Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:04

MKM, yaxud Səməd Vurğunun ov tüfəngi


Tənqidçinin "Oxu zalı"na göndərdiyi "Bərpaçıya məktublar" silsiləsindən növbəti yazı.



CAVANŞİR YUSİFLİ

Nə isə, deyib hər şeyi ötürmək olarmı? El arasında “yalanla gəlib-gedən nəfəs” ifadəsi var. Bu misallardan nə qədər desən gətirmək mümkündür.

Onların içinə (sözün qəlbinə-!) diqqətlə baxdıqda, işarə etmənin üzərindəki güclü vurğunu hiss etməmək mümkün deyildir.

Həqiqəti, ədaləti və bu qəbildən olan nəsnələri əllə tutmaq ... mümkünsüzdür, onlara astaca (yəni, hiss edilmədən) işarə etmək olar.

Ədalətsizlik necə görünürsə, necə hiss edilirsə, ədalət, həqiqət də canla duyulur, insan nə edirsə, bunun nə olduğunu tanrının ürəyinə əkdiyi toxumdan bilir. /Adımı eşitsəm, sevən bir qızın hələ öpülməmiş dodaqlarından... / İstənilən bədii mətn həm də, yəni onu yazan şəxsin təcrübəsindən kənarda, üzərində boy atdığı torpağın tarixindən, hamı üçün sönmüş, qapanmış yaddaşdan gəlir.

Latın Amerikası romanını analiz etməkdən yana yüz cür nəzəri model quraşdır, əgər yanıb cızdağı çıxan torpağın içindəki yaddaş ortaya gəlməzsə, o mətnləri izah edə bilməzsən.

İllər boyu canına şər əkilən bir torpağın məhsulu ilk baxışdan axarlı-baxarlı ola bilər, yəni geni dəyişdirilmiş meyvələr kimi, bir az böyük, bir az yaraşıqlı, ancaq dadı sanki hansısa düsturun içində həbs edilmiş nəsnəyə bənzəyir.

Nədənsə, son illərin vur-çatlasın nəsr əsərlərini oxuduqda yadıma ancaq bu düşür – genetik kodu dəyişdirilmiş (azdırılmış meyvələr).

Müsabiqə sonlarında yekə-yekə kişilər tutuşur, dalaşır, ətək-ətəyə, qulaq-qulağa, diş-dişə... Diqqətlə fikir verdikdə görürsən ki, bölüşəsi bir şey yoxdu.

Əslində var, - hərə həqiqəti özündə, öz mühakimələrində axtarır, ancaq onların özcə mühakimələrini araşdıranda çox bəsit şeylərlə rastlaşırsan.

Yaza bilmədin, sus, Əli Kərim demişkən, susmaq istedadı da var. Susa bilmədinsə, indicə qışqırıq qopacaq.

Bax, bu MKM müsabiqəsindəki qışqırıq kimi. Mən biləni yarımtotalitar rejimlərdə şairlik və ümumən yazıçılığın özəl bir sifəti var, bu rejimin yetirməsi olan şair şeirini bağrına elə basır ki, ahı ekoloji tarazlığı dəyişdirir, səbəbsiz yağışlar yağır, səbəbsiz istilər düşür və bu mənasız həyata baxıb “bir xoş günümüz də belə keçdi” deyib çırtıq çala-çala gedirsən. “...Ey dadi-bidad Ərdəbil...”.

Belə rejimlərdə akademikin birdən-birə əvvəlcə şair, sonra hər şey olması adi məişət hadisəsidir.

Yarımtotalitar rejimlərdə hamı vicdandan danışır, and içində “vicdanıma and olsun”

deyir (ürəyində “əlim dəmirdə” deyir), adi mətni anlamayan adam görəsən öz ixtisasını necə bilir?

Allah üzlərinə baxıb, biz onların ixtisasını bilmirik. Nə isə, bunu qoyub keçirəm başqa bir vaqiəyə. Bunu şərti olaraq “Bin Ladenin semiotikası” da adlandırmaq olar.

Yaxın günlərdə dostumuzun ad günü qeyd edilirdi, Səməd Vurğunun ev muzeyində.

Muzey nə muzey. Məmləkətdə bir belə şıdırğı təmir işləri muzeydən yan keçmiş.

Məclis ahəstəydi öz Mirisiylə. Birdən elə bir adama söz verdilər ki... Hirsi boğazında qalan bu adam elə gərgin danışırdı sanırdın vulkan püskürəcək.

Səninləyəm, qoca vulkan... Ancaq... muzey bu səsdən yerlə yeksan ola bilərdi.

Təmirçilər onsuz da gəlməyəcəkdi. Çünki, necə deyərlər, xərci borcundan çox çıxardı.

Dostumla dözməyib otaqları gəzməyə başladıq. Gözümə Səməd Vurğunun ov tüfəngi sataşdı. Çıxış yolunu tapdım, tüfəngi götürüb cumsan içəri... Görəsən, Vurğunun pas atmış tüfəngi açılardımı.

Cavab gəldi güllələrdən
Şair nə tez qocaldın sən...


Mübahisə eləyənlər deyirlər, siz ya o kitabları oxumamısınız, ya da bir-birinizdən söz alıb söz vermisiniz. Bir sözlə işi pozmusunuz.

Ancaq... bu adamlar balaca fiqurlar deyil, onlar opponentlərinə lazımınca cavab verdilər. Get dolanginən, xamsən hənuz, hələ bilmirsən sən vəzni-əruz...

Mənsə düşünürəm, nəyi qoyub nəyi axtarırsınız. Bu adamlar düz deyirlər, əməllicə oxuyub, əməllicə qiymət veriblər. Xudu Məmmədov .... bir əsrdə bir dənə olur, on dənə olmur.

Ən dəhşətlisi budu ki, biz istənilən kombinasiyada uduzuruq, Etimad deməmişkən, istəyirsən, onları çıxar, yerlərinə Salamı, Əsəd Cahangiri, Hasan Şaşı qoy...

Topu elə vuracaqlar ki, ya öz qapısına girəcək, ya da qonşu stadiondakı qapının dirəyini sındıracaq. İstənilən kombinasiyada uduzmaq nə deməkdir, bilirsinizmi?

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG