Heydər Əliyevin Meksika paytaxtındakı heykəli yerindən götürülməlidir. Mexiko şəhər hökumətinin heykəllə bağlı təsis etdiyi ekspertlər qrupunun gəldiyi nəticə belədir.
Bu haqda xəbər yayan AP agentliyi Azərbaycan səfirliyinə istinadən yazır ki, heykəlin götürülməsi haqda qərar iki ölkə arasındakı diplomatik münasibətlərə təsir edə bilər.
Azərbaycanın Meksikadakı səfirliyinin mətbuat xidmətində AzadlıqRadiosuna bildirblər ki, komissiyanın rəyi ciddi siyasi qərar olmayıb, tövsiyyə xarakteri daşıyır.
Heydər Əliyevin Meksika paytaxtında heykəli ucaldılandan sonra bir qrup fəal heykəl ətrafında etirazlara başladı. Heykəlin götürülməsini tələb edən qrup üzvlərinin əsas arqumenti Heydər Əliyevin şəxsiyyəti, onun kommunist və avtokrat lider olması idi. Etirazlar ona gətirdi ki, oktyabrda şəhər bələdiyyəsi 3 nəfərdən ibarət xüsusi komissya yaratdı.
Azərbaycan səfirliyində əmindilər ki, bu etirazlar regiondakı erməni lobbisi tərəfindən təşkil olunur.