Keçid linkləri

2025, 10 Fevral, Bazar ertəsi, Bakı vaxtı 18:42

Gözdən əlil otaq tikməyə bir qarış torpaq istəyir


Göyçay
Göyçay
-
«Bir gözüm görmür, o biri də 20 faiz görür, övladım olandan sonra ata evindən çıxmışam, kirayədə yaşayıram. Dəfələrlə rayon icra hakimiyyətindən köməklik istəmişəm ki, mənə ya bir sığınacaq verin, ya da bir qarış torpaq, bir otaq tikim ailəmi yığım içərisinə. Deyirlər yoxdur».

40 MANAT TƏQAÜD, 50 MANAT KİRAYƏPULU

Göyçay sakini Azər Mustafayev:

«Vallah, billah, bezmişik kirayələrdən. 40 manat əlillik pensiyası alıram, bir zülmlə də sosial yardım məsələsini həll etmişəm. 50 manat kirayəpulu verirəm. Qışda isə qazpulu, işıqpulunu da üstünə gələndə bu xərc 70-80 manata qalxır. Prezidentə, Mehriban Əliyevaya yazdığım məktubların sayını-hesabını itirmişəm».

Azər Mustafayev deyir ki, həyat yoldaşı doğuşdan sonra qıcolmaya tutulduğundan işləmək qabiliyyəti yoxdur. Odur ki, ailənin yükünü tək çəkmək məcburiyyətindədir.

«Vallah, heç nə istəmirəm, yaşamağa daxma istəyirəm, daxmanı vermirlərsə, bir qarış torpaq istəyirəm. Bəs mən bu ölkənin vətəndaşı deyiləm?».

Arxiv foto
Arxiv foto
Göyçay rayon İcra Hakimiyyətindən «Qaynar xətt»ə bildiriblər ki, Azər Mustafayevin Bakıya yazdığı məktublar araşdırılması üçün onlara göndərilir. Ancaq İcra Hakimiyyətinin ev fondu olmadığına görə, köməklik edə bilmirlər. Rayonda evlər yalnız Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə tikilir. Ona görə də Azər Mustafayevə torpaq ayrılması üçün Torpaq və Xəritəçəkmə Komitəsinin rayon şöbəsinə müraciət ediblər.

İLANMƏLƏŞƏN YERLƏRDƏN TORPAQ TƏKLİF EDİBLƏR

Şöbədən isə bildirdilər ki, Azər Mustafayev təklif olunan torpaq sahələrini qəbul etmir. O, rayon mərkəzində torpaq sahəsi ayrılmasını tələb edir. Rayon mərkəzində fərdi ev tikintisi üçün boş torpaq sahəsi olmadığına görə, onun istəyini gerçəkləşdirə bilməyiblər.

Azər Mustafayev bildirir ki, ona təklif olunan torpaq sahəsi rayonun Yenarx kəndi ərazisində, ins-cins yaşamayan bir yerdədir:

«Sakinlər arasında oralara «ilanmələşən yer» deyirlər. Daş-kəsəkli yerdir, yaşayış üçün şərait yoxdur. Dedilər, istəyirsənsə burdan sənədləşdirək torpaq verək. Mən razılaşmadım. Sonra eşitdim ki, məndən qabaq başqa bir koru da həmin yerə aparıb torpaq təklif ediblər, o da imtina edib».

Azər Mustafayev «ümid sonda ölür» deyib, yenə də paytaxta yazır.
XS
SM
MD
LG