Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:17

Qarabağlı Turan və Tiqranın Atlantik okeanındakı sərgüzəştləri


ATAQAM
ATAQAM
-

- Xalaoğlumu bilirsən necə öldürdü sizinkilər?! Bilirsən nə ağıllı oğlan idi?! – qəhər məni boğdu, ağlamsındım, - bilirsən necə yaraşıqlıydı?! Əli qızıl idi! Sizinkilər onu öldürəndən sonra başının dərisini də soymuşdular! - əllərimi divara çırpdım, - Bax bu əllərimlə başını sarıdım.

Tiqran başını aşağı saldı. Hıçqırıqdan çiyinləri atılırdı.

- Mənim qardaşımı da sizinkilər snayperlə vurmuşdular, düz boğazından, - o, boğula-boğula danışırdı, - təzəcə evləndirmişdik... Sifətinin yarısı yox idi... meyitini zorla tanıdıq.



"Ədəbi Azadlıq-2012" müsabiqəsinin mükafatçısı Ataqamdan yeni hekayə


Ataqam


OKEANDA İKİ MAYMAQ


Dürres limanından üç gün idi çıxmışdıq. Göyərtədə durub dənizə baxmaqdan bezmişdim.

Gündüzləri birtəhər yola vermək olurdu; Mixayla söhbət eləyirdim, yorulanda da trümdə çığır-bağırla pivə içib qumar oynayan uşaqlara qoşulub vaxtı öldürə bilirdim, amma gecələr müharibə günlərindəki kimi çox ləng keçirdi.

Doğrusu, qumar oynamağa pulum da yox idi, elə belə, kənarda durub uduzanlara baxırdım.

Bu gəmiyə düşmək üçün tarımı, iki il öncə iş yoldaşlarımın otuzilliyimə bağışladığı ipək xalçanı, Sabunçuda evində kirayə qaldığım tatar arvad rəhmətə gedəndə mənə vəsiyyət elədiyi sarı labradoru, bir də dalğıc kostyumumu satıb Priştinaya yolpulu ilə Afrim Dalipinin istədiyi yeddi yüz dolları birtəhər düzəltmişdim.

Daşaltıda ölən xalaoğlumun mənə bağışladığı oyma işləri satmağa aparanda qəhərləndim, ağlayacağımdan qorxub bir neçə dəfə dərindən nəfəs alıb özümü toxdatdım. Onun ştixellərini* də almaq istəyən oldu, satmağa əlim gəlmədi. Kitablarımı isə alan olmadı – indi hamı Kirildən üz döndərib latına keçir, köhnə əlifbada kitablar kimin nəyinə lazımdı?! – o səbəbdən xeyli borc da eləməli oldum.

Gəmiyə minməzdən qabaq cibimdə qalan on beş dolları lekə* çevirib bir beşkiloluq torba dolu qaxac çörək, su, siqaret, ərinmiş pendir, bir də şirinçayı əvəz eləyəcək limonad almışdım. On günə bəs eləməliydi - Afrim məni Prizrendən dağlarla Kükesə keçirib Tiranaya gətirəndə yolda and içib söz vermişdi. “Zoti* Turan, - Afrim verdiyim yeddi bencini* qımışa-qımışa sayıb pencəyinin döş cibinə dürtüb demişdi, - narahat olma, Allah haqqı mən beş ildi bu yolu gedib-gəlirəm, uzaqbaşı on günə hamınız sağ-salamat Nyufaundləndə* çatacaqsınız! Ordan da, - dua eləyirmiş kimi əllərini göyə açdı, - kismet*, Ontarioya iki addımlıq yoldu”.

Mən Afrimə inanırdım. İndi mən hamıya inanmağa məcbur idim. İçimdəki şübhələri basıb aparıb lap dərinlərdə, özümün də əlim çatmayan yerlərdə gizlətmişdim.

-Mənimki sizi traulerimlə Madeyraya* çatdırmaq, ordan da “Miraj” quruyük gəmisinə mindirib Nyufaundləndə yola salmaqdı, - Afrim Tiranadakı “Tefay” mehmanxanasının bar-kafesində ekspressosunu qarışdıra-qarışdıra bizə, gözlərinə ümidlə qorxunun qarışığı hopmuş on bir nəfərə gedəcəyimiz yolu başa salır, son göstərişlərini verirdi. Sonra da fincanındakı qəhvəni bir qurtuma udub ayağa durdu. – Mire*, rregul*, mən getdim, sabah Dürresdə görüşərik.

– Falemnderit*, zoti Dalipi,- deyib sağollaşıb boynumuzu bar-kafenin pəncərəsindən uzadıb onun tini dönüb gözdən itməsini gözlədik.

Həmin an Afrim gözümdə Xilaskar İsa kimi möcüzələr yarada biləcək qüdrətli bir adam qədər böyüdü.

Uşaqlardan ayrılıb Rinas hava limanına gedən yolda Afrimin məsləhəti ilə günü üç yüz lekə kirayələdiyim kasolleyə* qayıtdım.

Yüngül külək əsirdi. Dalğalar gəmini aramla yırğalayırdı. Kapitan kayutunun sol tərəfində divara bərkidilmiş narıncı penoplast xilas halqasına - Pirşağıdakı keçmiş xilasedici yoldaşlarımın dediyi kimi - “batmaz”a söykənmişdim. Yıxılmamaq üçün hər ayağımı trümün havalandırma borularından birinə dirəmişdim. Qara yağmurluğumun zəncirbəndini axıra qədər çəkib papağını başıma keçirdib bağlarını düyünləmişdim. Çevrilib kapitan kayutunun pəncərəsində özümə baxdım. Bircə gözlərim görünürdü. Yağmurluğum minaya düşmüş yoldaşlarımızın meyitini büküb daşıdığımız kadaver torbasına oxşayırdı.

Afrim Dalipi pivə içir, sükandan yapışmış köməkçisi ilə albansayağı, az qala qışqıra-qışqıra danışıb nə haqdasa mübahisə eləyirdi.

Dalğalar hərdən gəminin gövdəsini aşır, su göyərtə boyu axırdı. Ayaqlarım islanmasın deyə, hər dəfə leyersiz batmazın qarmağından yapışıb döşəməyə bərkidilmiş kompressorun üstünə çıxırdım.

Trauler çox köhnə idi, hər yeri pas atmışdı. Üstü mamırlamış pasın altından “Ənvər Xoca” sözlərini hələ limanda birtəhər oxuya bilmişdim. Gəminin arxasındakı hər iki barabandan çürük tor qalıqları sallanırdı. Trümün divarlarına kəsif balıq iyi hopmuşdu.

Cəbəllütariq boğazına yaxınlaşırdıq. Bu gecə Tərifəni* keçib açıq okeana çıxacaqdıq...

Gəmiyə mindiyim ilk gün möhkəm yorulmuşdum. Afrimin göstərişi ilə hərəmiz özümüzə bir yer seçmişdik. Mən trapla trümə enən kimi sol divarda ərəbcə “Allahu-Əkbər” və oxuya bilmədiyim bir neçə ad yazılmış küncü seçdim. Trüm iki yerə bölunmüşdü: bir yarısına divar boyu taxtalar düzülüb döşəməyə bərkidilmişdi, o biri yarısında rezin qayışlarla divara bağlanmış ağzıbağlı plastik çənlər var idi. Çənlərin içində nə olduğunu öyrənmək istədim, amma yorğunluq güc gəldi, isti paltarlarımdan birini çantadan çıxarıb kürəyimə salıb taxtaların üstünə uzanıb mürgülədim.

-Ey, - kimsə çiynimə toxundu, - dur, şam eləyirik, qoşul bizə.

-Sağ olun, yemirəm, ac deyiləm, - gözüyumulu cavab verdim.
Acmışdım, amma yuxu mənə daha şirin gəldi. Dedim həm də yatıb bir övnəyə qənaət eləyərəm.

Ertəsi gün uşaqların səsinə oyandım. Kif balıq iyinin üstünə pivə qoxusu ilə siqaret iyi də gəlmişdi. Hava dözülməz idi. Gözümü açan kimi durub göyərtəyə qalxdım. Dəniz sakit idi, amma göydə qara bulud topaları vardı. Ürəyim sıxıldı. Siqaret yandırdım.

Biz azdan uşaqlar da bir-bir göyərtəyə qalxdılar. Danışıqlarından serbləri, bolqarları, Moldova rumınlarını ayırd eləyə bilirdim, amma qıvrım saçları çiyninə tökülən xəstəhal arıq adamın hansı millətdən olduğunu tapa bilmirdim, çünki o heç kimə qarışmır, eləcə siqareti siqaret dalınca yandırıb sümürür, gözünü bir nöqtəyə zilləyib durub baxırdı. Hərdən göyərənə qədər öskürür, sonra da öz dilində acıqla astadan kiminsə, ya nəyinsə qarasınca söyürdü. Tez-tez də əlini toqqasından sallanan kiçik dəri torbaya sürtürdü. Uşaqlar bir neçə dəfə onun torbacığına sataşıb “pulları bərk qoru, Ontarioda yanına borca gələcəyik” deyib onu danışdırmaq istəmişdilərsə də, laqeydliklə havaya üfürülən siqaret tüstüsündən başqa cavab ala bilməmişdilər.

Göyərtəyə qalxanların hamısı sola burulub mənim dayandığım yerə yaxın qoruyucu dəmir barıya söykənib yarımçıq pivələrini içdikləri vaxt, o qıvrımsaç siqaretin kötüyünü dənizə atdı, təzəsini yandırıb kapitan kayutunun sağ tərəfinə keçdi.

Onunla tanış olmaq istədim. Səbəbini bilmirdim, məni çəkən bəlkə onun dərdini öyrənmək marağı, bəlkə də təxminən mən yaşda olması, ya da rənginin buğdayılığı idi. Adam öz dərdini yüngülləşdirmək üçün bəzən dərdi özününkündən çox olanla söhbətə ehtiyac duyur.

Kapitan kayutunun sağ tərəfinə keçib ona yaxınlaşdım.
-A jeni shqiptare? - onun alban olub-olmadığını soruşdum.

Əslində, onun kim olduğunu öyrənməklə, özümün kim olacağıma aydınlıq gətirmək istəyirdim. Əgər o, “po, unë jam shqiptare” deyib alban olduğunu təsdiq etsəydi, işim qəliz olacaqdı, çünki mən özümü alban kimi qələmə vermək istəyirdim. Özümə ad da götürmüşdüm - Samet. Samet Taçi. Afrimdən də xahiş eləmişdim məni Turan Məlikli yox, Samet Taçi çağırsın.

Bu adı Tiranada qaldığım kasolle olan məhəllədə eşidəndə, sinif yoldaşım Səməd yadıma düşmüşdü. O, 93-də Hadrut səmtindəki döyüşlərin birində yaralanıb əsir aparılmışdı. Əsirlikdə Səmədin damarına kerosin vurub öldürülməsi xəbəri Cəbrayıla yayılanda, atası İslam kişinin başına hava gəldi. Biz, Səmədin sinif yoldaşları, hələ də sağ olduğumuz üçün İslam kişi ilə rastlaşmaqdan qaçırdıq, amma onun gözündən yayınmaq həmişə alınmırdı. Bir dəfə Qalalı məhləsinin hər iki tərəfdən hasarlanmış dar küçəsi ilə üzüyuxarı, evimizə tərəf qalxanda, İslam kişi qəflətən qarşımda peyda olmuş, “Səməd, balam!” deyib boynumu qucaqlayıb uzun müddət əzizləmişdi. İndi özümə Səmədin adını götürməklə, onu bir neçə gün yaşatmaq istəyirdim...

-Yox, - qıvrımsaç başını bulayıb ingiliscə cavab verdi, - Roma.

Roma?! – təəccübləndim, axı italiyalının qaçaq yolla Kanadaya getməsinə nə lüzum var, rahatca öz pasportu ilə gedə bilərdi. Sonra onun rumın ola biləcəyini düşünüb soruşdum:

-İtaliyalısan, yoxsa rumın?

-Yox, - gülümsündü, - italiyalı olsaydım nə dərdim olardı?! – o, ingiliscə danışanda feilləri məsdərdə deyirdi - Rumın da deyiləm, -yenidən siqaret alışdırdı, - Romayam. Romale, hə, hə, Romale... Qaraçı!

Onu öskürək tutdu. Mən onun qolundan yapışıb belini ovxaladım. Deyəsən köməyi oldu. Mənə baxıb başını tərpədib gülümsədi.

Qaraçıların öz kimliyindən utanmalarını eşitmişdim, ona görə də üzümdə səmimi təbəssüm yaradıb onlara xüsusi rəğbətimi bildirmək istədim. Əslində, səmimi təbəssüm yaratmaq çətin olmadı, çünki onun alban olmadığını biləndə, çox sevindim. Özümə təzə ad uydurmalı olmayacaqdım.

-Sizin millət çox bacarıqlıdı, - mən onun könlünü almaq üçün dedim, - əla mahnılarınız var.

O, bir qədər susdu.

-Sofia Kovalevskaya, Antonio Solario, - onun mənimlə razılaşmasına çalışaraq, bir neçə yadımda qalan qaraçı məşhurlarının adını çəkdim, - hələ Çarli Çaplini demirəm...

-Çarli Çaplin deyəsən yəhudidi axı, - o, siqaretinə dərindən qullab vurub dedi.

-Yox, hamı onu yəhudi bilir, amma o əsl Romaledi! Vest Midlandda qaraçı karvanında doğulub. Dəqiq bilirəm!

- Ola bilər, - o başını tərpətdi, - gülməli adamdı, mənim də xoşum gəlir.

“Gicbəsər!” – öz-özümə düşündüm,- bu ki, heç öz millətinin qaymaqlarını tanımır?! Dayaz adamdı! Eh, cəhənnəm olsun, onun millətindən mənə nə?”

- Samet Taçi, - özümü təqdim edib əlimi ona uzatdım.

-Mixay Pollak, - o da əl uzatdı, - Slovakiyadanam, - əlimi əlində saxlayıb əlavə etdi, - qaraçı olduğumu uşaqlara deməyin. Olarmı?

Ona yazığım gəldi. Əlini bərk sıxdım:

-Arxayın olun, demərəm, soruşan olsa, deyəcəm slovakiyalısız.

O, başı ilə razılıq bildirdi.

Biz xeyli söhbət elədik. Əslində, mən danışırdım, o qulaq asırdı. Özüm haqda neçə ay bundan qabaq quraşdırdığım nağılın bir hissəsini ona danışdım, sonda da guya “Koha Jonё”* qəzetində işlədiyim vaxtlarda baş verən bir neçə gülməli əhvalat söylədim.

Səfərimizin ikinci gününün axşamı artıq uydurduğum nağılı Mixaya tamam danışıb qurtarmışdım. O da arvadı Kristina və beşyaşlı qızı Jasmina ilə yaşadığı kiçik Zvolen qəsəbəsindən, uşaq vaxtı Zvolen qəsrinin divarlarına dırmaşmalarından, dostları ilə hər gün çex məhəlləsində dava salmalarından, Hron çayında çimməyə getmələrindən, hətta Fero Veleki* ilə şəkil çəkdirdiyindən uzun-uzadı danışdı.

Gecə pis yatdım. Başımda bərk uğultu vardı. Yuxuda kol basmış tut bağlarının üstü ilə elə hey uçurdum. Buralar mənə tanış gəlirdi, amma hara olduğunu heç cür tapa bilmirdim.

Yuxudan ayıldım. Hamı yatmışdı. Mixayın xorultusu gəlirdi. Ehmalca durub dəvdənib trapın sürahisini tapdım. Göyərtəyə qalxıb barıya söykəndim. Dan sökülməyinə hələ bir neçə saat qalırdı. Dənizdə ağlagəlməz sakitlik vardı. Uzaqdan Cəbəllütariq boğazına doğru üzən və geri qayıdan tankerlərin, quruyük gəmilərinin, kabotaj laynerlərinin parıltılı işıqları, suda tərsinə çevrilib yüngülcə titrəyən siluetləri görünürdü. Dalğaların zorla eşidiləcək şırıltısı sübh vaxtı çinar ağaclarının xışıltısına nə qədər oxşayırdı!

Yadıma Cəbrayıldakı evimiz düşdü. “Görəsən, heç olmasa, divarları salamat qalıb? Təzə əkdiyimiz tinglər çiçəkləyəndə nə qədər sevinmişdik! Deyirlər, ağacları da kəsib aparıblar. İnanmıram. Kimdi özünə əziyyət verib o qədər ağacı mişarlayan? Amma.. yox, tankla bircə dəfə o baş-bu baş getsələr... Axı onlar hələ körpə idi...” Barıdan yapışıb oturdum. Nə qədər çalışdımsa, alınmadı, gözlərim yaşardı. Qaranlıqda ağlamaqdan asan nə var!

Uşaqlar göyərtəyə qalxana qədər gözlədim, sonra trümə endim. Oturub başımı trümün divarına söykədim. Vaxtı öldürmək üçün xəyalımda bir zamanlar tora düşmüş balıqların can verdiyi bu anbarın həcmini hesablamağa başladım. Özümü balıq kimi axmaq hiss elədim. Qəhər məni yenə boğdu.

Şərfimi açıb başımı bürüdüm. “Yatmaq! Gəmi boğazı keçib okeana çıxana qədər yatmaq lazımdı!”

***

-Ey, Samet, - kimsə kürəyimə bir neçə dəfə astadan vurdu, - niyə yatmısan, nəsə olub?
Mixay idi.

-Yox, - özümü heç nə olmamış kimi göstərdim.

Dikəlib oturdum.

- Göyərtəyə qalxaq? -Mixay siqaretin tüstüsünü kənara üfürüb dedi.

- Yorulmuşam, yatmaq istəyirəm.

- Dur, boğaza giririk, gedək baxaq.

- Yaxşı, sən get, mən gələrəm, - deyib başımı atıb yatmağa çalışdım.

Axşama doğru şimal küləyi başladı. Gəmi dayanmadan yırğalanırdı. Başım gicəllənir, ürəyim bulanırdı. Kinetoza* tutulmaqdan qorxurdum.

Yarım saatdan sonra trümdəkilər qarınlarını qucaqlayıb trapın dəstəyindən tuta-tuta bir-bir göyərtəyə qalxdılar. Mən də onlara qoşuldum. Afrim öyüyənləri gəminin arxasına aparır, on-on beş dəqiqədən sonra qaytarıb gətirir, əlini dostyana onların kürəyinə vurub deyirdi:

-İndi mühacirət üçün tam hazırsan, içində vətəndən heç nə qalmadı, tər-təmizsən! – ardınca da gülürdü.

Dalğalar hirslə qalxıb-enir, gəminin burnuna çırpılıb sönürdü. Sanki, Cəbəllütariqlə Atlantik okeanının gizli sövdələşməsi vardı: boğaz udquna-udquna gəmiləri dartıb okeanın mədəsinə salmalı, okean da köpüklü dalğalarıyla gəmidəkiləri yumşaldıb həzm üçün hazır etməli idi.

-Heey, rəzillər, - Afrim başını kapitan kayutundan çıxarıb bağırdı, - şirindil ontariolu qızlarla əylənmək arzunuz ölməyibsə, tez trümə enin, yoxsa suya düşüb köpək balıqlarına yem olarsız!

Uşaqlar Afrimin sözlərini ləzzətlə təkrarlaya-təkrarlaya tez-tələsik trümə doluşdu.

Coşmuş dalğalar zərblə gəminin dəmir gövdəsinə çırpılır, səs dalğaları divarı keçib trümə dolur, divardan divara dəyib içəridə vahiməli uğultu yaradırdı. Qısa zamanda Allaha müxtəlif dillərdəki yalvarışlarımız pıçıltıdan isterik çığırtıya keçib bir-birinə qarışdı. Bir azdan isə bu qarışıq səslər ağlaşmaya döndü.

Mixayla mən bir-birimizə baxır, bir əlimizlə döşəməyə bərkidilmiş taxta yataqlarımızdan yapışıb, o biri ilə başımızı gövdənin dəmir divarına çırpılmaqdan qoruyurduq.

Gecəyarı dalğaların boyu qısalıb gücü səngidi. Su içməyə tələsən sığın sürüsü kimi göyərtəyə cumub siqaret alışdırıb acgözlüklə sümürdük. Dalbadal açılan pivə çənçələrindən qıjıldayıb çıxan köpüklər göyərtəni islatmış duzlu suya qarışdı.

-Bu gecə Tərifəni keçib okeana çıxırıq! -uşaqlar Afrimin təntənəli elanını pivə çənçələrinin toqquşması ilə qarşıladı.

Serblər trümdən daha iki pivə kaseti gətirib ortaya qoydular. Kasetlərdən biri dərhal boşaldı. Bir neçə saatlıq qorxunu siqaret və pivə ilə öldürənlər trümə enib yatmağa getdi. Mixayla mən göyərtədə qaldıq. Yanaşı oturub barıya söykəndik. Pivə ikimizi də tutmuşdu. Ordan-burdan qırıq-qırıq danışırdıq. Üçüncü çənçədən sonra bir neçə saat öncəki qasırğanı da, bura gəlmək üçün borc aldığımız adamların adlarını da unutduq. Dünya gözəl idi, elə bil Afrimin sınıq-salxaq traulerində qaçaq yolla Kanadaya yox, kruiz laynerində Havay adalarına dincəlməyə gedirdik. Qaradinməz Mixay dil-dil ötürdü; beş yaşlı Jasminasının şıltaqlıqlarından, arvadı Kristina ilə keçirdiyi xoş günlərdən, Kanadaya çatan kimi onları da tezliklə çəkib gətirəcəyindən danışırdı. Hərdən lap ağ eləyib dili dolaşa-dolaşa arvadı ilə necə sevişdiklərini də ətraflı təsvir eləyirdi. Mən onun arvadı haqda dediklərini eşitməmək üçün bir neçə mil aralıdan üzüb keçən nəhəng gəmilərə baxırdım. Mixayın Kanadaya qaçmaq üçün pul yığması, saxta sənədlər düzəltdirməsi, Afrimlə tanışlığı haqda söhbətində isə maraqlı heç nə yox idi: həyatını uduzmuşlar eyni yolu eyni hisslərlə keçir.

Gecədən xeyli keçmiş ayağımız dolaşa-dolaşa trümə endik. Hamı yatmışdı. Biz də bir-birimizə şirin yuxu arzulayıb taxta yatağımıza uzandıq.

***

-Sameeet! Sameeeetii!– kimsə bərkdən çağırırdı, səs trümdə əks-səda verirdi.
Elə bildim yuxudayam, İslam kişini görürəm, yenə hər axşamkı kimi Çay Arasında üzü Hərəkülə durub oğlu Səmədi səsləyir.

- Mixaaay! Miiixaaaay!!! - Turaaaan!!! – bu dəfə bir neçə səs gah Mixayı, gah da məni səsləyirdi. Məni öz adımla çağırırdılar.

Diksindim. Gözümü açdım. Trapın göyərtəyə çıxdığı, bacaya oxşayan yarıqdan trümün ortasına düşən top şüa içərini azacıq işıqlandırırdı. Nə baş verdiyini anlaya bilmirdim.

Durub oturmaq istədim, amma dura bilmədim, başım çənə dəydi. Hələ də yuxuda olduğumu düşündüm. Qolumu çimdiklədim. “Yox, oyağam”. Mən öz yerimdə yox, sürüşüb gəlib çənlərin yanına çıxmışdım. Mixay da məndən bir az aralı, başqa çənin yanında yatmışdı.

-Mixay, Mixay, - onun çiyninə bir neçə dəfə vurdum, - burda niyə yatmısan?

Mixay gözlərini açıb döşəməyə dirsəklənib durmaq istədi. Alınmadı.

Döşəmə maili vəziyyətdə idi. Ətrafa boylandım, Trümdə Mixaydan başqa heç kəs yox idi.

-Uşaqlar hardadı? – Mixay yarıyuxulu soruşdu.

Öskürək onu tutdu. Taqətdən düşənə qədər öskürdü. Dərindən nəfəs alıb sual dolu gözlərini mənə zillədi.

-Bilmirəm, -dedim. - Kimsə bizi çağırırdı. Adımızı lap aydın eşidirdim. Dur, göyərtəyə çıxaq.

Mixay vahimə içində bağırdı:

- Bəlkə batmışıq?!

Mixayın səsini, dediklərini eşidirdim, amma səs elə bil onun səsi deyildi. Durub divara söykəndim. Başqa cür ayaq üstə durmaq olmurdu. Əlimi uzadıb Mixayı da qaldırdım.

-Gəl sən birinci çıx,- dedim.

O, çox zəifləmişdi. Sürüşüb trapdan yıxılacağından qorxurdum.

Trap yanğınsöndürən nərdivanı kimi dim-dik idi. Mixayın ayaqlarından tutub onu qabağa itələyə-itələyə birtəhər göyərtəyə qalxanda bizi vahimə bürüdü. Gəminin burnu üfüqün yarısını kəsmişdı, arxası isə kapitan kayutuna qədər suyun içində idi. Barabanlar görünmürdü. Dalğalar çürük toru açıb göyərtəyə yaymışdı. Ayağımız tora ilişməsin deyə, ehtiyatla addımlayırdıq. İkiəlli barıdan yapışıb bir-birimizə baxdıq. Mixayın gözlərindəkı dəhşəti görüb öz sifətimin ifadəsini anladım.

-Mixaaay! Turaaan!

Səsin hardan gəldiyini anlaya bilmirdik.

-Qulaq as, - barıdan yapışıb titrəyən Mixaya dedim, - sən tərpənmə, mən gəminin burnuna tərəf qalxım görüm uşaqlar hardadı.

Barının millərindən tuta-tuta yuxarı dırmaşıb təzə çıxmış günəş şüalarında parıldayan sonsuz sulara baxdım. Yarım mil aralıda hər iki xilas qayığına doluşub var gücləri ilə sahilə doğru avar çəkənləri görəndə, hər şey mənə okeanı qızıla boyayan gün kimi aydın oldu.

Nə edəcəyimi bilmədim. Xilas qayığında yer olmadığını görürdüm. Uşaqlardan biri hətta batmazı qurşağına keçirib qayıqlardan birindən yapışıb üzürdü. Özümdən asılı olmayaraq Afrimi səslədim. Səsim boğuq çıxdı. Bir də səslədim, bir də, bir də... Axır ki, məni gördülər.

-Gəmidən aralanın, batacaaaq!

Bu, onların bizə dediyi son söz oldu.

-Nə oldu? Bizi xilas etməyə gəlirlər? - Mixay ümidsizliklə soruşdu.

-Yox, əbləhlər bizi atıb qaçıblar!

Mixayın yanına endim.

-Kefini pozma, qardaşım, - bir əlimlə onu qucaqladım, - biz də xilas olacağıq!

Mixay da məni qucaqladı:

- Yox, onlar bizi atmayıblar, biz özümüz yatıb qalmışıq! – hönkürdü.

-Yaxşı, bəsdi, - onu silkələdim, - özünə gəl, gəmi batar, bizi də çəkib aparar, tez burdan aralanmalıyıq!

Mixay məndən daha bərk yapışdı:

- Mən üzə bilmirəm, Turancan, məni tək qoyma!

- Hə, əlbəttə, Mixay, o nə sözdü, canımızı birlikdə qurtaracağıq! – onun məni öz adımla çağırmasından karıxsam da, özümü toplayıb dedim. - Yaxşı ki, o əclaflar batmazın ikisini də aparmayıblar.

Mixayın kürəyinə bir neçə dəfə yüngülcə vurub onu sakitləşdirdim. Əlini özümdən aralayıb barının sürahisindən bərk-bərk yapışmasını tapşırdım. Özüm isə yarısına qədər suyun içində olan batmazı qarmaqdan çıxarmaq üçün ehtiyatla kapitan kayutuna tərəf üzdüm. Su adamın iliyini dondururdu. Batmazı birtəhər qarmaqdan çıxarıb üzüb geriyə, Mixayın yanına qayıtdım.

-Qorxma, bu, bizi batmağa qoymaz! -batmazı onun qoluna keçirib dedim, - mən okeana düşürəm, sən də dalımca gəl, oldu?! Batmazı əlindən buraxma! Tez ol, gəmi batır!

Mixay ayaqlarını barının dəmir millərinə keçirib ikiəlli batmazdan yapışdı.
-Turancan, bəs bizim sənədlərimiz?
- Cəhənnəm olsun sənədlər! – hirslə barmağımı batmaza tuşladım, - indi bizim bütün sənədimiz budu, başa düşürsən?

Barını aşıb suya tullanıb üzüb gəmidən bir qədər aralandım. Ömrümdə birinci dəfə okeana nifrət etdim.

Mixay batmazı qucaqlayıb tez-tez nəsə deyirdi. Güman ki, dua eləyirdi.

-Tullan, nə durmusan!? – qışqırdım, - cəmisi bir metrdi! Dua eləməyə vaxtımız olacaq! Tullan!!!

Mixay tullanmağa hazırlaşdı, amma dayandı:

- Bəlkə gəmi batana qədər burda gözləyim, Turancan?

-Ay bədbəxt!!! – özümdən çıxıb acıqla bağırdım və elə o andaca başa düşdüm ki, acığımın səbəbi Mixayın sudan qorxması yox, məni “Turancan” cağırması idi, - Gəmi batsa, burulğan yaranacaq, səni çəkib okeanın dibinə aparacaq!

-Ya Rəbb, qurban olum, kömək elə, qoyma ölüm!!!

Mixayın yalvarışından üşəndim. Ən çətin anlarımda mən də Allaha belə yalvarıram. Başqa vaxt olsaydı, buna heç fikir verməzdim, amma indi Mixayın həm “qurban olum”, həm də “qoyma ölüm” yalvarışı okeanın buz kimi soyuq suyu ilə birlikdə sifətimə çırpılıb insanın nə qədər cılız bir məxluq olduğunu yadıma saldı.

-Dərindən nəfəs al tullan, qorxma, səni tutacam. Batmazı dik tut əlindən çıxmasın!

Mixay batmazı qoluna keçirib barının sürahisindən yapışaraq yavaş-yavaş göyərtənin arxa tərəfinə çəkilib suyun səthinə daha yaxın olmaq istəyirdi. O, öz dilində tükürpədici bağırtı ilə kimisə - tanrısınımı, ya anasınımı çağırdı. Donmuş bədənimdə tüklərin biz-biz olduğunu hiss etdim. Mənə elə gəldi ki, onun dediklərini hardasa eşitmişəm...

Mixayın balağı torun dəmir ilgəyinə ilişdi. O, yanıüstə suya yıxıldı. Batmaz əlindən çıxıb okeana düşdü. Qorxa-qorxa ona tərəf üzdüm. Özümün də tora ilişəcəyimdən ehtiyatlanırdım. Dayanmadan əllərini nizamsız ora-bura atan Mixaya arxadan yaxınlaşıb saçından tutmaq istəyirdim, amma o, mənə tərəf dönürdü. Əl atıb köynəyinin boyunluğundan yapışıb özümə tərəf çəkdim. Tor da onun dalınca gəldi. Mixay, hörümçək toruna düşmüş milçək kimi əl-qol atdıqca tora daha çox bürünürdü.

-Tərpənmə!- acığımdan Mixayın saçından yapışıb var gücümlə silkələdim,- Məni də tora salacaqsan!

Mixay sakitləşdi. Bir neçə dəfə torun ilgəyini onun balağından açmağa çalışdım, olmadı.

-Al bunu, toru kəs! – Mixay qurşağındakı torbadan tiyəsinin hər iki ağzı itilənmiş biçaq çıxardıb torun məsaməsindən mənə uzatdı.

“Biçaq?! Ay səni əclaf! Mən də qurşağında bıçaq gəzdirənə “qardaş” deyirəm!?” düşündüm.

Toru kəsib Mixayı açıq okeana çəkdim. Batmazı tutmaq da çətin olmadı. Bıçağı atmaq istədim, axı okeanda bıçaq nəyə lazımdı?! “Lənət şeytana, birdən sahildə lazım olar” deyib onu qurşağıma keçirtdim. Mixay etiraz etmədi.

Qayıqlar görünmürdü, amma Arfimgilin hansı istiqamətə getdiyini bilirdim; bunu həm günəşə, həm də indi yalnız burnu görünən gəmiyə görə müəyyənləşdirmişdim.

Üzmək rahat olsun deyə, Mixayı arxası üstə çevirib qolunun birini batmazın üstündən aşırdım. Özüm də bir əlimlə batmazdan yapışıb qayıqların getdiyi istiqamətə üzməyə başladım. Getdiyimiz məsafəni bilmək üçün hərdən qanrılıb gəmiyə baxırdım. Dalğa olmadığından tezliklə gəmidən futbol meydançası qədər aralana bildik.

Növbəti dəfə geri qanrılanda traulerin suda boğulan adam kimi burnunu əsdirə-əsdirə səs salmadan suyun dibinə getdiyini gördüm. İkiəlli batmaza dayaqlanıb gəminin son nəfəsində yaratdığı qabarcıqların fışıltısına qulaq asdım. Mixayın gözləri böyümüşdü. Dilinin altında nəsə pıçıldayırdı. Fışıltı kəsildi. Mixay ümidsizliklə mənə baxdı.

Gəmi öldü...

Sanki içimdə nəsə qırıldı. Burdan tez uzaqlaşmaq üçün yenidən üzməyə başladım.

İçimə dolan hisslər heyimi kəsmişdi. Mixay ağırlıq elədiyindən ləng irəliləyirdik...

Ağlımdan onu atıb getmək keçdi, amma beş yaşlı Jasminasını yadıma salıb başımı buladım. Mixay bunu ya gördü, ya da hiss elədi, çünki indiyə qədər cansız sal kimi uzatdığı ayaqlarını tərpətməyə başladı.

-Hə, hə, afərin, Mixay, afərin!- deyib onu ürəkləndirdim və belə bir gözlənilməz köməyə çox sevindim, - tərpət ayaqlarını, tərpət! Bir yerdə tezliklə sahilə çatarıq!

İstiqaməti itirməmək üçün arabir başımı çevirib günəşə baxırdım.

Son dəfə gəminin batdığı yerə baxmaq istədim. Çevrilib baxanda, gəminin batdığı yerdə nəhəng bir qırmızı ləkə gördüm. Özümdən asılı olmayaraq, bir neçə dəfə qol atıb irəli üzüb dayandım.

-Ora bir bax! – Mixayın saçından tutub qırmızı ləkəyə tərəf çevirdim.
Mixayın da mənim kimi vahimələnəcəyini düşündüm, amma qəribə idi, o heç qımıldanmadı da. Elə bil o ləkədən çoxdan xəbəri vardı.

-Qutri testləri* üçün vərəqlərdi, - Mixay laqeydliklə dedi, - uşaqlar qumar oynayanda deyirdilər.

-...

- Afrimin çənlərindəki kağızlardı, - Mixay heç nə anlamadığımı görüb əlavə etdi, - körpə uşaqların qanı hopmuş qurudulmuş kağızlar... Nə üçün lazım olduğunu bilmirəm, amma uşaqlar deyirdi ki, bunlar suya dəysə, okean qana boyanacaq...

İki saatdan artıq damarlarımızı donduran suda idik. Bunu günəşin qalxma bucağından bilirdim.

Tez-tez Mixayın öskürəyi tutur, əllərini suya çırpa-çırpa uzun-uzadı öskürür, sifəti okeanın suyu kimi göm-göy olurdu.

Qurşaqdan aşağım tamam keyimişdi. Ayaqlarımı tərpətməyə heyim yox idi. Bir əlimlə Mixayın saçından yapışıb boğulmaması üçün ağzıyuxarı saxlamışdım. O, yenə bir parça ət kimi hərəkətsiz sallanıb qalmışdı. Gözləri yumulu idi, eləcə, hərdən dodaqları tərpənirdi. Nə dediyini bilmirdim. “Nə deyəcəkdi, indi Tanrıya yalvarmaqdan başqa bir sözmü qalıb?” Əlimi buraxsaydım, suyun dibinə gedəcəkdi.

Yenidən onu buraxıb batmazı qurşağıma keçirib şimal-şərqə, əclaf Afrimgilin getdiyi tərəfə üzmək istədim və yenə Mixayın beş yaşlı qızı gözümün qabağına gəldi. “Hə, əlbəttə, onun uzunkiprik, qırçınlı qaraçı donu geymiş Jasminasına bu dünyada heç vaxt rast gəlməyəcəkdim, niyə narahat olum?! Bəs o dünyada? Yox, cəfəng söhbətdi, nə o dünya?! O dünya elə burda, okeanın dibindədi!.. Bəs birdən o qız böyüdü, axtarıb məni tapıb atasını soruşdu, onda necə? Yalan demək olar, onsuz da son altı ayda düzəltdirdiyim yalançı sənədlər, borc alanda verdiyim yalançı vədlər ömrümün axırına qədər bəs eləyəcəkdi. Niyə bir yalan da artıq olmasın?! Axı yalan Adəmdən də qabaq yaranıb”.

- Ölürəm, - Mixay göz qapaqlarını zorla açıb güclə eşidiləcək səslə zarıdı.

-Yox, yox, Mixay!- onu silkələdim, - ölmək olmaz! – axı qızın səni gözləyir! Qızın Jasmina!

Mixayın ölümünün qaçılmaz olduğunu, özümün bu okeanda tənha qalacağımı yalnız indi aydın hiss elədim. Var gücümlə onun saçından yapışıb batmazın üstünə tərəf dartdım: -Ölmək olmaz! Başa düşürsən, olmaz!

O yenə zarıyıb nəsə demək istədi, amma qəflətən yaxınlığımızda nəyinsə bərkdən suya çırpılması onun səsini batırdı.

-O nə idi?! – qışqırdım, - birdən köpək balığı olar?!

Özümü sakitləşdirmək üçün “Ya Allah, delfin olsun!” deyib dəli kimi təkrar-təkrar Allaha yalvardım. Qorxudan canıma tikanlı bir istilik yayıldı. Ayaqlarımı qarnıma yığıb yan-yörəmə baxdım. Köpək balığı vahiməsi başımı keyitmişdi. Mixayı batmazın üstündən itələyib suya saldım, amma saçını buraxmadım. İstəyirdim balıq ağız atsa, birinci onu yesin. “Nə bilmək olar, bəlkə yeyib doyub getdi?!”

Mixay durmadan danışırdı. Dediklərinin içindən bircə “ölürəm” sözünü aydın eşidirdim. Qulağımı onun ağzına yaxınlaşdırıb bağırdım:

-Nə deyirsən? Bərkdən de, başa düşmürəm.

- Arvadıma zəng eləyərsən... nömrəsi...

-Mixay! – bağırıb onun sözünü kəsdim, - indi arvad vaxtıdı?! Beynim donub! Bu okeanın ortasında telefon nömrəsini yadda saxlayacaq halım var?! Lazım deyil, demə! Özün zəng eləyərsən!

Mixayın gözləri can verən adamın gözləri kimi dirənmişdi.

-...onda, - ağzına dolan suyu zorla tüpürüb qırıq-qırıq dedi,- ...onda məktub yazarsan.

-Yaxşı, - isterik tərzdə dedim, - köpək balığı əllərimi gəmirib yeməsə, yazaram.

-Yazarsan ki məni unutmasın.

-...

O, əl çəkmək istəmirdi. Məni isə indi ancaq köpək balığı düşündürürdü. Batmazdan yapışıb sərsəri kimi başımı ora-bura çevirir, suyun hər bir şübhəli tərpənişini izləyirdim. Bunun mənasız bir iş olduğunu tez anladım. Mixayı çənəsinə qədər suya sallayıb ehtiyatla üzməyə başladım.

Hərdən başımı şərqə çevirib gözlərimi bərəldib günəşə baxır, canıma mümkün qədər çox şüa doldurmaq istəyirdim. “Kaş dünyanın ən ucuz rezin qayığı indi burda olaydı! – düşündüm, - yarımca saat o qayığa minib paltarlarımı çıxardıb günəşin altında qızınaydım!”

Köpək balığının şikarına aşağıdan hücüm etdiyini yadıma salıb tez-tez batmazı qucaqlayır, ayaqlarımı qatlayıb qarnımı qoruyurdum. Dicəlməyə dayanan kimi ətrafa baxıb okean suyunun xışıltısı içində köpək balığının hər hansı bir işartısını axtarırdım. “İnsanın mükəmməl varlıq olduğu haqda fikir nə qədər gülüncdü! Kaş, adicə bir qanadım olaydı! Sınıq bir qanad! Suya çırpıla-çırpıla uçub gedəydim!”

Ağlımdan Mixayı boğub öldürmək keçdi. “Bu, elə də çətin deyildi; başını otuzu sayana qədər suya batırsaydım, canı çıxacaqdı, onda damarında qanı donardı və... köpək balığı onu dişləyəndə qanı axmaz, başqa yırtıcılar da duyuq düşməzdi”.

Bu fikir məni ürəkləndirdi. Batmazı özümə tərəf çəkib Mixayı araladım. Son nəfəsində onun ağzından buraxacağı qabarcıqları görmək istəmirdim.
-Yox! Eləmə!- Mixay ölümqabağı aqoniyada olan adam kimi çabaladı, - Yalvarıram, burda ölmək istəmirəm... Sahildə...- dedi.

Onun nə demək istədiyini çox yaxşı başa düşdüm! Ölmək istədiyin zaman ölmək nə qədər gözəlmiş! Amma Mixayın bilmədiyi bir məsələ var idi: onun indiki ölümü mənim tək ümidim idi.

Mixayı yenidən batmazın üstünə çəkdim. İndi onun əlləri də, başı da sudan yuxarıda idi. Günəş onun soyuqdan donub göyərmiş alnındakı su damcılarını parıldadırdı. Özüm isə boğaza qədər suda idim. “Ya Rəbb!” deyib üzməyə başladım. Xeyli üzdüm. Başım üzməyə elə qarışdı, hətta bir anlıq köpək balığı xofunu da unutdum.

Köpək balığından səs-səmir çıxmadıqca ürəklənirdim. - Hə, Mixay, heç olmasa ayaqlarını tərpət! - deyib gün vurduqca dirçələn Mixayı da üzməyə həvəsləndirdim.

-Delfin!!!- ikimiz də birdən bağırdıq.

Mənə elə gəldi ki, səsimiz sahilə dəyib qayıtdı. Düz qabağımızda iki delfin eyni anda sudan adam boyu sıçrayıb suya baş vurdu. Onların yaratdığı dalğa başımdan aşanda elə bildim avqustun əvvəlində Pirşağı çimərliyində Xəzərə baş vururam! Delfinləri öpürmüş kimi dalğanın suyunu ağzıma yığıb fərəhlə okeana fışqırtdım.

Sevindiyimdən Mixayın boynunu qucaqladım. Tanışlığımızın ilk günündən bəri üzündə ikinci dəfə idi təbəssüm görürdüm. Onu boğub öldürmək fikrinə düşdüyümə görə özümü o ki var söydüm. “Yox, -dedim, - nə olur olsun, bu bədbəxti sahilə çıxaracam!”

***
Günəş zenitdə idi. İstisini hiss eləməsəm də, günəşin göydə olması ümidimi ölməyə qoymurdu.

-Ölsəm, arvadıma məktub yazacaqsan?- növbəti dəfə üzməyə ara verib dincimi alanda Mixay soruşdu.

- Heç vaxt!- qəti səslə dedim, - ya birlikdə xilas olacağıq, ya da bir yerdə öləcəyik!

Mən bu sözləri Mixayı mütləq xilas edəcəyimə vəd verirmiş kimi ürəkdən dedim.

-Yox, mən xilas ola bilməyəcəm.

Mixay bəlkə də “yox, biz ölüb burda köpək balıqlarına yem olacağıq” demək istəyirdi. Bəlkə də, mənim də öləcəyimi dilinə gətirməməklə, özünün son ümidini qırmaq istəmirdi.

- Onda bacıma yaz. O, çox qəşəngdi. Ünvanı...

-Sənin bacın da var? – onun sözünü kəsib burnuna çırtma vurdum.

-Hə, var, atamın ikinci arvadındandı. Çox gözəldi! - Mixay “çox” sözünü həddən artıq uzadıb dedi.

O, məni şirnikləndirməkmi, ya ögey bacısına olan heyranlığını bildirməkmi istəyirdi, bunu başa düşmədim.

Öləndən sonra unudulmayacağını bilmək acizlər üçün böyük təsəllidi –bunu bilirdim, amma ölümün bir addımlığında olan adama gözəl görünənin yalnız əzabsız bir ölüm olduğunu indi, okeanla əlbəyaxa olan anda öyrəndim.

-Yaxşı, ünvanı de, - bunun Mixayın xətrinə dəyəcəyindən ehtiyatlanıb tez də əlavə elədim, - elə-belə deyirəm, sən dedin, mən də istədim, onsuz da səni sahilə çıxaracam, özün məktub yazarsan.

-Sadə ünvandı: Mariya, tire, 1975...

-Mariya? Yaxşı addı. - Tire aşağıdandı, ya ortadan?

-Aşağıdan.

- Oldu, Mariya, aşağıdan tire, 1975. Sonra? Yahu, ya hotmeyl?

-Yox.., inteks, nöqtə, ey, em.

Mən özümdən asılı olmayaraq Mixayın bacısının elektron ünvanını beynimdə təkrarladım. Doğrudan da sadə ünvandı, yadımdan çıxmazdı.

-Yaxşı, yolçu yolda gərək, - dedim, - ayaqlarını işlət, yolumuz uzaqdı.

Mixay var gücü ilə ayaqlarını tərpədir, vəsiyyət eləyib ürəyini boşaldıb yüngülləşmiş adam kimi gülümsəyirdi. Onu ruhlandırmaq üçün tez-tez başımı ona tərəf çevirib mən də gülümsəyirdim.

Qəflətən beynim sancdı. Dayanıb hər iki əlimlə Mixayın boğazından yapışıb silkələyib hiddətlə bağırdım:

-Necə yəni nöqtə, ey, em, Mixay?!!

İçimdə bu qədər səs olduğuna özüm də məəttəl qaldım. – Necə yəni nöqtə, ey, em?! – təkrarladım. -Sən ermənisən!?

Acıqdan bütün bədənim titrəyirdi. Bir-birinə dəyən dişlərimin çaqqıltısını açıq-aydın eşidirdim.

Mixay dinmədi. Heç boğazını əlimdən çıxarmağa da cəhd eləmədi. Batmazı qamarlayıb
gözlərini yumdu. Bu, məni lap cinləndirdi. Batmazı dartıb əlindən qopardıb onu okeanın ümidinə qoydum. Mixay əl-qol atıb batmazdan tutmaq istədikcə, batmazı kənara çəkirdim.

-Qızıma... Jasminama...- o, ağzına dolan suyu tüpürüb dərindən nəfəs alır, nəfəs ala-ala da qırıq-qırıq yalvarırdı, - Jasminama... yazığın gəlsin.., Turan!

“Dünyada tənha olmaq nə qədər gözəlmiş! – düşündüm, - bəhanə eləyib övladının kölgəsinə qısılıb alçalmırsan”.

Batmazı ona tərəf çəkdim. O, var gücü ilə batmazdan yapışıb dərindən nəfəs aldı. Üzündə qorxu ilə minnətdarlığın qarışığından ibarət yazıq ifadə vardı.

-...Deməli ermənisən... - dərin məyusluqla dedim.

-Hə, erməniyəm, Turan, - Mixay rusca cavab verdi, - sən gəmi batandan bəri türksən, mən isə indicə erməni oldum.

“Sənin aldığın nəfəs də yalandı!” demək istədim, amma özümün də onun günündə olduğumu yadıma salıb susdum.

-Bəs əsl adın nədi? Armen, ya Xoren? - dişlərimi qıcayıb rusca soruşdum.

Onun qıvrım saçları indi mənə xörəyə düşmüş tük kimi iyrənc gəlirdi.

-Tiqran - o, sakitcə cavab verdi.

***

Biz uzun müddət danışmadıq. Fikrimi Tiqrandan yayındırmaq üçün hər qol atdıqca türkcə bərkdən saymağa başladım. O isə batmazdan ikiəlli yapışıb ayaqlarını can verən balıq kimi hərdən yüngülcə tərpədirdi. Yorulanda dayanıb batmazın o biri tərəfinə keçir, Tiqranın əllərini kənara itələyib qolumu dəyişib yenə üzməyə davam eləyirdim. Hərdən açıqlanır, əlimi suya bərk çırpırdım. Bu anlarda Tiqran qorxaq baxışlarla gözucu mənə baxır, tez də gözlərini yayındırırdı.

Günəş qərbə əyilmişdi. Mən yad şəhərdə azmış və cibində bir qara qəpiyi olmayan əliuşaqlı ana qədər ümidsizliklə geriyə, Tərifəyə sarı üzürdüm. Günəş şüalarının arxadan düşməsi ümidsizliyimi lap artırırdı. “Tərifə, sən niyə şərqdəsən?!” – qışqırdım. Bunu, içimdə kükrəyən nifrəti çıxarmaq üçün etdim.

Ağlıma gəldi ki, geriyə dolanbacı da üzmək olar: bir az şimala, sonra şərqə. Tərifəyə çatmasaq da, mütləq quruya çıxarıq. Qısa müddətə, soldan olsa belə, üzərkən günəşi görmək məni sevindirirdi, çünki gün gözümə düşəndə Tiqranın yanımda olduğunu unudurdum.

Bir azdan sürətimin artdığını duydum. “Qəribədi! Bəlkə axına düşmüşük?” - fikirləşdim. İçimdə bir qorxu yarandı. Yox, yanılırdım, Tiqran ayaqlarını tərpədirdi! Bilirdim ki, o, canını dişinə tutub hərəkət eləyir, bununla belə, onun hərəkəti acığımı xeyli soyutdu. Dayandıq.

-Görürsən,- dedim, - əməlli-başlı üzməyi öyrənirsən!

Gülümsündü. İndi onun qıvrım saçları da mənə iyrənc görünmədi.

-Hə, tərpət ayaqlarını!- onun belinə vurdum, - birlikdə sahilə daha tez çatarıq.

Rusca danışmağımız işi asanlaşdırmışdı, təəssüf ki, indi danışacağımız söz yox idi.

-Sahilə nə qədər olar?- Tiqran soruşdu.

- Bilmirəm, - dilucu dedim.

“Hə, doğrudan, sahilə nə qədər qalar?- sualı beynimdən qovmağa çalışdım, - nə bilim? İndi zamanın da ölçüsü dəyişmişdi, məkanın da. Bəlkə heç sahil yerli-dibli yoxdu?! Yox, ola bilməz! Sahil var axı! Biz ona çata bilməsək də, sahil var!”

-Bəlkə sən dincələsən, bir az da mən üzüm?- Tiqran öz sözlərinə özü də inanmayan adam kimi dedi.

Başımla “buyur” işarəsi verdim və batmazdan ikiəlli yapışdım. Sürətimiz az olsa da, irəli gedirdik.

Öskürək Tiqranın təşəbbüsünü yarımçıq qoydu. Dayandıq. Çevrilib günəşə baxdım. “Niyə bu qədər acizsən?! Göndərdiyin istiyə bax! Küçə fənəri qədər də istiliyin yoxdu!” – hiddətlə günəşin qarasınca deyindim.

Birdən günəşin qabağı tutuldu. Şüaların gözümü qaraltdığını zənn etdim və tez gözlərimi yumdum. Gurultu eşidəndə gözlərimi açdım. Günəş yerində idi.

-Dikuçar! Keşikçi dikuçarı! – bağırdım, - İlahi, xilas olduq!

-Dikuçar!-Tiqranın bağırtısı mənimkinə qarışdı,- Ya Rəbb! Ya Rəbb! Möcüzəyə bax!

Dikuçar pərinin okeanda yaratdığı dalğacıqlar mənə ümidin qaynayan qanı kimi göründü.

Xilasedicilər dikuçardan salladıqları kəndir nərdivandan yapışmağa taqətimizin olmadığını uzun müddət başa düşmədiklərindən, bizi xeyli söydülər. Axırda, onlardan biri aşağı enib əvvəlcə Tiqranı, sonra da məni qurşağına bağlayıb kabinəyə qaldırdı.

Bizə alkoqollu içki və quru paltar verdilər. Güc-bəla ilə stəkanı əsən çənəmə söykəyib dodaqlarıma tərəf sürüşdürdüm. İkinci stəkandan sonra içim azacıq qızdı. Kabinə çox dar idi, paltarımı dəyişəndə yıxılmamaq üçün Tiqranın çiynindən tutmalı oldum. Bizə verilən paltar hindlilərin geydiyi ağ kurta-pajamaya oxşar bir şey idi. Kəfənə oxşaması məni heç narahat etmədi.

-Alt paltarımızı da dəyişək?- Tiqran qulağıma rusca pıçıldadı.

- Özün bilərsən, onsuz da bundan sonra bizə alt paltar lazım olmayacaq,- dedim.

Tiqran iki stəkan şərabdan doğan yumorumu tuta bilmədi, yarımoturulu vəziyyətdə arxasını mənə döndərib alt paltarını dəyişdi.

Xilasedicilərdən biri yaş paltarlarımızı alıb qayçılayib sellofan torbaya təpdi.

Tərifənin üstündən keçib şərqə, Cəbəllütariq şəhərinə endik. Bizi hasarında “The Royal Gibraltar Police” yazılmış binaya gətirdilər. Otaqlardan birində şəklimizi çəkib ayrı bir otağa aparıb damarımızdan qan aldılar, sonra ağzımıza dondurma çöpünə bənzər bir çubuq soxub damağımızı qurdaladılar. Axırda, başqa bir otağa gətirib yanaşı oturtdular.

-Adınız nədi? – poqonunda üç şevron və yazılar olan polis əlindəki dəftərə baxa-baxa soruşdu.

Biz duruxub bir-birimizə baxdıq.

-Samet Taçi – cavab verdim.

Tiqran da “Mixay Pollak” cavabını verdı.

Polis növbə ilə mənə, sonra da Tiqrana baxıb soruşdu:

-Qohumsunuz?

-Xeyr! – ikimiz də birdən dilləndik və cüzəmli xəstələr kimi tez kətillərimizi çəkib bir-birimizdən aralandıq.

-Oldu, - polis yenə gözünü dəftərə zilləyib dedi, - danışın görək, hardan gəlib hara gedirdiniz?

-Kanadaya gedirdik, ser, birnəfəsə dedim, - sənədlərimiz tam qaydasında idi, sadəcə, gəmimiz batdı, okeanda itirdik.

-Elədi, elədi, ser,- Tiqran dediklərimi təsdiqlədi,- qəzaya düşdük, bədbəxt hadisə oldu... Çox üşüdük, ser.

Polisin təhsilimiz, milliyyətimiz, ailə vəziyyətimiz və Kanadaya səfərimizin məqsədi haqda suallarına da rahat cavab verdik. O, vərəqdə qeydlər apardı, sonra başqa bir polisin gətirdiyi şəkilləri vərəqə yapışdırıb telefonla kimisə yanına çağırdı.

Əlisilahlı cavan bir polis qadının müşayiəti ilə bizi dəhlizə çıxardıb gözlətdilər. Bir azdan yekəpər polis nəfəri bizə yaxınlaşdı:

-Superintendentin* əmrinə görə siz yalan detektorundan keçməlisiniz.

-Niyə?!- Tiqran həyəcanla soruşdu, - siz bizə inanmırsınız, ser?

-Biz heç kimə inanmırıq... - polis əlindəki vərəqə baxıb Tiqrana bir addım yaxınlaşdı, - cənab Samet Taçi!

- Mən Samet Taçi deyiləm, ser, Mixay Pollakam.

-Bu sənin şəklindi?!- polis acıqla vərəqi Tiqranın gözünə yaxınlaşdırdı.

-Bəli, ser, mənimdi.

-Deməli Samet Taçisən! – o, nifrətlə Tiqrana, sonra da mənə baxdı, - bu da Mixay Pollakdı! Mənim sənədlərimdə belə yazılıb! Sizin başqa sənədiniz varsa, göstərin, tutuşduraq.

Şəkilləri vərəqlərə səhv yapışdırmışdılar, bunu tez anlayıb susduq.

Yalan detektorunun qarşısında oturan kimi üç dəfə ürəyimdə “mən Samet Taçiyəm!” dedim. Poqonunda kraliçanın tacı olan polis zabiti tələli suallarla məni çaşdırırdı.

Həyəcanlanmışdım. Zabitin gözünə baxa bilmirdim. Oğrun-oğrun monitorun pəncərə şüşəsinə düşən əksinə baxır, detektor diaqramında xətt amplitudunun tez-tez sıçrayışla artdığını gördükcə ürəyimin guppultusu artır, məni daha çox ələ verirdi...
Nəhayət, təslim oldum.

Dəhlizə çıxdım. Tiqran artıq orda idi.

Özümü hədsiz alçalmış hiss etdim. “Tiqran ürəyində mənə nə qədər güləcəkdi!”

İndi biz iki ayrı adam idik: Turan Məlikli və Mixay Pollak!

-Konstabl*, Mister Turan Məlikli ilə mister Tiqran Safaryanı aşağı aparın! – yalan detektorunda məni sorğu-sual eləyən tacpoqonlu zabit əlisilahlı gözətçı qadınlardan birinə tapşırıq verdi.

“Tiqran Safaryan... – içimdən inanılmaz şirinlikdə bir gizilti keçdi, - səni də rahatlayıblarmış ki!” – gülümsündüm.

Bizi zirzəmiyə endirib qəfəs kimi bir yerə saldılar. Qəfəs aradan adam boyu polad şəbəkə ilə bölünmüşdü. Hər bölmədə iki çarpayı qoyulmuşdu. Məni qəfəsin sol gözünə, Tiqranı sağ gözünə salıb qapıları kilidlədilər.

Çarpayılardan birinə yaxınlaşdım, amma uzanmaqdan qorxdum, elə bildim uzansam, üzməli olacam. Xeyli var-gəl elədim.

Tiqran dərhal çarpayıya uzanıb üzünü divara çevirdi. “Kaş Tiqran elə Mixay olaydı, - düşündüm, - söhbət eləyib başımı qatardım”.

-Turan, bıçağımı götürdün? - Tiqran pıçıltı ilə soruşdu.

- Aldılar. Necə bəyəm, bıçaqsız yaşaya bilmirsən?

- Yaxşı ki, aldılar, - dedi, amma heyfsiləndiyi səsindən bilinirdi.

Bərk acmışdım. Lavaşarası pendir-soğan olsaydı... Udqundum. Çarpayının üstündə oturub başımı əllərimin arasına aldım. Yenə ümidsizlik məni üstələyirdi.

-Səncə, bizə yemək verəcəklər, Turancan?- Tiqran soruşdu.

-Bilmirəm! – acıqla dedim. – Özü də, bura bax, mənə “Turancan” demə!

O, bir qədər susdu. Sonra:

– Bizdə adamdan qan alanda, heç olmasa, şirinçay verirlər, - dedi.
Dinmədim.

Tiqran çarpayıdan durub qəfəsin dəmir arakəsməsinə yaxınlaşdı:

-Sən olmasaydın, mən indi ölmüşdüm. Sağ ol.

-Olan işdi, - deyib çarpayıya uzandım.

Söhbət eləməyə heç həvəsim yox idi, amma bundan sonra məni nələrin gözlədiyi haqda təsəvvürüm olmadığından, Tiqranla danışıb yol aramağa məcbur idim.

-Ey, Tiqran, qulaq as, hara ermənisisən?

-Arakel,- Tiqran gözünü açmadan cavab verdi.

- Atanın adını soruşmuram, deyirəm hardansan? Yerevandansan?

-Yox, - o, dediyini yenə təklarladı, -Arakeldənəm.

Mən onun yaddaşının itdiyini, ya da tam anlaqsız olduğunu zənn edib başımı buladım.
Tiqran mənim susduğumu görüb əlavə elədi:

-Arakel kənd adıdı, bizim kəndin adı, mən orda doğulmuşam.

-Kənd adıdı? Hə? O hansı tərəfdədi?- sual xatirinə soruşdum.

-Hadrut rayonunda.

Elə bil məni ilan vurdu! Yerimdən sıçradım.

-Hadrut?! Məni dolamısan, gicbəsər! – qışqırdım,– Belə axmaq zarafat eləmə!

O susdu.

Mən oturdum.

-...Bəs deyirdin Arakeldənsən?! Axı Hadrutda Arakel adlı kənd yoxdu!

-Var, Cəbrayıla yaxındı, Cəbrayılın lap qonşuluğundadı.

-Necə?! Cəbrayıl? Ola bilməz! Mən özüm Cəbrayıldanam! – qəfəsin dəmir arakəsməsinə tərəf cumdum.

- Bax, görürsən?- Tiqran geri çəkilib divara qısıldı, amma bununla nə demək istədiyini başa düşmədim.

-Nəyi görürəm? – arakəsməni silkələdim.

- Sən Cəbrayıldansan, mən də Arakeldən. İkisi də yoxdu.

-Yox, var! İt balası! Cəbrayıl var! Sənin xaraba Arakelinin olub-olmamasını bilmirəm, amma mənim Cəbrayılım var, durur! Budur! – sinəmə vurub ürəyimi göstərmək üçün kurta-pajamamı yuxarı qaldırdım.

Tiqran dinməzcə divara qısılı durmuşdu. O, səsini çıxarsaydı, mən lap coşacaqdım. Ürəyimdə “lənət şeytana!” deyib yerimə qayıtdım. Çarpayıya uzanıb yastığı başımın üstünə basdım.

“Görəsən indi İslam kişi hardadı? Sağdımı? Sağdısa, yəqin indi yenə hansı təpəninsə üstünə çıxıb oğlu Səmədi çağırır”.

Fikirləri başımdan qovub yatmaq istədim. Bacarmadım. Durub çarpayıda oturdum. Mədəm durmadan quruldayırdı.

-Arakel sən nəyə deyirsən? – hələ də divara qısılmış Tiqrandan soruşdum, - bəlkə sən Hərəkülü deyirsən?

-Hə, siz Hərəkül deyirsiniz, biz Arakel.

- Özündən hoqqa çıxartma,- səsimi qaldırdım, - o kəndin əsl adı Hərəküldü.

- Yox, Arakeldi!- Tiqran tərslik eləyən uşaq kimi ayağını yerə vurdu.
-...
- Onsuz da indi oralar çöllüyə dönüb. Sizinkilər bizim yurdu dağıtdı, bizimkilər də sizinkini.

-Sizin əclaflar başladı bu zibili, -bağırdım, - bizimkilər də cavab verdi! Birinci sizinkilər bizimkiləri öldürməyə başladı. Biz neyləyə bilərdik?!

- Mən heç kimi öldürməmişəm!

- Guya mən kimisə öldürmüşəm?!

- Bəs mənim qardaşımı kim öldürdü?

- Bəs onda mənimkiləri? Xalaoğlumu bilirsən necə öldürdü sizinkilər?! Bilirsən nə ağıllı oğlan idi?! – qəhər məni boğdu, ağlamsındım, - bilirsən necə yaraşıqlıydı?! Əli qızıl idi! Sizinkilər onu öldürəndən sonra başının dərisini də soymuşdular! - əllərimi divara çırpdım, - Bax bu əllərimlə başını sarıdım.

Tiqran başını aşağı saldı. Hıçqırıqdan çiyinləri atılırdı.

-Mənim qardaşımı da sizinkilər snayperlə vurmuşdular, düz boğazından, - o, boğula-boğula danışırdı, - təzəcə evləndirmişdik... Sifətinin yarısı yox idi... meyitini zorla tanıdıq.

Tiqran üzünü divara çevirib gücü gəldikcə ağladı. Onun ağlamağı çox uzun çəkdi və öskürəyə keçdi. Öskürüb əldən düşdü. İməkləyib çarpayıya dırmaşdı, uzanıb yorğanı başına çəkdi.

Mənim də gözlərim yaşardı. Üzümü yastığa dayayıb gözlərimi yumdum.

***

Otaqda pəncərə yox idi deyə, günün hansı vaxtı olduğunu bilmirdik. İkimiz də oyanıb çarpayının üstündə oturub səbirsizliklə qapıya baxırdıq. Yemək gözləyirdik. Acından bədənim uçunurdu.

-Tiqran, necə ölmək istərdin? – aclığın acığını Tiqrandan çıxmaq istədim.

Tiqran sualı çoxdan gözləyirmiş kimi tez cavab verdi:

- Yuxuda. İydə ağacının altında yatdığım yerdə. – Bəs sən?

Mən necə ölmək istədiyim haqda çox düşünmüşdüm. Ən yaxşı senarilərin içindən birini seçib üstündə durmuşdum: dünyanın ən böyük topunun lüləsində ölmək istərdim, amma indi bunu Tiqrana təsvir eləməyin mənası yox idi, artıq sual verməsini istəmirdim, ona görə də qısa cavab verdim:

-Yağışlı bir yaz günündə.

Qapı cırıldadı. İkimiz də yerimizdən sıçrayıb dik durduq. Həsrətlə gözümüzü içəri girən gözətçi polis qadının əlindəki bağlamaya zillədik.

Gözətçi səndviçləri və kola şüşələrini zəncirlənmiş itə sümük atan kimi qəfəsin dəmir barmaqlıqları arasından çarpayılarımızın üstünə tulladı. Səndviçləri götürüb gözümüzə təpdik.

-Yaxın gəl! – gözətçi qadın məni çağırdı.

Yaxınlaşdım.

O, cibindən fənər çıxardıb üzümə işıq saldı, bir mənə, bir də əlindəki şəkilə baxdı.

- Saqqalınızı niyə qırxmısınız? – soruşdu.

-Necə? Saqqal?! Mənim anadangəlmə saqqalım olmayıb, madam, – dedim.

- Hə, əlbəttə, saqqalla doğulmadığınıza şübhəm yoxdu! – polis qadın kinayəli tonda dedi; güman ki, dediklərimi beynimdə türkcədən birbaşa ingiliscəyə çevirdiyim üçün xanım onu başa düşməmişdi.

Gözətçi xanım sonra fənəri Tiqranın üzünə tutdu. Eyni sualı ona da verdi.

-Mən yalnız qardaşımın yasında saqqal saxlamışam,- Tiqran çiyinlərini çəkdi.

- Hə?! – xanım bir az canlandı, - Deməli saqqallı olmusunuz!?

- Bəli, bir-iki həftə. Yas günləri. Bizdə adət belədi, madam.

-Hmm, aydındı, bilirəm, bütün müsəlmanlarda bu adət var, - xanım çoxbilmiş yeniyetmə ədası ilə dedi.

Tiqran yerində qurcalandı, amma dinmədi.

Polis qadın çıxdı.

-O nə sual idi bizə verdi? – Tiqran soruşdu.

Çiyinlərimi çəkdim. - Ola bilsin bizi hansısa balıqçılarla qarışıq salıb.

Biz xeyli susduq. Kola şüşəsinin qapağını arakəsmənin tilinə ilişdirib açdım. Tiqran da mənə baxıb belə elədi.

Səndviçin dadını hiss eləmədim. Ət suçəkən kimi dadsız idi, amma hər halda, mədəmin qurdunu öldürdüm. Divara söykənib kolanı qurtumladım. Kefim bir az duruldu.

Sinif yoldaşlarımla Siriyə, “Ayı bulağı”na getdiyim yadıma düşdü. Yaxşı basdırma hazırlamışdıq. Zoğal arağımız da bol idi. Zoğal arağının istiotlu göy pomidor turşusu ilə ayrı ləzzəti olur!

-Tiqran, Hərəküldə bir Anuş arvad var idi, bilmirsən, o durur? Cəbrayıl bazarında ən yaxşı pomidor turşusunu o satardı.

-Hə, durur, -Tiqran dedi, - kefi kökdü, oğlu topçu Karen “milli qəhrəman” adı alandan sonra Yerevana köçdülər.

-Nə dedin?! Karen milli qəhrəmandı?! – yerimdən sıçradım, - o əbləh milli qəhrəmandı?!

-...

- Bilirsən o neçə uşaq öldürüb?!

İçim nifrətlə doldu. Karenin ünvanına bildiyim bütün söyüşləri söydüm. Yorulub oturdum. Hər dəfə Cəbrayıla ölüm xəbəri yayılanda arvadların qiyyə çəkib küçə boyu yas yerinə qaça-qaça saçlarını yolması yadıma düşdü...

Gicgahıma dəyən zərbədən gözlərim qaraldı.

-Ay sənin ananı..., çaqqal! – inildədim, başımı tutub divara söykəndim.

Qan çiynimdən süzülüb paltarıma axır, ordan da çarpayıya damırdı.

-Dayım oğluna söyməyinin cəzası budu, əclaf! - Tiqranın acıqlı bağırtısını eşitdim.

Küt ağrı başıma yayıldı. Bədənim istiləndi. Tiqranın sonrakı söyüşlərini zorla eşidirdim. Qan axdıqca qəzəblənirdim. Qışqırıb köməyə adam çağırmaq lazım idi- bunu dərk eləyirdim, amma qorxurdum qışqırsam, qan daha bərk axa. Döşəməyə çöməlib əlimdən düşmüş kola şüşəsini gözüyumulu axtarıb tapıb yastığın altına soxdum. Döşəküzünü çəkib yaramın üstünə sıxdım. Beləcə nə qədər qaldığımı bilmədim.

Qan kəsib ağrı səngiyən kimi əlimi yastığın altına soxdum…

Tiqran əlləri ilə başını tutub divarboyu o yan-bu yana qaçır, zərbədən yayınmaq istəyirdi.
Şüşənin onun başına dəyməsi ilə qapının açılması bir oldu. Tiqranın çığırtısı gözətçi qadının qışqırtısına qarışdı.

Daha iki gözətçi qaçaraq gəldi.

-O əclaf məni vurdu! – Tiqran əli ilə başını tutub zarıdı.

Gözətçilərdən biri cəld kilidi açıb mənim qəfəsimə girib qolumu qandalladı. Müqavimət göstərmədim, dedim onsuz da həqiqət tezliklə ortaya çıxacaq.

-Sizə nə olub? – polis kirimişcə durduğumu görüb soruşdu.

-O özü özünü vurdu!!! - Tiqran başala barmağını mənə tuşlayıb cığıltılı səslə bağırıb məni qabaqladı.

-Yalan deyir! Birinci o məni vurdu, - acizliklə dedim. – Durduğum yerdə kola şüşəsini başıma çırpdı.

- O mənim milli qəhrəmanıma söydü, ser, çox yava söyüşlər söydü! – Tiqran eyni arsız çığırtı ilə dedi.

Tibb bacısı çağırdılar. Yaramızı sarıyıb bizi yuxarı, tacpoqonlu superintendentin yanına apardılar. Yanaşı durduq. İkimizin də üzümüz qana boyanmışdı. Qan ləkələri kurta-pajamamızın çiyinlərinə axıb laxtalanmışdı.

Superintendent bizi xeyli süzdü...
-Sizdə neçə adam öldürənə milli qəhrəman verirlər, - soruşdu.

Sualın mənə yox, məhz Tiqrana aid olduğunu vurğulamaq üçün mən nümayişkaranə ona baxdım. Tiqran susub başını aşağı saldı. Həmin sualın mənə verilməməsi üçün mən də başımı aşağı saldım. Cavabım hazır idi: “Müharibə! Müharibə! Hə, əlbəttə, müharibə!”

Tacpoqonlu polis rəisi başı ilə bizi göstərib konstabllardan birinə müraciət elədi:

-Bunların işi nə yerdədi?

-Araşdırma aparırıq, ser, - konstabl cavab verdi, - İnterpola məlumat göndərmişik, sabah cavab alacağıq. Şübhə etmirəm ki, cavab müsbət olacaq.

- Bəs o birilərindən nə xəbər var?

- Məntəqəyə çatdırdıq, ser, necə əmr etmişdinizsə, elə də etdik.

-Hər ehtimala qarşı, - rəis dedi, - bunların yaxmasını laboratoriyaya göndərin,
sekvenserdən buraxsınlar.

-Baş üstə, ser!

“İnterpol” sözü qanımı tamam qaraltdı. “Hə, mən qanunların mənə nifrət elədiyi ağ günə çıxmaq istəyən bir adamam, amma cinayətkar deyiləm” – özümü əmin etmək üçün bunu durmadan təkrarlayırdım – Yox! Mən cinayət eləməmişəm!”

Gözucu Tiqrana baxıb onun nə fikirləşdiyini duymaq istədim. Tiqranın sifətində donuq bir ifadə vardı. Mən bu ifadəni bir dəfə xocalılı döyüş yoldaşım avtomatının lüləsini əsir aldığımız erməni əsgərinin gicgahına dirəyəndə görmüşdüm.

Bizi ayrı otaqlara saldılar.

Tiqranı bir daha görməyəcəyimə çox sevinirdim.

Ertəsi gün dəmir qapılı otağıma səhər yeməyi gətirən polis plastik yemək qutularını qoyub çıxanda onun qolundan yapışdım:

-Ser, xahiş eləyirəm məni başa salın, “yaxmamızın sekvenserdən buraxılması” nə deməkdi?

Polis məni geri itələyib qapının çöl cəftəsini vurdu...

Ayrı qaldığım müddət ərzində hər gün qolumu qandallayıb bir saatlıq gəzməyə çıxarırdılar. Polis konstablı o bir saat ərzində mənim bütün hərəkətlərimi izləyirdi. Qolumun qandalından çox, polisin gözünü məndən çəkməməsi, hər dəfə ona baxanda, süni təbəssümlə qımışması mənə od qoyurdu.

İki gün Tiqranı görmədim. Düşünürdüm, yəqin dalaşmamaq üçün bizi bir-birimizdən ayrı saxlayırlar. Üçüncü gün gecə yuxumda Tiqranı Cəbəllütariqin kafelərindən birində oturub ləzzətlə pivə sümürən, hər qurtumdan sonra kəhildəyib mənə baxıb sırtıq-sırtıq gülən gördüm. “Hər şey aydındı! – hövlank yuxudan ayılıb yerimin içində oturdum,- hə, əlbəttə, axı o xristiandı, mən isə müsəlman. Məlum məsələdi, bu ingilislər öz xristianlarını xəlvətcə açıb buraxıblar!”

Yaramın sızıltısı artdı. Hirsimdən yata bilmədim, otaqda o baş-bu başa gəzib səhəri açdım. Bildiyim ən ağır söyüşlərlə xristianları söydüm. Söydükcə yüngülləşdim. İndi Tiqran adlı adamın olub-olmamağı heç vecimə də deyildi...

Bir gün qapı açıldı. Qapı elə bil həmişəki kimi cırıldamadı; astadan, səssizcə açıldı. Konstablın üzündəki ifadə də fərqli idi – yumşaq, zərif... Bəlkə də mənə elə gəlirdi, bilmirəm. Ola bilsin, dörd divar arasında çox qaldığımdan qalın səslərdə, cod cizgilərdə incəliyi görməyi öyrənmişdim. Başımın yarası da qaysaqlamışdı. Bir az qaşınması olmasaydı, demək olar, heç incitmirdi.

Konstabl əli ilə məni bayıra çağırdı. Bu dəfə qoluma qandal vurmadı. Özü də mənim arxamca yox, yanımca gəldi. Arada başımı çevirib ona gülümsədim. O da gülümsədi.

Superintendentin tanış qapısı önündə dayandıq. Konstabl məni içəri ötürüb özü dəhlizdə qaldı.

Tacpoqonlu superintendent qovluğu eşələyirdi. Salam verdim. Almadı. Kurta-pajamanın qollarını dartışdıra-dartışdıra ayaq üstə xeyli gözlədim. Superintendent başını qaldırmadıqca, mən acıqlanır, hirs içimdən boğazıma yığılırdı. Dözməyib partladım:
-Ser, mən sizin oyunlarınızı qəşəng anlayıram!

Superintendent başını tərpətmədən gözlərini yuxarı qaldırıb mənə baxdı:

- Doğrudan?! – o, gözlərini yenə qovluqdakı kağıza zillədi, - buyurun, danışın görək.

- Siz xristian fundamentalistisiniz! – səsimi qaldırmadım, amma dediklərim sərt çıxsın deyə dişlərimi qıcadım və bu zaman özümü saray gizlinlərinin üstünü açan kandidus geymiş Roma senatoruna oxşatmağa çalışdım. - Mən sizləri yaxşı tanıyıram!- davam elədim, - müsəlman olduğumdan məni burda saxlamısınız, öz xristianınızı isə çoxdan buraxmısınız gedib! - əl hərəkətimlə Tiqranın arxa qapıdan buraxıldığına kinayəli bir işarə etdim.

Superintendent başıaşağı olduğundan, üzündəki ifadəni görmədim, eləcə çaldığı qəribə fit səsini eşitdim. Bu, məni lap qıcıqlandırdı. Ağzımı doldurub elə bu Cəbəllütariq boğazını ispanlardan hansı məkrlə qopartdıqlarını demək istəyirdim ki, qapı açıldı...

Konstabl başı sarıqlı, kurta-pajamasının ətəkləri cırılmış Tiqranı içəri ötürdü. Tiqranın yaraları artmışdı. Baldırları qancır olmuşdu. Ayaq pəncəsində artıq qaralmağa başlamış uzun göy ləkələr var idi.

Mən bir Tiqrana, bir də superintendentə baxdım. Superintendent mənim ona baxdığımı görmürdü, amma qağayı qığıltısına bənzər fitindən bunu hiss etdiyini duydum.

Tiqran bir addım atıb dayandı. Mən də durduğum yerdən kənara bir addım atıb ondan uzaqlaşdım.

-İkiniz də burda durun!- tacpoqonlu barmağını masasının önündə bir nöqtəyə tuşlayıb əmr elədi.

Biz xırda addımlarla bir-birimizə baxmadan könülsüz həmin nöqtəyə yaxınlaşdıq.

-Siz, - superintendent Tiqranı göstərdi, - Cəbəllütarıq Kral polisinə müqavimət göstərmisiniz. - Səbəbini izah eləyə bilərsinizmi?

Tiqran başını aşağı salıb xeyli susdu, sonra:

-Mən yorulmuşam, ser, çox yorulmuşam... bağışlayın, - dedi.

Superintendentin qağayı fiti yenə otağa yayıldı.

O, daha bir polis zabitini otağa çağırdı. Polis gəlib superintendentin sağında durub əlindəki qovluğu açdı, ordan bir vərəq çıxardıb aramla oxumağa başladı: “Beynəlxalq Kriminal Polis Təşkilatından. Lion, Fransa. Tarix... Cəbəllütarıq Kral Polis idarəsinə. Hörmətli həmkarlar, bildiririk ki, bizə göndərdiyiniz, cənab Turan Məlikli və cənab Tiqran Safaryan adlı iki...

Bu yerdə polis ağzını tutub pıqqıldayıb superintendentə müraciətlə:

- Ser, bəlkə bunu oxumayım? – soruşdu.

Tacpoqonlu kağızı polisdən alıb baxdı, ağzını açmadan yanaqlarını oynadıb kağızı ona qaytardı:

-Hmm, elədi, oxumayın.

Polis davam elədi: ...cənab Turan Məlikli və cənab Tiqran Safaryan adlı iki...hm-hm-hm-a məxsus,.. – o, oxumadığı sözün yerinə belə dedi, - “dot blottinq” üsulu ilə aparılmış DNT analizlərin nəticələri bizim məlumat bazamızdakı heç bir terroristin DNT profili ilə üst-üstə düşmədi. Həmişə sizin... İmza, möhür”

“Üst-üstə düşmədi... Axı başqa cür necə ola bilər?! Terroristlə mənim ancaq yuxularım üst-üstə düşə bilər!” – bunu tacpoqonlu çətin dərk edəydi.

Gözucu Tiqrana baxdım. O, müqəvva kimi lal-dinməz dayanmışdı.

-Siz Britaniya vergi ödəyicilərinə altı min funt ziyan vurmusunuz, - superintendent öz-özü ilə danışırmış kimi bizə baxmadan dedi, - o pulu kim ödəyəcək?

Başımızı aşağı əydik.

-Bizə də ziyan dəyib, ser, - dedim, - işləyib pulunuzu ödəyərik. And içirəm, ser! – Tiqrana baxdım. O razılıqla başını tərpədib dediklərimə “artıqlaması ilə” əlavə elədi. - Əlimizdən çox iş gəlir... Adamları xilas eləyə...

-Siz öz ölkənizə deportasiya olunacaqsınız, özü də elə bu gün! – superintendent sözümü kəsdi, - indi isə gedin! – o, toyuq kişləyirmiş kimi əlinin dalı ilə otaqdan çıxmağımıza işarə eləyib sevdiyi qağayı fitini çaldı.

Tiqran öndə, mən də dalınca ayaqlarımızı qapıya tərəf sürüdük.

-Bircə dəqiqə! – superintendent bizi geri çağırdı, - qulaq asın, - o, əlindəki vərəqi bizə göstərdi, - burda bəzi maraqlı şeylər var, dedim bəlkə lazımınız oldu... -Onsuz da sizin maymaq sifətinizi bir də buralarda görməyəcəm, - sonuncu sözləri astadan desə də, aydın eşitdim.

Superintendent bir qədər fikrə gedib soruşdu:

-Dediniz milliyətiniz nədi?

-Türk!

-Erməni!

-Bax, məndəki bu sənəd isə ayrı şey deyir, - o, möhürlü vərəqi bizə tərəf tulladı. Vərəq havada süzüb ayaqlarımızın ucuna yaxın yerdə döşəməyə düşdü. – Bu məlumat sizin tam genom ardıcıllığınıza əsaslanıb, cənab Qafqaz irqinin daşıyıcıları. Siz, - superintendent məni göstərdi, sənədin dediyinə görə... – o, fasilə verib gözümün içinə baxdı, - siz... qədim misirlisiniz.

Mən etiraz etmək istədim, amma mızıltımı superintendentin qağayı fiti kəsdi.

-Siz isə, - Tiqranı göstərdi, - qədim hunlardansınız.
Tiqranın da etiraz cəhdi qağayı fitinə dirəndi.

-Cənab Atilla ilə cənab Ramzesi deportasiya üçün hazırlayın! – superintendent əlini masaya çırpıb ayağa durdu.

***

Bizi limana gətirməzdən əvvəl geyilmiş paltarlarla dolu bir otağa apardılar. “Kəfən”imizi soyunub nimdaş paltarlardan bir neçəsini seçib əynimizə taxdıq.

Əllərimizi qandallayıb bizi gəmiyə mindirdilər. Hərəmizi gəmidəki saysız kayutlardan birinə yerləşdirib qapımızın ağzına nəzarətçi qoydular. Yolumuz bəlli idi – bizi qoyub qaçdığımız vətənə aparırdılar...

Artıq bu dünyada kayutun pəncərəsindən baxıb köpüklü dalğaların gəmiyə monoton çırpılmasını izləməkdən başqa işim qalmamışdı.

Qonşu kayutda kimsə xaric vura-vura cır səslə “Ave Maria” oxuyurdu.



________________________________

İzahlar.

*ştixel – taxta üzərində oyma işi üçün nəqqaş bıçağı
*lek(ё) – Albaniyanın pul vahidi
* zoti - cənab (albanca)
*benci - 100-lük dollar üzərindəki Bencamin Franklinin şəklinə işarə.
*Nyufoundlənd (Newfoundland) - Atlantik okeanında Kanadaya məxsus ada)
*kismet - qismət (albanca)
*Madeyra (Madeira) - Atlantik okeanında Portuqaliyaya məxsus ada
*mire – yaxşı, oldu (albanca)
*rregul – oldu, qaydasındadır (albanca)
*falemnderit – təşəkkür (albanca)
*kasolle- daxma (albanca)
*Tərifə (Tarifa) – İspaniyanın cənubunda kiçik sahil şəhəri
*“Koha Jonё” – Tiranada qəzet (“Bizim Zaman”)
*Fero Veleki (František Velecký) – slovak kino aktyoru
*kinetoz- uzunmüddətli yırğalanma nəticəsində başgicəllənmə və ürəkbulanma ilə müşayiət olunan dəniz xəstəliyi
*Qutri (Guthrie) testləri – yeni doğulmuş körpələrdə fenilketonuriyanı (amin turşuları metabolizmini) təyin etmək üçün qan analizi
*superintendent – Britaniya polis sistemində yüksək rütbə
*konstabl (constable) – Britaniya Polis sistemində başlanğıc rütbə
XS
SM
MD
LG