə yaxşı institutdur ki, adam ora girəndə çıxmaq istəmir, elə deyir ki, qalım bir az da oxuyum...

Qarayanız, şivərək, lopabığ bir oğlan idi Daniyel.

Yanaqlarının və qışda şaxta vuranda burnun qırmızısı onun dağ adamı oludğunu sübut edirdi. Zil qara gözləri xanım görəndə civə kimi işıldayırdı, özü də elə civə kimi bir şey olurdu. Amma kənd uşağı olduğundan utanıb bir söz deyə bilmirdi. Elə içindən eşilə-eşilə qalırdı.

Bir dəfə, birinci kursda oxuyanda Daniyel qəfil yoxa çıxdı. Bir-iki gündən sonra duyuq düşən dostları ha axtardılar tapa bilmədilər. Elə bil yağlı əppək olub göyə çəkilmişdi Daniyel.

Axırda Daniyeli yaxından tanıyan dostu Nəsir Kərəmoğlu dedi ki, deyəsən, onu mən tapacam. Gündüz dərsə getməyib yatıb yuxusunu aldı. Gecəni gəlib Daniyelin otağının qapısında qarovul çəkməyə başladı. Saat üçü keçəkeçdə gördü ki, daha doğrusu eşitdi ki, otaqdan qəribə sələr gəlməyə başladı. Əvvəl öz-özünə inanmadı, elə bildi yuxu basır, mürgü tutub. Üzünə bir-iki sillə çəkib yanını çimdiklədi və yenidən dinşəməyə başladı.

Tələbə çarpayısı ahəngdar yırğalandıqca qəribə səslər çıxarırdı və bu səslər insan nəfəsi, töyşümə, təntimə və rahatlaşıb oxqəyləşmə kimi mərhələləri keçdi. Hıqqıltı-mıqqıltı Daniyelin idi, pıqqıltı-şıqqıltı isə qız səsinə oxşayırdı. Hərdən səs: “Ne xoçu! Ne xoçu! Dima, perestan!”- deyirdi.

Bir azdan yenə çarpayı yırğalanması, təntimək, tövşümək və başqa ah-uflara bənzər səslər eşidilirdi. Nəsir işi başa düşüb gülməkdən özünü saxlamaq üçün barmağını bərk-bərk dişlədi, “bu burda kefdeymiş, biz də əlataş olmuşuq!” – deyə düşündü və işin sonunu gözlədi. Qapı açılanda hər ikisi heyrətdən üz-üzə donub qaldı. Daniyelin üz-gözünü tük basmışdı, qara parıltılı gözləri quyunun dibinə düşmüş kimi çuxura düşüb güclə işıldayırdı.

Əlində dəsmal yuyunmağa getmək istəyən Daniyel dayanıb Nəsirə baxırdı. Qəfil otaqdan yarısərxoş səs eşidildi: “Pomoqite pojaluysta! On tiran!” Nəsir içəri keçəndə mələfə ilə çarpayıya sarınmış qızın yazıq-yazıq ona baxdığını gördü. Üzünü Daniyelə tutdu:”Ə, əmoğlu, deyəsən sənin başın xarab olub, bunun üstündə bilirsən adama neyniyəllər?!” – deyərək, ona yalvarışla baxan qızın əllərin açıb sakitləşdirməyə başladı... Amma, incəvara qız azadlığına sevinib şikayət-zad eləmədi.

***

Daniyel Moskvadakı rus dostlarına xoş getmək və milli beynəlmiləlçiliyini, tolerantlığını göstərmək üçün hərdən özünü Dima Xaçiniski kimi də təqdim edirdi. Buna həmyerliləri irad tutanda, Xaçınçayı yada salıb onları da kövrəldib yumşaldırdı.

Axı, bulaq da böyüyəndə, inkişafda çaya çevrilir. Əgər biz də inkişaf etmək istəyiriksə, bunu nəzərə almalıyıq, elə deyilmi? Yeri gəlmişkən, biz inkişaf etsək, daha doğrusu, biz inkişaf etsə, nəyə çevriləcək?! Bizim dədə-baba silahımız elə biz olmuşdur, bizdəməsən ulaq da yerimir. Amma bizə nə boyda bir biz lazımdır ki, tarixin bu qaçaqaç zamanında sürət artırıb millətlərlə ayaqlaşa bilək?...

Daniyel şair millətin ürək sirlərindən və sözlərindən xəbərdar, ilhamlı, talantlı, yaraşıqlı, boy-buxunlu, qırmızıyanaq, xoşsifət, dağ kimi bir oğlan idi. Gözəl, şirin söhbətlərin ustası idi. Danışanda özünü Moskvada, Rusiyanın qarlı-şaxtalı şəhərində deyil, İstisuyun taxtasında, Dədə Şəmşirin Səməd Vurğunla məclis qurub söz qoşduğu, Ceyran bulağının üstündə, hələ ordan da bir az yuxarıda, Soltan Heydər dağının təpəsində hiss edirdin.

Şair istəsə, sözüynən adamı Tərtər boyu sürüyə-sürüyə aşağı gətirib Kəlbəcərin qalın meşəliklərində, ağaclarına güllə dəyər deyə qıyıb partizan hərəkatı yaratmadığımız meşəliklərində azdıra da bilərdi. Amma əslinə baxsan, partizan sözü bizim milli sözümüz olmadığından şənimizə sığışdırıb urusun sözüynən o işi görə bilmirik, qaçaq-quldurluq da bizlik deyil. Vuruşmaq da hələ tezdir, bəlkə də çox gecdir, çünki bu erməni köpəyuşaqlarının əyri-yastı başlarında nə kələk var, bilmək olmur. Həm də heç oralarda erməni qalıb ki, vuruşasan, ya müharibə edəsən?! Axı, arımıza da gəlir ki, kişiləri Urusetdən belə, bizdən beş-betər dünyanın hər yerinə dağılmış, səpələnmişlərin başsız qalan arvad-uşaqlarına, belə baxanda özcə qohumlarımıza hücum çəkək, onsuz da qanımızı içə-içə adımızı “genosidçi” çxarıblar...

Daniyel Xaşbulaqlı ilişdiyi rus qızı ilə düz on il yşayandan sonra ikinci dəfə gedib kənddən qız qaçırib gətirib evlənəndə, əvvəl-əvvəl bir istəmişdi ki, təxəllüsünü Tərtərli götürsün, həm sözünün tər olmağı bilinər, həm də çay kimi Qarabağın düz ortasından axar gedər.

Amma sonra düşünmüşdü ki, yox, deyərlər, bunun ilhamı zəifdi, yazanda tərliyir, vaz keçdi. Hərçəndi başı açılsa, Tərtərdən layiqli bir poema yazmaq istəyirdi. “Ana Tərtər”, ya da “Tərtərə salam” poeması “Heydərbabaya salam” kimi əzəmətli olmalıydı. Amma hələlik bunu sonraya saxlamışdı. Sonra istədi ki, adını, yəni təxəllüsünü Soltan Heydər dağının şərəfinə Soltan Heydər götürsün, onu da düz başa düşməzdilər deyə vaz keçdi.

Gah da istədi ki, Soltan Heydər dağının ətəyindən, yupyumruca Qəhrəmanbəy təpəsinin qabağından axan Ağ çaydan ad götürsün, həm suyu təmiz və gurdu, həm də içinin qızıl balıqları var. Daniyel Ağçaylı pis səslənməzdi. Amma o çay İstisuya tərəf deyil, Laçına tərəf axdığından onun da adını götürmədi, yerliləri inciyərdilər.

Beləliklə, taleyinə Xaşbulaqlı olmaq düşdü. Daniyel Xaşbulaqlı xalqın sinədəftər oğlu idi, yalan olmasın ona İkinci Zəlimxan demək olardı, biraz solaxay olduğundan sazı da tərsinə çalırdı, amma havalar düz çıxırdı. Deyişmələrdə əvəzi yox idi, hamını bağlıyardı.

Bəli, bu sinədəftər şair beş-altı lətifə, on-onbeş şeir bilirdi. Elə bu da şair kimi dolanışığına gen-bol bəs edirdi. Hərçəndi onu KQB-nin “stukaçı”, yəni xəbərçisi olduğunu deyənlər də vardı, amma mən inamırdım. Çünki nə bilirdi, nə də xəbər verə. Bundan eşitdiyini ona deməklə də adamdan xəbərçi olar, kəşfiyyatçı olmaz.

Daniyelin şirin-şirin lətifə danışmaq qabiliyyəti vardı. Səfeh bir şeyi elə bəzəyib-düzəyə bilərdi ki, heyran qalardın. Məsələn, lətifələrindən biri bu idi ki, qocalardan eşitdiyinə görə, bunların kəndlərində bir gün bir toy olur. Kənddən birini göndərirlər ki, get, Göyçədən bir aşıq tap gətir. O da ata minir gedir, düz üç ildən sonra qayıdıb gəlir. Soruşanda: “Balam, harda idin bu vaxtacan?” Deyir: “Əyə, tələsik işi allah kəssin, qoydunuz ki! Təzəcə evlənmişdim...”

İkinci lətifəsi bu idi ki, qonşu kənddə toy olur. O kəndin də iki qəbristanlığı varmış; biri öz əcəli ilə ölənlər üçün, biri də vurulub öldürülənlər üçün. Ikincisi birincisindən iki dəfə yekə imiş. O kənddən bir kişi toyda cəngi çaldırıb oynayır. Sonra əlini belindəki xəncərə atıb deyir: “Gədələr, bu hava məni nə təhər qızışdırırsa, az qalıram balaja gədəmi yıxam, başını kəsəm!”...

Üçüncüsü bu idi ki, sovet vaxtı bir partiya işçisi kəndə gəlib camaatla ateizm təbliğatı aparır. Deyir ki, nə Allah var, nə cin, nə şeytan, nə cənnət, nə cəhənnəm. Peyğəmbər-filan da yalandır. Hamı da susub dinmir. Ağsaqqallardan biri söhbətin sonunda əlini qaldırıb soruşur: “Yoldaş raykom, olar bir iclas?” Yəni suala iclas deyir. Katib razılıq verir. Ağsaqqal soruşur: “Yoldaş raykom, deyin görüm, niyə mal sıçır, yəni tırıxlıyır, amma qoyun qığlıyır?!” Katib pərt halda deyir: “Bilmirəm!” Ağsaqqal deyir: “Bəs siz heç iki poxu bir-birindən ayıra bilmirsiniz, bizim Allahımızla-Tanrımızla nə işiniz var?!”

Dördüncüsü bu idi ki, dağ adamının biri o birisinin qabağında əlini qaldırıb barmaqlarını aralayaraq soruşur: “Bu neçədir?” Adam cavab verir ki: “Beşdi!”
Deyir: “Düzdü, malades!” Sonra həmən əlini onun qabağında silkələyərək soruşur: “Bəs bu neçə eliyər?” Adam deyir: “Ə, məni qarıxdıma görüm!...”

Beşincisi bu idi ki, bir yaxşı hallı-mallı dul arvad var imiş. Bunun da baxçasında yaxşı şəftəlilər bitirmiş. Arvad gözdüyürmüş ki, şəftəlilər yerişsin, oğru-zad aparmasın, satsın bir dərdinə versin. Bir gejə görür ki, baxcadan nə isə bərk şıqqıltı gəlir. Durub köynəkçək özünü atır baxçıya. Oğru ağacdan tələsik tullanır ki, qaçıb canını qurtarsın, amma ağacdan atılanda düşür arvadın üstünə, yıxılırlar yerə. Qısa süprüşmədən sonra oğru kişi arvadı qarmalayıb dincəldir. Arvad xoşhallanıb soruşur ki: “Əşi, adın nədir?” Deyir: “Əhmət!” O da deyir: “Atana olsun rəhmət! Hər gün gəl belə elə, şəftəlidən şələlə!..”

Altıncısı bu idi ki... Yox, onu sonraya saxlayaq....

Birini də özü-özünə qoşmuşdu: “Bir dəfə işdən evə qayıdırmış, qoltuğunda da bir topa kitab-qəzet. Arvadı da səhər evə bazarlıq eləməyi tapşırıbmış, onu da unudub. Elə qapıdan içəri girəndə görür ki, kişisi əliboş gəlb, arvad əlbəəl qoşur:

“Xalxın kişiləri gedir bazara,
Ev-eşiyi dönür gülzara,
Yağ gətirir, ət gətirir,
Bizimki də qəzet gətirir!”

Bu qəzet-jurnallarda Daniyelin qonaqlıq verib çap elətdirdiyi şeirləri-məqalələri çıxırdı, amma şəninə şığışdırıb onlardan qonorar-zad almırdı, onu da redaksiya işçiləriynən yeyib-içirdilər. Hər il Kəlbəcərin işğal günü gələndə tanışlıqla əlinə düşən, Kəlbəcər haqqında çəkilmiş kasetlərə baxır, gözləri dolur, əlini yanlarına çırpırdı. Qələmi götürüb ürəyini boşaldırdı, sonra da yazdığı şeirlər tikə-tikə cırıb tökürdü...

Günlərin bir günü hay düşdü ki, Daniyel köçüb Bakıya gedir. Diasporda məşhur olduğundan dövlətin xaricdə yaşayan həmvətənlərlə əlaqə komitəsində yaxşı iş təklif ediblər. Hamıyla öpüşüb-görüşüb getdi, elə bil sovet vaxtı Sibirə sürgünə gedirdi. Bərk kövrəlmişdi, hamını da kövrəltmişdi. Bakıda, Gəncədə, Sumqayıtda məskunlaşmış qohumları, elliləri bu xəbərə xeyli şad oldular ki, “yuxarılarda” adamları olacaq.

Beş altı-ay keçməmiş xəbər gəldi ki, Daniyel işdən çıxıb, hansı qəzetdəsə əməkdaşlıq edir. Amma o da uzun çəkmədi, müxalifətçilər onu dövlətin adamı, daha doğrusu, iqtidarçı, dövlətdəki məmurlar isə Moskvann adamı kimi qaralayıb yaxına buraxmırdılar.

Ötən yay Bakıya gedəndə adətimlə Mirzə Sabirin heykəli ilə üzbəüz, köhnə Kommunist, indiki İstiqlal küçəsindəki kitab mağazasına baş çəkdim, sıxlıqda və darlıqda qarmaqarışıq kitablarla bir az qurdalanandan sonra aşağıya düşüb hələ də yerində olan, tindəki kiçik kafeyə girdim. Bir qəhvə alıb əyləşdim. Yaxında bir adam oturmuşdu. Bu adam nədənsə sifətdən mənə tanış gəlirdi. Üzümə baxıb zorla gülümsəyirdi.

Əyni nimdaş paltarda idi, sir-sifətindən yorğunluq və yazıqlıq yağırdı. Tüklü sifətində donuq bir ifadə vardı. Təbəssümdən gülüşə keçəndə dişlərinin mırıq olduğu bilinirdi. Mən qəhvə fincanı əlimdə donub qaldım:

Adam Daniyel Xaşbulaqlı idi.
XS
SM
MD
LG