Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:39

Clinton Rusiyanı yeni SSRİ yaratmaq cəhdində ittiham etdi


ABŞ Dövlət Katibi Hillary Clinton Dublində xəbərdarlıq edib ki, Rusiya SSRI-nin yeni versiyasını yaratmaq istəyir, ABŞ da Rusiyanın bu cəhdinin qabağını almağa çalışır.
Clintonun çıxışını Financial Times qəzeti qısaca belə qiymətləndirib.

Clinton isə sözbəsöz belə deyib: “Regionun yenidən sövetləşdirilməsi addımları atılır. Ancaq buna başqa ad qoyulur. Adı Avrasiya Birliyidir”.

Clinton daha sonra deyib ki, ad sizi çaşdırmasın, “Biz bilirik ki, məqsəd nədir. Biz bu prosesi zəiflətmək ya qabağını almaq üçün effektiv yollar arayırıq”.

Xatırladaq ki, söhbət Gömrük İttifaqından gedir. Bu ittifaqa Rusiyadan başqa Belarus və Qazaxıstan daxildir.

Maraqlıdır ki, Clinton öz sərt bəyanatını Rusiyanın xarici işlər naziri Lavrovla görüşdən cəmi bir neçə saat əvvəl verib.

Financial Times vaxtilə ABŞ-in Milli Təhlükəsizlik Şurasının üzvü, indi isə ABŞ-ın beyin mərkəzlərindən olan Rand Korporasiyasında çalışan Andrew Weissdən bu bəyanata münasibət öyrənib.

Weiss deyib ki, Putin ikinci prezidentliyə gələndə Rusiyanın öz qonşularına nüfuzunu artıracaq Avrasiya Birliyini diqqət mərkəzində saxlayacağını açıq deyirdi, ancaq “qonşu ölkələrin elitaları öz suverenliklərini Moskvaya vermək istəmirlər”.

RUSİYA TƏKZİB EDİR

Rusiya prezidentinin sözçüsü Dmitri Peskov Clintonun bəyanatını “vəziyyəti tamam səhv anlamaq” adlandırıb.

O deyib ki, “Keçmiş SSRİ məkanında bizim gördüyümüz yeni növ inteqrasiyadır. Bu inteqrasiya yalnız iqtisadi inteqrasiyaya əsaslanır. Başqa inteqrasiya bu dünyada mümkün deyil”.

Peskov deyib ki, SSRİ-nin hər hansı formada bərpasından söhbət belə gedə bilməz.

"PUTİN NAĞIL DANIŞIR"

“Rusiya MDB məkanında yeni SSRİ qururmu?” –
Bu suala azərbaycanlı politoqlar belə cavab verdi:



Vəfa Quluzadə
Vəfa Quluzadə

​Vəfa Quluzadə:

“Cəhdlər edilib, edilir və bunlar hamısı uğursuz cəhdlərdir. Məncə, Clinton düz edir ki, Rusiyaya xəbərdarlıq edir. Amma Rusiyanın belə imkanları yoxdur.
Müstəqil dövlətlərə qarşı güc işlədə bilmir. Gürcüstana qarşı güc işlətdi, heç nə edə bilmədi.
Müstəqil respublikaların müstəqillikləri güclənib. Onları yollarından döndərmək mümkün deyil.
İndi hətta qatı Rusiyapərəst Ermənistan da başqa müstəqil dövlətlərə çatmaq istəyir. Ermənistan da Rusiya boyunduruğundan xilas olmaq istəyir.
İstəyir ki, Azərbaycanla, Türkiyə ilə əlaqələri inkişaf etdirsin, Qarabağ problemi həll olunsun, ancaq Rusiya qoymur. Hələlik buna Rusiyanın gücü çatır”. .


Zərdüçt Əlizadə
Zərdüçt Əlizadə

Zərdüşt Əlizadə:

“Olmayan şeydən qorxuya düşmək gülüncdür.
ABŞ öz ətrafına dövlətləri öz hərbi, siyasi, iqtisadi qüdrəti ilə yığır, 1917-ci ildə SSRİ kasıbların bəxtəvər cəmiyyət qura biləcəyi kimi ideologiya ilə öz ətrafına dövlətləri yığmışdı.
İndi Rusiyanın nə iqtisadi, siyasi qüdrəti var, nə də cazibədar ideologiyası.

Putin öz xalqının başını aldatmaq üçün bir ideyadır da verib – Avrasiya Birliyi. Qonşu ölkənin lideri öz ölkəsindəki tənəzzülü ört-basdır etmək üçün hansısa bir təşkilatın yaradılması haqda nağıllar danışır. Biz niyə narahat olmalıyıq?”


Ərəıstun Oruclu
Ərəıstun Oruclu

Ərəstun Oruclu:

“Bu məkanda müxtəlif birliklər yaradılır, ancaq mən hesab etmirəm ki, bu, SSRİ-nin hər hansı formada bərpası cəhdidir.
Çünki bu ölkələrin bir-biri ilə sıx iqtisadi əlaqələri yoxdur, hakimiyyət maraqlarını çıxsaq, ümumi maraqları görsənmir.
Putinin iqtisadi birlik ideyası isə daha çox Rusiyanın daxili auditoriyasına ünvanlanıb.”

CLINTON DAHA NƏLƏRİ DEDİ?

Sonda onu da qeyd edək ki, Clinton öz fikirlərini İrlandiyanın paytaxtı Dublində vətəndaş cəmiyyəti fəalları ilə görüşdə deyib.

O MDB məkanında insan haqlarına da toxunub. Deyib ki, keçmiş sovet respubikaları dissident fikri boğmaqda daha aqressiv olurlar.

O deyib ki, Belarusla bağlı ABŞ-ın vəziyyəti düzəltmək cəhdləri baş tutmadı.
Ukrayna ilə isə ABŞ çox məyus oldu.

O həmçinin deyib ki. insan haqları ilə bağlı Türkmənistandan isə heç bir reaksiya yoxdur.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG