Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 07:25

Ələt-Astara magistral yolunda «payı» alınanlar...


Salyanda "yol hadisəsi"
Gözlə
Embed

No media source currently available

0:00 0:05:45 0:00

Salyanda "yol hadisəsi"

-

Ələt-Astara magistral yolunun Salyandan keçəcək hissəsində bir tərəfdə yol çəkilir, digər tərəfdə biçin gedir. Əkin sahəsi olan bu torpaqlarda bir necə il sonra maşınlar şütüyəcək.

Yenikənd sakini Həsən Abuzərov torpağı magistral yola düşən 150 mülkiyyətçidən biridir. İndi onun əkin sahəsinin bir hissəsi yola düşür, bir hissəsi yoncaya:

«HƏR İL BURDA ARPA ƏKİRDİM, TAXIL ƏKİRDİM, AİLƏMİ DOLANDIRIRDIM»

«Hər il burda arpa əkirdim, taxıl əkirdim, ailəmi dolandırırdım. Çörəyə pul vermirdim. Artıq qalan məhsulu da satıb pul edirdim. İndi bunlardan da məhrum olmuşuq».

Yeni yol Salyanın Xələc, Yenikənd, Çuxanlı kəndlərindən keçir. Dövlət yola düşən torpağın hər hektarını 2160 manatdan qiymətləndirib. 1800 manat bazar qiyməti... 360 manat prezidentin sərəncamına əsasən əlavə təzminat.

Mülkiyyətçilər kompensasiyanı alsalar da verilən məbləğdən narazıdırlar. Ancaq deyirlər ki, razılaşmaqdan başqa əlacları olmayıb:

«ƏVVƏL 18 MİN DEMİŞDİLƏR, SONRA MƏCBURİ HEKTARINA 2160 MANATA QOL ÇƏKDİRDİRDİLƏR»

Həsən Abuzərov
Həsən Abuzərov
- «Əvvəl 18 min AZN demişdilər, gedəndən sonra məcburi hektarına 2160 manata qol çəkdirdilər ki, xeyri yoxdur. Aldadıblar bizi».

- «Məcburiyyət qarşısında o pula qol çəkdik, dedik ki, bütün bunları edən o pulumuzu da yeyər, haqqımızı da yeyər».

- «1 hektara 2100 manat həmin yerdən 1-2 ilə götürülən qazanc deməkdir. Amma torpağı bizim əlimizdən birdəfəlik alıblar. Bu o deməkdir ki, heç olmasa 10-20 illik kompensasiya, həmin yerdən götürülən gəlir verilməliydi bizə. Amma ödəmədilər».

Yola düşən sahələrin çox hissəsi 1998-ci ildə kəndlilərə verilən pay torpaqlarıdır. Amma torpağı satın alan və ya bələdiyyədən icarəyə götürənlər də var. Xələc kənd sakini Şirzad Bəylərovun bələdiyyədən icarəyə götürdüyü torpağın yarısı plana düşüb. Özünün dediyinə görə, nəinki bu torpağa, heç orada əkdiyi 75 meyvə ağacına görə də kompensasiya vermirlərmiş. Mübarizəsinin nəticəsində hər ağaca görə 8 manat ödənilməsinə nail olub:

«AZƏRYOLSERVİS»İN MƏSUL İŞÇİLƏRİ HESAB EDİRLƏR Kİ...»

«Adicə şaftalı ağacının bir budağında orta hesabla 70-ə yaxın şaftalı var. «AzərYolServis»in məsul işçiləri hesab edirlər ki, bir şaftalı ağacı cəmi 8 kiloqramdan çox bar verə bilməz. Bunu necə hesablayırlar, bilmirəm».

Ələt-Astara yolunun tikintisi
Ələt-Astara yolunun tikintisi
Ələt-Astara magistral yolu Dünya Bankı və Asiya İnkişaf Bankının krediti ilə çəkilir. Dünya Bankı yolun inşası üçün 200 milyon manatdan çox kredit ayırıb. Azərbaycan hökuməti bu məbləği 20 il müddətinə 2-3 faizlə ödəyəcək. Layihənin sifarişçisi «AzəryolServis»dir. Nəqliyyat Nazirliyinin mətbuat katibi Namiq Həsənov deyir ki, mülkiyyətçilərə kompensasiya bazar qiymətinə uyğun ödənilib. Ödənilmə zamanı da Dünya Bankının şərtinə tam əməl olunub:

«KOMPENSASİYALAR BAZAR QİYMƏTİNƏ UYĞUN MÜƏYYƏNLƏŞDİRİLİR»

«Bu məsələ ilə bağlı bir neçə dövlət qurumu birlikdə işləyir. Maliyyə nazirliyi, İcra hakimiyyətləri və digər dövlət qurumlarının nümayəndələrindən təşkil olunmuş komissiyadır. Komissiya kompensasiyanın məbləğini qiymətləndirir və son nəticədə kompensasiya ödənilir. Kompensasiyalar bazar qiymətinə uyğun müəyyənləşdirilir. Kimin şikayəti varsa hüquq-mühafizə orqanlarına, məhkəməyə müraciət etsin».

Krediti ayıran Dünya Bankının şərtlərdən biri qeyri-könüllü köçürülmə siyasətinə əməl olunmasıdır. Bu siyasətə kompensasiyaların bazar qiymətlərinə uyğun ödənilməsi, məbləğlə bağlı razılıq əldə olunmadıqda mülkiyyətin əvəzlənməsi də daxildir.

Dünya Bankının Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Zaur Rzayev:

«KOMPENSASİYALARIN ÖDƏNİLMƏSİ AZƏRBAYCAN HÖKUMƏTİNİN ÜZƏRİNƏ DÜŞÜB»

«Dünya Bankı yalnız yolun çəkilməsi üçün kredit ayırıb. Kompensasiyaların ödənilməsi Azərbaycan hökumətinin üzərinə düşüb. Kredit alan tərəf bütün mülkiyyətçilərlə razılıq əldə etməklə, bankın qeyri-könüllü köçürülmə siyasətinə və digər tələblərə əməl edib».

Mirvari Qəhrəmanlı
Mirvari Qəhrəmanlı
Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı isə bildirir ki, mülkiyyətçilər hədə-qorxu altında torpaqlarını satmağa razılaşıblar:

«POLİS İDARƏSİNƏ APARILAN OLDU, HƏYƏTİNƏ POLİS GƏLƏN OLDU, HƏRBİ KOMİSSARLIĞA ÇAĞIRILAN OLDU»

«Torpaq var üstündə yonca var, yaxşı torpaqdır, ona da 1800 manat verirlər, yanındakına da. Niyə 1800 manat? Heç kim deyə bilmir. İnsanlara zorakılıqla qol çəkdirdilər. Polis idarəsinə aparılan oldu, həyətinə polis gələn oldu, hərbi komissarlığa çağırılan oldu, vəzifədə olan qohum-əqrəbaları ilə təzyiq olunan oldu».

Narazı mülkiyyətçilərdən 8-nin 4 illik səyləri nəticə verib. Plana düşən torpaq sahələri əvəzlənib.

Amma hər kəs onlar kimi 4 il dözür, öz hüquqlarını qorumağa can atırmı?
XS
SM
MD
LG