Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:02

Ay camaat, mən sufiyəm...


Cavanşir Yusifli
Cavanşir Yusifli
-

“Bərpaçıya məktublar” silsiləsindən


Cavanşir Yusifli


AY CAMAAT, MƏN SUFIYƏM...


Mən məni bir daha ələ keçirsəm,
Abi-həyat içirsəm, demirəm...


Mən illər boyu apardığım müşahidələrin kadr arxasından baxanda Sabirin “ağlar-güləyən” obrazının boyaboy işıqlandığını görürəm.

İnsanların enerjili vaxtında necə irəli cumduqları, qocaldıqda tısbağa kimi qınlarına çəkildiklərini görmək üçün bir ömür yaşamaq və ən əsası susmaq gərəkdir.

Ancaq bu müşahidələrin içində mənə ən doğma olanı insanların yaşlaşdıqca özləri ilə gizlənqaç oynamalarıdır.

Özü gizlənir, özü qaçır, özü-özünü “tapır” və anidən itirir.

Uzun sözün qısası, mən tanıdığım və aşiq olduğum insanlar qəribə bir tərzdə sufiləşirlər.

Boy-buxuna baxırsan, yerişə-duruşa, ən əsası tamah potensialını görürsən, deyirsən: əhsən sənə!

Bu vurhavurda sufilik hardan çıxdı. Bu sufi kişilər və qadınlar (gənc və istedadlı Dədə Qorqudlar....) bir də gördün nəyisə ələ keçirib istila etmək üçün, yəni fateh olmaq üçün kiməsə açıq məktub yazır, kimisə danlayır... və birdən içində yatıb qalan nəzəri görüşləri şərh edirlər.

Boğaza qədər hisin-pasın içindəykən qəfil çıxış yolu tapılır: sufilik, ay camaat, mən sufiyəm. “Uzaq sahillərdə” filmi yadıma düşür: sən ancaq....

Bu parodiya tamaşasını gördükdə adam bilmir neyləsin; dünən böyür-başımızdan biri də getdi, əskildi, yəni sufi oldu.

Ümid təkcə bunadı ki, əvvəl-axır yan-yörədə kimsə qalacaq, səni tək buraxmayacaq.

İçində elə şeylər burax ki, hamı çəkib getsə belə, tək qalmayasan. Deyəsən, mən də yavaş-yavaş sufi oluram.

Bu sufi yeri gələndə dövlət mükafatı alır, ona-buna dissertasiya yazır, yaxud təşkil eləyir, yaxud çeşid-çeşid nitqlərində ikinci cümlədən sonra özünü tərifləyir.

Bizim günlərdə, türklər demişkən, çox yayğın olan insan tipi belədir: sufidir, ancaq bir balaca quyruğu var.

Bunlar qədim sufilərin dediyi kimi, “yaralı buraxılan adamlardır”. Aslanı yaralayıblar. Yəni, illər boyu çalışıb, zəhmət çəkib, amma vəzifə, ən azından istədiyini verməyiblər.

Bu adamlar həm də heç susmayan insanlardır. Qulaq asmadan danışan insan tipi.

Yenə qədim sufilər demişkən: sözlər həqiqət deyil, ağızdan çıxan səslərdir. Həqiqəti bilmək üçün yaşamağa ehtiyac var.

Bir də: söylədiklərimin hamısından vaz keçdim, peşman oldum, çünki nə sözdə məna, nə də mənada söz qaldı.

Mən sufi olmağımı belə planlaşdırıram:

Gecə hamıdan qabaq yatıb, sabah olmamış yerindən astaca qalxıb iş yerinə gəlirsən və beləcə hamını, elə özünü də aldadıb heç kəsin gümanı gəlməyən bir yerə qonaq gəlirsən, burda pəncərənin ağ-qara şəklindən payızın qızıl xəzəlinə baxıb dodaqların uçuqlayır.... Ömrüm boyu burda olmağı arzulamışdım, ola bilmədim, indi səhər açılacaq və gizlənməyin mənası itəcək.

Ömrün mənası nə uzun yaşamaqda
Nə tez ölməkdədi
Bu məna gecəylə gündüzün tən ortasında
Heç kəsin
Olmadığı yerdədi
Elə özünün də...

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG