Hayastan Ümumerməni Fondunun təşkil etdiyi builki telemarafonda Qarabağ və Suriyadan olan ermənilər üçün 21 422 477 dollar toplanıb. Bu pulun yarıdan çoxunu – 12 milyon dollarını noyabrın 8-də Moskvada keçirilən qala-konsertdə Rusiyada yaşayan zəngin ermənilər veriblər. Məsələn, Moskvadakı sığorta maqnatı Sergei Sarkisov həmin fonda 4 milyon dollar bağışlayıb.
Fond dekabrın 22-də axşam ABŞ-ın Los-Anceles şəhərində keçirdiyi telemarafonda isə 7 milyon dollar toplayıb. Keçənilki marafonda onlar Los-Ancelesdə 12 milyon dollar toplaya bilmişdilər.
Fondun rəsmiləri bildirirlər ki, bu il toplanan vəsait Qarabağda daha çox kənddə icma mərkəzlərinin yaradılmasına sərf ediləcək.
Hayastan Ümumerməni Fondu bu il toplanan vəsaitin 10 faizini də Suriyadakı erməni icmalarına yardıma xərcləyəcəyini bildirir.
20 il əvvəl yaradılan bu fond indiyə qədər Ermənistan və Qarabağdakı layihələrə 235 milyon dollar xərcləyib. Fond indiyə qədər 500 kilometr yol çəkdiyini, yüzlərlə yaşayış binası, evlər, məktəblər tikdiyini bildirir.
Fondun İdarə Heyətinə Ermənistan prezidenti Serzh Sarkisian rəhbərlik edir. Heyətə başqa yüksək vəzifəli ermənilər, Katalikos II Karegin də daxildir.