Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:56

Kəramət Böyükçölün "Ulduz"u iddialı ön sözlə gəldi


-

“Ulduz” jurnalının yeni sayı (11-ci nömrə) işıq üzü görüb.

Toplunun yeni sayına məsul gənc yazar Kəramət Böyükçöldür.

Kəramət Böyükçöl jurnala yazdığı ön sözü oxuculara təqdim edirik.

Ön söz bizim, son söz sənindir!..

1967-ci ildən ildən çap olunan “Ulduz” jurnalının çoxsaylı redaktorları arasında yalnız Elçin Hüseynbəyli toplunun hələlik dörd sayını gənclərin ixtiyarına verib və əlinizdə tutduğunuz bu sayı (dördüncü say!) mən hazırlamışam.

Elçin bəyə, AYB-nin gənclər üzrə katibi Rəşad Məcidə və AYB sədri, Xalq yazıçısı Anar müəllimə bu layihənin təşəbbüskarları kimi bütün gənclər adından minnətdarlığımı bildirirəm.

Gənclər buraxan ilk iki say mənə əsrin dinc, üçüncü say isə müharibə dönəmini xatırlatdı. Niyə belə? Niyə ilk iki saydan səs çıxmadı, fərqli cəhətləri olmadımı? Yəqin ki, lal doğulublar.

Üçüncü sayın müzakirələrə səbəb olması isə jurnalın uğuru yox, qabarıq görünən qüsurları ilə bağlı oldu. Deyilən haqlı tənqidlərə dözümsüzlük mübahisələri daha da qızışdırdı, ayağı və dayağı olmayan, ağızdan çıxan kimi təpəsi üstə yerə gələn şikəst fikirlər məsələni süni şəkildə daha da böyütdü.

Elə yazarlar və yazılar var ki, mübahisəyə gələ bilmirlər. Allah ədəbiyyatımızı belə “zəhmətkeşlərdən” qorusun. Gəncliyə məxsus ən başlıca xüsusiyyət isə səmimiyyət və cəsarətdir, fərqli, orijinal baxış bucağıdır.

“Ulduz” gənclik jurnalıdır. Bu bir həqiqət. Son vaxtlar da redaktorluq gənclərə verilib. Bu da çox gözəl. Siz bu sayda gənclərdən Elvin Bakiroğlu, Alik Əlioğlu, Fərid Hüseyn, Emin Piri, Mətləb Muxtarov, Aqşin Evren, Şahinə Könül, Nuranə Nur, Şəbnəm Karslı, Ramil Əhməd və digərlərinin maraqlı şeir və nəsr nümunləri ilə tanış ola biləcəksiniz. Amma gənc redaktorun peşakarlığı təkcə yaşıdlarını deyil, özündən yaşlı nəslin nümayəndələrini də necə təqdim etməsi ilə ölçülməlidir. Deyək ki, Rafiq Tağını, Kamal Abdullanı, Rəşad Məcidi, İmir Məmmədlini, Əsəd Cahangiri, Şərif Ağayarı... Bundan başqa, jurnal təkcə xronologiya baxımından deyil, ən fərqli rakurslardan geniş diapazona malik olmalıdır - janrca, çoğrafi yöndən...

Jurnalda bir neçə debütant şairin əsərləri və onlarla mini-müsahibə, gənclərin yaradıcılığı haqqında ədəbi-tənqidi material, müstəqillik dövrü poeziyası haqqında təhlil yazısı, müasir gürcü, rus, polyak poeziyasından tərcümələr, müasir şair və yazıçılarımız haqqında ağlamalı lətifələr, onların öz dillərindən xarakterini və fəaliyyətlərini açmağa çalışan şən kupletlər və başqa maraqlı rublikalar yer alıb.

Bundan başqa, jurnalda təqdim olunan gənclərin əsərləri özündən əvvəlki şair və yazıçıların əsərləri ilə paralel çap olunub. Baxın, o nə düşünürdü, bu nə düşünür? O, nə deyirdi, bu nə deyir? O, necə yazırdı, bu necə yazır?

Jurnalının təkcə içindəkilər deyil, üz qabığı da fikir bildirməlidir. Onun vərəqləri insan kimi nəfəs almalıdır. O, boğulmamalıdır. Jurnalda dinamika, hərəkət olmalıdır. Oxucu jurnaldan o qədər ədəbi informasiya almalıdır ki, onu iki-üç günə vərəqləyib qurtarmamalıdır. Buna misal olaraq vaxtilə Anarın redaktorluğu ilə çıxan “Qobustan”, Əkrəm Əylislinin redaktorluğu ilə işıq üzü görən “Azərbaycan” jurnallarını göstərmək olar.

Oxuyacağınız bu jurnal nəzəri olaraq irəli sürdüyümüz tezislərə praktik cavabdırmı? Bu barədə mən yalnız ön söz yaza bilərəm, son söz isə əlbəttə ki, sənə məxsusdur, möhtərəm oxucu!

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG