Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:13

3 ildir uşaq gözləyən ailə


Foto: Arxiv
Foto: Arxiv
-
Sultan Hüseynov təqaüdə çıxmış idman müəllimidir. Üç oğlunu böyüdəndən sonra övladlığa uşaq götürmək istəyib. Amma 3 ildir gözləməkdədir. Buna qədər uzun bir mübarizə apardığını deyir:

«Növbəyə götürmədilər. Mən də prinsipə düşdüm, axıra qədər getdim. Hadı Rəcəbliyə, Mehriban Əliyevaya yazdım. Axırı növbəyə götürdülər. Üç ildir növbəmi gözləyirəm. Vəziyyəti başa saldım ki, birinci həyat yoldaşım rəhmətə gedib. İkinci dəfə evlənmişəm. İstədim ki, buna qulaq yoldaşı, həyan olsun. Üç ildir növbəyə götürüblər. İki dəfə də zəng etmişəm, deyirlər ki, gözlə...».

UŞAQLARI ÖVLADLIĞA KİM VERİR

Azərbaycanda ailələrə övladlıq verilməsinə 3 dövlət qurumu baxır. 3 yaşına qədər uşaq götürmək istəyənlər Səhiyyə Nazirliyinə müraciət edirlər. 3 yaşdan yuxarı uşaqların övladlığa verilməsinə isə Təhsil Nazirliyi baxır. Əcnəbilər Azərbaycandan uşaq götürmək istəsələr, artıq fərqli ünvana üz tutmalıdırlar: Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə.

Yeri düşmüşkən, Komitənin açıqladığı son məlumatlarda Azərbaycandan uşaq götürmək istəyənlərin sayının indilik 10 nəfər olduğu bildirilir. Ötən il isə Komitə əcnəbi vətəndaşlara 6 uşaq övladlığa verməsi haqda məlumat yaymışdı. Uşaqlardan 3-ü Rusiya vətəndaşı olan azərbaycanlılara, biri Türkiyə, biri Fransa, sonuncusu isə ABŞ vətəndaşına övladlığa verilib.

Səhiyyə Nazirliyindən övladlığa uşaq götürmək üçün növbəyə duranların və ya övladlığa verilənlərin sayı haqda məlumat ala bilmədik. Nazirlikdən bununla bağlı statistika aparılmadığını dedilər.

Təhsil Nazirliyi isə bildirir ki, Azərbaycanda 3 yaşdan yuxarı uşaq götürmək istəyənlərin sayı 236-dır. Son iki ildə isə cəmi 24 uşaq övladlığa verilib.

NAZİRLİK: «UŞAQ ÇATMIR»

İndi də gələk Sultan Hüseynovun dediklərinə, uşaq götürmək istəyənlərin illərlə gözləməsinə və prosedurun mürəkkəbliyinə.

Təhsil Nazirliyinin De-institutlaşma və Uşaqları Müdafiə İdarəsinin rəisi Məlahət Hacıyeva deyir ki, növbələrin yaranmasına səbəb uşaqların az olmasıdır.

- İnternatlarda 10 minə yaxın uşaq var. Onlardan yalnız 3 750 nəfəri internatlarda gecələyir. Amma istirahət günləri, bayramlarda, tətillərdə evə gedirlər. Valideyni olmasa da, onların himayəçiləri var: nənə, baba, xala və s... Yalnız 596 uşaq – bu, yalnız Təhsil Nazirliyinin uşaq evlərinə yox,
Nazir Quliyev
Nazir Quliyev
başqa dövlət qurumlarına tabe olan uşaq evlərinin hamısına aiddir – 596 uşaq daim müəssisədə yaşayır. Ancaq bununla belə, onlar evə getməsələr də, valideynləri var. Onlar ya həbsdədirlər, ya ruhi-əsəb dispanserində müalicə alırlar və s... Təhsil Nazirliyinin apardığı mərkəzləşdirilmiş qeydiyyatda olan uşaqların sayı cəmi 27-dir.

- Belə çıxır ki, övladlığa verilməyə uşaq çatmır?


- Bəli...

«ONLARIN KAĞIZ ÜSTÜNDƏ VALİDEYNİ VAR»

«İnternatlardakı uşaqların çoxunun sadəcə sənəd üzərində valideynləri var». Uşaq QHT Alyansının rəhbəri Nazir Quliyev belə deyir:

«İnternat evlərinin nümunəvi əsasnaməsində qeyd olunur ki, valideyn üzrsüz səbəbdən 6 ay ərzində övladına baş çəkmirsə, onun təlim-tərbiyəsi ilə maraqlanmırsa, dövlət uşaq müəssisəsi məhkəməyə müraciət etməlidir. Beləliklə, həmin valideynlər atalıq-analıq hüququndan məhrum edilə bilər. Çox təəssüf ki, bu prosedur işləmir. Kağız üstündə valideyni olan uşaqlar ailəsiz və diqqətsiz qalırlar».

«CİBİNDƏ PULUN OLMALIDIR»

Uşaqların Hüquqlarını Müdafiə Liqasının rəhbəri Yusif Bəkirov isə iddia edir ki, uşaq götürmək istəyənin pulu olmalıdır:

«Cibində pulun olsa, istənilən qapı açılacaq. Problem ondadır ki, bu sahədə şəffaflıq yoxdur. Uşaq, necə deyərlər, kimlər üçünsə gəlir mənbəyinə çevrilib. Şəffaflıq yoxdur. Misal üçün, 200-dək adam uşaq götürmək üçün növbədə gözləyir. Sabah bir uşaq olanda, onu 167-ci, 169-cu adam da götürə bilər, amma 1-ci, 3-cü, 4-cü adam yox. Çünki siyahıda axırda duran adam «hörmət»ini edəcək. Ona görə deyirəm ki, şəffaflıq yoxdur. Uşaqlar korrupsiya qurbanı olmamalıdır. Kiminsə pulu azdırsa, o demək deyil ki, övladsız qalmalıdır. Şəffaflıq olarsa, nəzarət mexanizmi də işə düşər. İndisə heç kim öz haqqını tələb edə bilmir».

Yusif Bəkirov
Yusif Bəkirov
Təhsil Nazirliyinin rəsmisi Məlahət Hacıyeva isə Yusif Bəkirovun dediklərini yalan adlandırdı. «Konkret faktı varsa, buyursun, gəlsin araşdıraq» dedi.

«UŞAĞIN TƏHLÜKƏSİZLİYİNƏ TƏMİNAT OLMALIDIR»

Uşaq götürmək istəyən şəxs rayon və ya şəhər icra hakimiyyəti nəzdindəki qəyyumluq və himayə orqanına müraciət etməlidir. O, həmin quruma özü, sağlamlığı, gəlirləri haqqında məlumat verməlidir. Bütün sənədlər təqdim olunduqdan sonra icra orqanı ailənin qiymətləndirməsini aparır və ilkin rəy təqdim edir.

Daha sonra ailə uşaqla ünsiyyət qurur, problem yaranmırsa, ailə məhkəməyə müraciət edir. Son qərar məhkəmənindir.

O ki qaldı uşaq götürmək üçün prosedurun mürəkkəb olmasına, Təhsil Nazirliyinin rəsmisi Məlahət Hacıyeva bununla razı deyil:

«Qətiyyən mürəkkəblik yoxdur. Uşaq götürmək istəyən şəxsdən tələb edilən sənədlər ya vətəndaşın özündədir, ya da evinin ətrafındakı qurumlardan alınması mümkün sənədlərdir. Yalnız 3 sənəd dispanserlərdən alınır: ruhi-əsəb, dəri-zöhrəvi və ya narkoloji dispanserlərdən alınan sənədlər. Biz dövlətin himayəsindəki uşağı ailəyə veririksə, ailə üzvlərinin sağlam olması vacibdir. O uşağın təhlükəsizliyinə təminat olmalıdır».

Nazir Quliyevin dediyinə görə isə, bir çox ölkələrdə övladlığa verilmənin hüquqi, icra mexanizmləri elə qurulur ki, prosedur ən qısa zamanda başa çatır. Onun fikrincə, Azərbaycanda ən böyük problem odur ki, övlad sahibi olmaq istəyənlərlə bağlı həvəsləndirmə mexanizmləri yoxdur. Eyni zamanda, dövlət ailələrə hüquqi, mənəvi, psixoloji dəstək vermir.
XS
SM
MD
LG