Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:39

Qardaşı Nemət Pənahlının ölümlə hədələndiyini deyir


Nemət Pənahlı
Nemət Pənahlı
-

«Nemət Pənahlı saxlandığı 17 saylı cəzaçəkmə müəssisəsində ölümlə hədələnir».

Bunu AzadlıqRadiosuna Nemət Pənahlının qardaşı Səməd Pənahlı deyib.

Səməd Pənahlı deyir ki, qardaşı cəzaçəkmə müəssisəsində baş verən qanunsuzluqlar haqqında ictimaiyyətə məlumatlar verəndən sonra ona qarşı təzyiqlər daha da artıb: «İndi ora təzə bir leytenant gəlib. Özünü Mədət Quliyevin (Penitensiar Xidmətin rəisi-red.) yaxın qohumu kimi təqdim edir. Hər gün Neməti təxribata çəkir. Deyir ki, sən burda məhv olunacaqsan».

Səməd Pənahlı deyir ki, qardaşını təxribata çəkmək üçün yanvarın 14-də onun yanında olan İlqar adlı məhbusu döyüblər. Nemət Pənahlının kitablarını isə cırıblar. Bu haqda Nemət Pənahlı qardaşına zəng vurub deyib. Bundan sonra Səməd Pənahlı baş verənlərlə bağlı prezidentə müraciət edib:

«Yazmışam ki, Nemətin başına bir iş gəlsə, məsuliyyəti onlar daşıyır. İnanmıram ki, prezidentin bunlardan xəbəri yoxdur. Yoxdursa, yenə yazdım ki, olsun».

Penitensiar Xidmətin mətbuat xidmətinin rəhbəri Mehman Sadıqov isə AzadlıqRadiosuna bildirdi ki, deyilənlər cəfəngiyyatdır:

«Təkcə Nemət Pənahlını yox, bütün məhkumların təhlükəsizliyinə tam zəmanət verilir. Məhkumlar daxili nizam qaydalarına uyğun davranmalıdırlar. Siyasi əqidəsindən asılı olmayaraq, bu və ya digər məhkum intizam qaydalarına riayət etməlidir. O ki qaldı hansısa bir leytenantın hansısa bir məhkuma hədə-qorxu gəlməsinə, rəhbər işçinin adını hallandırmasına, bu ola bilməz. Kitablarının cırılması iddiasına gəldikdə isə, biz özümüz kitablar alırıq. Cəzaçəkmə yerlərindəki kitabxana fondumuzu artırmaq üçün qeyri-hökumət və beynəlxalq qurumlarla əməkdaşlıq edirik. Biz niyə kitabları cırmalıyıq ki?».

Nemət Pənahlı 2011-ci ilin iyununda Nəsimi rayon məhkəməsinin hökmü ilə 6 il azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq və qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə təqsirli bilinib.

Nemət Pənahlı ittihamı qurama adlandırır. Həbsinin siyasi sifariş olduğunu bildirir.
XS
SM
MD
LG