Keçid linkləri

2024, 13 Oktyabr, bazar, Bakı vaxtı 17:08

«Budur hökumətin işsizliklə mübarizə siyasəti?»


Samirə Mirzəyeva
Samirə Mirzəyeva
-
«Qaynar xətt»ə üz tutan Samirə Mirzəyeva 10 ildən artıqdır ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasındakı işində qalmaq üçün mübarizə aparır. Ötən 10 ildə o, Konfederasiya rəhbərliyi ilə məhkəmələrə də düşüb. Deyir, uzun illərdir ki, Konfederasiya rəhbərliyi öz yaxınlarını işlə təmin etmək üçün orda işləyənlərin hərəsini bir bəhanə ilə işdən çıxarır:

«Mən orda 1994-cü ildən katibə-makinaçı işləyirdim. İşimə son dərəcə məsuliyyətlə yanaşan adamam. Bir işçi deyə bilməz ki, mən işə gecikdim, işimdə səhlənkarlığa yol verdim və sair. Sadəcə, başqalarından fərqli olaraq mən haqqımı tapdalayan adamların qarşısında geri çəkilən, qovuldumsa, üzümü tutub gedən adam deyiləm. Sonadək mübarizə aparmağı sevirəm. 2001-ci ildə məni ilk dəfə işdən çıxartdılar. İşə bərpa üçün məhkəməyə müraciət etdim. Ali Məhkəməyə kimi getdim. 2003-cü ildə iş Ali Məhkəmədə olanda, məni köhnə yerimə müqavilə yolu ilə işə götürdülər. Ancaq artıq məhkəmələrə düşdüyümüzə görə rəhbərliyin məndən xoşu gəlmirdi. Bəhanə axtarırdılar ki, məni işdən necə çıxartsınlar. Bunu bildiyimə görə məsuliyyətimi birə-beş artırmışdım».

«GUYA YEMƏKXANADA SƏS-KÜY SALMIŞAM»

2007-ci ilin may ayında rəhbərlik Samirə Mirzəyevanı işdən çıxarmağa səbəb tapır.

Samirə Mirzəyeva:

«İşi elə düzüb qoşdular ki, guya mən yeməkxanada səs-küy salmışam, yeməkxana müdirini təhqir etmişəm, işçilərin rahatlığını pozmuşam. Halbuki, qeyd olunan hadisə mənim işdən çıxarılmağım üçün oyun idi və mənim o hadisədə heç bir günahım yox idi».

Səbail rayon Məhkəməsi Samirə Mirzəyevanın Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına qarşı işə bərpaya dair iddiasını təmin etməsə də, onun verdiyi apellyasiya şikayəti xeyrinə həll olunub. Apellyasiya Məhkəməsi hesab edib ki, o, katibə-makinaçı kimi üzərinə düşən əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirib.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası
Yeməkxana rəhbəri ilə münaqişəyə gəlincə, bu, onunla əmək müqaviləsinin pozulmasına əsas verə bilməz. Məhkəmə işdən çıxarılma müddətində buraxılan iş günlərinin itirilmiş əməkhaqqısının ona ödənilməsi ilə bağlı iddiasını da təmin edib.

Konfederasiya Ali Məhkəməyə kasasiya şikayəti verəndən sonra Samirə Mirzəyevanın işə bərpa olunmaqla bağlı ümidləri puç olub. Çünki bu instansiya onun işə bərpasına işıq salacaq qətnaməni ləğv edib.

ALİ MƏHKƏMƏNİN PLENUMUNA, DAHA SONRA KONSTİTUSİYA MƏHKƏMƏSİNƏ

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndəsi Əli Cəfərov bildirib ki, Samirə Mirzəyeva qanuni əsaslarla işdən azad olunub. 21 may 2007-ci il tarixdə AHİK yeməkxanasında yeməkxana müdirinin şərəf və ləyaqətini alçaldan sözlərlə təhqir edib, onu sakitləşdirmək istəyənlərə qışqıraraq iş ahəngini pozub. Onun hərəkətləri işçilərin narahatlığına səbəb olub, əmək intizamını pozmasına dair akt tərtib olunub. Onunla bağlanmış əmək müqaviləsinə xitam verilib.

Samirə Mirzəyeva isə deyir ki, indi hara müraciət edəcəyini bilmir. Yataqxanada 4 kvadratlıq otaqda tək yaşayır, işsiz qalıb, aldığı 70 manat ünvanlı sosial yardımla dolanmaqsa mümkün deyil.

Samirə Mirzəyeva:

«Budur bu hökumətin işsizliklə mübarizə siyasəti? Bir tərəfdən, guya minlərlə insanı işlə təmin edirlər, o biri tərəfdənsə, adamların işlərini əllərindən alırlar».

Hüquqşünas Namizəd Səfərov deyir ki, Samirə Mirzəyeva Ali Məhkəmənin Plenumuna, müsbət nəticə əldə edə bilməsə, daha sonra Konstitusiya Məhkəməsinə müraciət etməlidir.
XS
SM
MD
LG