ABŞ-ın BMT-dəki səfiri Susan Rice prezident Barack Obamaya məktub yazaraq Dövlət Katibi vəzifəsinə namizədlikdən çəkildiyini bildirib. Rice məktubunda qərarını onun namizədliyinin Senatdan keçməsinin çətin olacağı ilə izah edib.
Bu il sentyabrın 11-də ABŞ səfirinin Liviyanın Benqazi şəhərində öldürülməsi barədə çıxışına görə Senatda ciddi suallar qarşısında qalmışdı.
Prezident Obama bildirib ki, xanım Rice-ın namizədlikdən çəkilmək qərarını qəbul edir. Prezident həmçinin əlavə edib ki, Susan Rice ABŞ-ın BMT-dəki səfiri kimi fəaliyyətini davam etdirəcək.
ABŞ mediası növbəti Dövlət Katibinin 2004-cü ildə prezident seçkisində Demokrat Partiyasının namizədi olmuş və seçkini uduzmuş John Kerry-nin (Con Kerri) təyin olunacağını ehtimal edirlər.
İndiki Dövlət Katibi Hillary Clinton gələn aydan – yanvardan vəzifəsindən gedir.