Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:43

Qəşəm Nəcəfzadə. Yaxşı bəs mən nə etməliydim? Ölməliydimmi?


Qəşəm Nəcəfzadə
Qəşəm Nəcəfzadə
-

Həyatın müəyyən dönəmində hamı xəstələnə bilər. Ona görə də xəstəyə nəyisə qaxınc etmək ən böyük günahdır.

Pul yox idi. 7 min manat pul tələb olunurdu. Bəs mən kimə müraciət edim? Kimə (üç vəzifəli şəxsə) məktub yazdımsa, cavab olmadı.



Şair Qəşəm Nəcəfzadə "Oxu zalı"na müraciət edərək son zamanlar mətbuatda onun barəsində səslənən tənqidi fikirlərə münasibət bildirmək istədiyini deyib və bu yazısının dərc olunmasını xahiş edib.


Qəşəm Nəcəfzadə


ANAMA DEMƏYİN

Həkim ki, girdi
Xəstənin qılığına,
Nəsə pıçıldadı
Qohumlarının
Birinin qulağına...
Onda həkim,
Salam-əleykim.


Əli Kərim

Böyük türk şairi Orxan Vəli çox az yaşayıb. Əli Kərim Orxan Vəlini şair kimi çox sevib, o da az yaşayıb. Vaqif İbrahim Əli Kərimi hədsiz sevirdi, bunun şahidi idim, o da Əli Kərim yaşında dünyasını dəyişdi. Mən hər üçünü çox sevirdim. Və birdən-birə mənə elə gəldi ki, demək, mənim də vaxtım yüz faiz çatıb.

Burda bir faktı deməliyəm. Xəstələr həyatı dəli kimi sevirlər. Düzdü, hamı sevir, amma xəstələr həyatı sağlam adamdan daha çox sevirlər.

Həyatım boyu ölüm qorxusu ilə yaşamışam. Çünki vəziyyətimin tez-tez dəyişməsi ölümü mənə tez-tez xatırladırdı.

Anadangəlmə ağır ürək qüsuru düz 50 il nəfəsimi kəsib. Mən ömrüm boyu ciyər dolusu nəfəs almağın həsrətində olmuşam. Heç vaxt doyunca dərindən nəfəs ala bilməmişəm. Həmişə dostlarımın içində xar olmuşam. Orta məktəbdə və universitetdə həmişə məni idman dərslərindən azad ediblər. Qızların yanında pərt olmuşam.

Heç kəslə yanaşı pilləkən çıxmamışam. Düşünmüşəm, təngnəfəs olub onun yanında dayanaram, sonra utanaram. Ona görə deyirdim, siz gedin, mənim aşağıda hələ işim var. Pilləkənləri güdürdüm, adam yoxdursa, güclə sürahidən tuta-tuta yuxarı qalxırdım. Qarşıdan və arxadan adam gəlsə, o saat dayanırdım. Guya divardakı plakatlara və ya nəyəsə baxıram...

Dostlarımın əksəriyyəti xəstə olmağımı həmişə başıma qaxıb. İndi də qaxanlar var. Necə ki, görürsünüz. Mənə lağ edən dostların çoxu infarktdan dünyasını dəyişdilər. Allah onlara qəni-qəni rəhmət eləsin.

Yaşadığım bu 50 ildə doyunca yatmamışam. Təngnəfəslik və boğulmalar məni yuxudan oyadıb. Səhəri ayaq üstə açmışam. Ürək çatmazlığı olanlar bunu yaxşı bilirlər.

Ovuc-ovuc dərman yeyirdim. Əsəblərim pozulmuşdu artıq. Ölüm qorxusu məni didərgin eləmişdi. Xəstə ürəyimi atıb qaçmaq istəyirdim. İstəyirdim nədən olursa ölüm, amma ürəkdən ölməyim. Elə bilirdim, ən gerçək ölüm ürəkdən ölməkdir. Həm də əsəblərimin pozulmağı məni qorxaq eləmişdi. Kimsə öləndə, bir dəqiqənin içində yüz dəfə yerimi dəyişirdim ki, əcəl yerimi tapa bilməsin.

Hamının pulsuz aldığı havanı mən 50 il pulla almışam. Anam ürəyimin dərdini şəkə-çəkə dünyasını dəyişdi. Sonra atam da mənim fikrimi eləyib haqq dünyasına qovuşdu.

Ailə qurdum. Uşaqlarım oldu. Mən onları ürəyimin ağrısından heç vaxt qucağıma götürə bilmədim. Onlar cibimdəki dərmanları yerə töküb oyuncaq kimi oynadırdılar. Ürək kardioqramlarını qatara bənzədib, evin içində sürürdülər. Mən kövrəlirdim.

“Pərvanə” ədəbi məclisi saat 14-də başlayırdı. M.Ə.Sabir adına Mərkəzi Şəhər Kitabxanasının pilləkənləri çox sərt idi. Mən bir saat tez gəlirdim ki “dostlarım” mənim pilləkənləri çətinliklə çıxmağımı görməsinlər.

Ürəyim əməliyyat olunmalıydı. Həmişə məni müayinə edən həkimlərin dodaqlarının büzülməyindən qorxmuşam. Hökmən təcili əməliyyat lazımdı. Dostlar insafsız, pul da yox.

Bəs mən necə edim? Həkimlər dedi ki, əgər sən təcili əməliyyat olunmasan, iki aydan sonra öləcəksən. Bəlkə də onlar oğluma - Kəramətə daha ağır demişdilər. Həqiqəti Kəramət daha yaxşı bilirdi. Amma mənə demirdi. İlahi, mən oğlumdan da qorxmağa başladım. Adam balasından qorxarmı, ilahi? Demək, ev də mənə yad oldu. Mənə böyük qayğı göstərirdilər. Kiçik oğlumun toyunu tələsdirirdilər. Mən şübhələnirdim.

Həkim mənə demişdi ki, bəlkə Azərbaycanda bu qüsurla bu yaşa qədər gələn yeganə adamsan. Dünyada iki nəfər sağ qalıbsa, biri sənsən. Bu cür xəstələr uşaq vaxtı tələf olurlar.

Neftçilər xəstəxanasının cərrahı Rəşad Mahmudov onu da dedi ki, kim hansı hadisədən qorxursa o da baş verir. Hazırlaş əməliyyata.

Pul yox idi. 7 min manat pul tələb olunurdu. Bəs mən kimə müraciət edim? Kimə (üç vəzifəli şəxsə) məktub yazdımsa, cavab olmadı. Amma yazdığım məktubların məzmununu səhər “dostlarım” həyasızcasına üzümə oxuyurdular. İndi də deyirlər. Guya mən bir qəbahət iş tutmuşam.

Bilmirdim onlar bunu hardan öyrənirdilər. Yaxşı bəs mən nə etməliydim? Ölməliydimmi?

Axırda oğlum işlədiyi Bakı Dövlət Universitetinin rektoru, akademik, millət vəkili Abel müəllimə dedi. Abel müəllim, sağ olsun, məsələni həll etdi. İndi bu da mənim başımın qaxıncı olub. Niyə rektora məktub yazıb və s. Sanki bəzi dostlar pul tapa bilməyimi belə mənə çox görürdülər.

Bu ilin aprelin 3 də xəstəxanaya yatırıldım. Dedilər səhər saat 8-də səni əməliyyat blokuna qaldıracaqlar. Fikirləşirdim ki, hələ sabaha çox var. Həmin gecə 20-ci palatada saat 3-ə kimi yata bilmədim. Sonra məni yuxu tutub. Yerimdə tərsinə yatmışammış. Ayıldım ki, səhər açılıb, pəncərə süd rəngindədi. Saat 8-in yarısıdır. Düşündüm ki, hələ yarım saat var. İlahi, təsəllimə bax! Bir azdan oğlanlarım və yoldaşım gəldi. O böyük Allah məni əməliyyata elə razı salmışdı ki, əməliyyata oynaya-oynaya getdim. Əməliyyat 6 saat çəkdi, 10 saat narkozda qaldım. Ayılanda həkimdən soruşdum:

- Bəs məni niyə əməliyyat eləmədiniz?

Həkim güldü və dedi:

- Əməliyyat olundun və hər şey uğurla keçdi.

Anam sağ olsaydı, deyəcəkdim ki, əməliyyat günümü ona deməsinlər. Ən ağır psixoloji durumu həyətdə gözləyənlər yaşayırlar. Sevinirdim ki, həyətdə çayxana var, oturub çay içərlər.

6 gün xəstəxanada qaldım. Çıxanda mənə epikriz verdilər. Orda yazmışdılar ki, ürəyim 30 dəqiqə dayandırılıb, sonra ürəyin sağ qulaqcığının üstündən yarıb içəri daxil olaraq qulaqcıqlar arasındakı 4 sm dəliyi tikmişdilər.

Xəstəxanadan çıxanda 7 qurban kəsdik.

Göydə o böyük Allahıma, yerdə məşhur ürək cərrahı Rəşad Mahmudova həyatım boyu minnətdaram. Abel müəllimə və bütün yaxşı adamlara “çox sağ ol” deyirəm. İndi çox yaxşıyam. Doyunca nəfəs alıram. İlahi, rahat nəfəs almaqdan və gecələr doyunca yatmaqdan gözəl heç nə yoxdur bu dünyada.

Müayinəyə görə ürəyim indi tam sağlamdı. Pilləkənləri hamı ilə yüyürə-yüyürə çıxıram. İndi oğlanlarımı qucağıma ala bilərəm. Yox, indi də onlar çox böyükdülər. Hə, yaxşı ki, iki nəvəm var. Onları qucağıma alıram.

Həyatın müəyyən dönəmində hamı xəstələnə bilər. Ona görə də xəstəyə nəyisə qaxınc etmək ən böyük günahdır. Hər şey o böyük Allahın əlindədir. Ən böyük arzum budur ki, heç kəs xəstələnməsin, hətta xəstəliyi qaxınc edənlər də. Və bu yazım qoy onlara ən gözəl cavab olsun.

lent.az

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG