Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:56

Sürücü: Texniki baxışda rüsum da artıb, rüşvət də


Avtomobillərə texniki baxış
Avtomobillərə texniki baxış
-
Yanvarın 1-dən avtomobillərin texniki baxışı üçün nəzərdə tutulan məbləğ 10 manatdan 20 manata qaldırılıb. Yeni qaydaya əsasən, texniki baxışdan keçmək üçün avtomobillər məcburi sığorta edilməlidir.

İstər texniki baxışa görə nəzərdə tutulan məbləğin qaldırılması, istərsə məcburi sığorta şərti sürücülərə əlavə maddi problemlər yaradır.

«XAHİŞ MİNNƏTLƏ 60 MANATA BAXIŞDAN KEÇİRDİM»

Özünü Rafiq Quliyev kimi tanıdan sürücü deyir ki, ötən il 2000 kubsantimetr həcmli motoru olan minik avtomobilini texniki baxışdan keçirmək üçün 40 manat xərci çıxıb: 10 manat dövlət rüsumu, 30 manat da rüşvət alıblar. Amma bu il avtomobilini texniki baxışdan keçirərkən, o bundan təxminən 3 dəfə çox – yəni 110 manat xərcləyib. Sürücü ödədiyi məbləğin ailə büdcəsinə ciddi təsir göstərdiyini vurğulayır:

«Ötən il 40 manat verib keçmişdim baxışdan. Bu il getdim Maştağaya, dedilər ki, rüsum artdığına görə «şirinlik» də qaldırılıb. Bir də dedilər ki, avtomobilin mütləq sığorta olunmalıdır, yoxsa nə qədər pul versən də, xeyri yoxdur. Elə orda sığorta yeri var. Göstərdilər, getdim 50 manat verdim, aldım sığorta kağızını. Sonra gəldim müayinə yerinə. Xahiş minnətlə 60 manata baxışdan keçirdim avtomobilimi. Bunun 20 manatını rüsum kimi aldılar, 40 manat da rüşvət şəklində. Heç maşını müayinə otağına da salmadılar. Orda mənə dedilər ki, maşını içəri salsan, qiymət avtomatik qalxacaq. Maşını içəri salsaydım, 80-90 manat xərcim çıxacaqdı. İçəri girəndə, orada əlavə işçilər var, gərək onlara da şirinlik verəsən. Mən pulu verdim, maşının üzünü də görmədilər. Mən də istəyirəm ki, norma ölkələrdəki kimi dövlət rüsumu ödəyim, rüşvət vermədən işimi görüm. Amma rüşvət verməsən, texniki baxışdan keçirmirlər axı…».

«MƏN 5 MANAT GÜZƏŞTƏ GEDƏ BİLƏRƏM»

Bakıda texniki baxış
Bakıda texniki baxış
Sürücünün söylədiklərini yerində öyrənmək üçün 1500 kubsantimetr motoru olan minik avtomobilimin texniki pasportunu da görüb Baş Dövlət Yol Polisi İdarəsinin Maştağada yerləşən Müayinə Mərkəzinə yollanıram. Qapıda dayanan polisə yaxınlaşıb avtomobilimi texniki baxışdan keçirmək istədiyimi bildirirəm. Polis mənə içəri keçib, Aydın adlı şəxslə görüşüb məsələni həll etməyimi məsləhət gördü. İçəri keçib həmin mülkigeyimli şəxsə yaxınlaşıram:

–Mən avtomobilimi texniki baxışdan keçirmək istəyirəm. Siz polissiniz?

–Yox, polis deyiləm, ancaq burda işləyirəm. Sığortasız mümkün deyil. Get, 50 manat ödə, sığortadan keç, sonra gəl. Sən hələ ötən il də texniki baxışdan keçməmisən. 50 manat da buna görə cərimə ödəməlisən. 60 manat da builki baxış. Cəmi 160 manat xərcin çıxacaq. Mən 5 manat güzəştə gedə bilərəm. İçəridəki polislər səndən artıq pul alacaqlar. Ora getmək məsləhət deyil.

Müayinə otağındakı texniki işçiyə yaxınlaşıb ondan texniki baxışın qiymətini soruşuram. Həmin işçi bu işi 70 manata görə biləcəyini bildirir.

Müayinə mərkəzinin rəhbərliyindən Aydın adında işçilərinin olmadığını bildirsələr də, həmin şəxsin sürücüləri aldadaraq onlardan artıq pul istəməsi faktını danmadılar.

«BELƏ HAL VARSA, MÜRACİƏT ETSİNLƏR, ARAŞDIRAQ»

Kamran Əliyev
Kamran Əliyev
DYP Mətbuat Xidmətinin rəhbəri Kamran Əliyev rüsumların artırılması ilə bağlı sürücülərin onlara şikayət etmədiyini bildirdi:

«2000 kubsantimetrədək həcmi olan avtomobillərin hər kubmetrinə görə 1 qəpik də yol vergisi ödənir. Yəni, həmin avtomobillər 20 manat texniki baxış xərci, 15-20 manat da yol vergisi ödəməlidir. Bəlkə, bunu deyirlər artıq pul kimi? Heç kim bundan artıq pul istəyə bilməz sürücüdən. Texniki baxışa görə kimdənsə 60-70 manat alınması iddiası düzgün deyil. Belə hal varsa, bizə müraciət etsinlər, araşdıraq. Bu ildən həm də icbari sığortası olmayan avtomobillər texniki baxışdan keçirilmir».

«SÜRÜCÜLƏRDƏN RÜSUMDAN ARTIQ PUL ALINMASI CİNAYƏTDİR»

Hüquqşünas Müzəffər Baxış avtomobillərə texniki baxışa görə dövlət rüsumunun qaldırılmasını düzgün saymır:

«Qiymətin 20 manata qaldırılmasının da heç bir hüquqi əsası yoxdur. Rüsumun artırılması vətəndaşların vəziyyətini daha da ağırlaşdırır. Maşının icbari sığorta edilməməsi onun texniki baxışdan keçirilməsinə mane olan hal deyil. Bu, qeyri-rəsmi qaydadır. Belə məhdudiyyətin heç bir hüquqi əsası yoxdur. Bu səbəbə görə avtomobilləri texniki baxışdan keçirilməməsi cinayətdir. Sürücülərdən rüsumdan artıq pul alınması da cinayətdir. Avtomobillər texniki baxışdan keçirilmir və əvəzində pul alınırsa, bu da cinayətdir. İndiyədək bu cür hallarla bağlı heç bir tədbir görülməyib. Nəticə budur ki, vətəndaşlar 20 manat yox, daha çox pul ödəməli olur, bu da onların büdcəsinə ciddi ziyan vurur».
XS
SM
MD
LG