Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 17:10

Zaqatala: zəlzələ 51 yaşayış məntəqəsində fəsadlar törədib


Zaqatala Rayon Fövqəladə Hallar Komissiyasından AzərTAc-a bildiriblər ki, sonuncu yeraltı təkanlar rayonun 51 yaşayış məntəqəsində fəsadlar törədib. Rayonun Dombabinə, Faldarlı və Aşağı Tala kəndlərində 15 fərdi evin divarı uçub, evlər qəzalı vəziyyətə düşüb. Mayda baş vermiş əvvəlki zəlzələlər zamanı bərpa-gücləndirmə və təmirə ehtiyacı olduğu müəyyənləşdirilən 3 minə yaxın fərdi ev yenidən zərər görüb, divarlardakı çatlar böyüyüb.

Yeraltı təkanlar nəticəsində Faldarlı, Qandax, Uzun Qazmalar, Yolayrıc, Mosul kəndlərinin məktəb binalarında təhlükəli çatlar əmələ gəlib. Əvvəlki zəlzələlər zamanı zərər görmüş Danaçı kənd 1 saylı və Aşağı Tala kənd 3 saylı orta məktəblərin binaları qəzalı vəziyyətə düşdüyü üçün bu təhsil obyektlərinin fəaliyyəti dayandırılıb. Baş verə biləcək təhlükəni nəzərə alaraq rayondakı uşaq bağçaları da qeyri-müəyyən müddətə bağlanıb.

Oktyabrın 14-də Balakən rayonunun Gürcüstanla sərhədində əvvəl 7, daha sonra 5 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar Zaqatalada 6 və 4 bal gücündə hiss olunub.
XS
SM
MD
LG