Keçid linkləri

2024, 13 Oktyabr, bazar, Bakı vaxtı 03:20

Suriyalı qaçqınların bazar təlaşı


Suriyadan Türkiyəyə keçən qaçqınlar
Suriyadan Türkiyəyə keçən qaçqınlar
-

New York Times qəzetinin əməkdaşı Jodi Rudoren İordaniyanın Zaatari şəhərində məskunlaşan suriyalı qaçqınların yaşamı haqda yazıb. Yazını ixtisarla təqdim edirik:

Nur İbrahim satdığı ətirlərin adını «Eau de Liberty» (Azadlıq suyu) qoyub. Satdığı ətirləri tərsinə çevrilmiş zibil qutusunun üstünə düzüb. Nur İbrahim Zaataridəki suriyalı qaçqınların düşərgəsində ətir satır. Gündə 8-10 dollar qazanır.

30 yaşlı İbrahim deyir ki, «hansı mədəniyyətin daşıyıcısı olurlarsa, olsunlar, insanlar başqalarının qarşısında onlardan gözəl ətir gəlməsini istəyirlər. Burda təmizlikdən danışmağa dəyməz. Hamıdan pis iy gəlir. Adamlar bəzən qaldıqları çadırlara belə ətir vururlar».

Suriyada üsyanlar başlayanda Deraadan gələn minlərlə qaçqın burda düşərgə salınandan az sonra bazar qurub. Böyük ehtimalla hələ aylarla burada yaşayacaqlar. Burdakı bazar isə gündən-günə böyüyür. Suriyalılar bura Dəməşqdəki ticarət prospektinə ithaf etdikləri Hamra Prospekti adını qoyub. Bazar düşərgənin əsas yolunda qurulub.

Cibində bir az pulu olan meyvə-tərəvəz piştaxtasına yaxınlaşır. Üst-üstə yığılmış, geyilmiş paltarları isə qışa hazırlıq görənlər alır. 23 yaşlı Yasser Mekdad yol qırağında geyilmiş paltar satır. Bir müştəri qadın çəhrayı rəngli idman paltarının ancaq bir hissəsini almaq istədiyini deyir. Mekdad da onu başa düşür. Həmin qadın deyir ki, «Suriyada bunu heç stolun üstünə də sərməzdim. Ancaq çarəsizlikdən indi bunları geyirik. Lap dilənçiyə dönmüşük».

Suriyalı qaçqınlar satdıqları malları hər gün gedib mərkəzdən alır. Bu satış yerləri, piştaxtalar həm də onlara nə isə edib pul qazanmaq ümidi verir. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İordaniya nümayəndəliyinin əməkdaşı Andrew Harper deyir ki, «minlərlə adamı bir yerə yığanda belə olur. İqtisadi inkişaf başlayır. Əsas cəmiyyət və məsuliyyət hissini yaratmaq, insanların bir işlə məşğul olmasını təmin etməkdir».

Bazardakı piştaxtalarda isə ən çox satılan pomidorla xiyardır. Munther Siran isə piştaxtalar arasında gül kələmi axtarır. Ancaq çətin tapa. Munther deyir ki, «bizim istifadə etdiyimiz düyünü quşlar belə yemir. Pendirin son istifadə tarixi çoxdan keçib, balıq isə iy verir».

Sayta hazırladı: Kəbiran Dilavərli
XS
SM
MD
LG