Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:49

Azərbaycan üçün dünyaya açılmaq zamanıdır


Arxiv foto
Arxiv foto
-

Opendemocracy.net dərgisində ekspert Nicu Popescu (Niku Popesku) Azərbaycanda iqtisadi- siyasi vəziyyət haqda məqalə yazıb. Məqaləni oxuculara təqdim edirik:

Nicu Popescu - elmlər doktorudur Avropa Şurası Xarici Əlaqələr Araşdrırma mərkəzində (European Council on Foreign Relations (ECFR) Rusiya və Avropa üzrə ekspertdir.

«Azərbaycan karbohidrat sərvətinə və strateji coğrafi mövqeyə malikdir və bu isə o deməkdir ki, bütün böyük güclərin bu ölkə ilə yaxşı münasibətlərdə maraqları var. Lakin burada uzun illərdir ki bir ailə hökmrandır, korrupsiya tüğyan edir və iqtisadiyyatın şaxələndirilməsinə ehtiyac var.

Əcnəbilər bir qayda olaraq Azərbaycanın ətrafında var-gəl edirlər. Onların hamısı ölkədən nə isə istəyir, ya enerji, ya da təhlükəsizlik sahələrində. Avropa İttifaqı Azərbaycanın neftini, qazını və Mərkəzi Asiyaya kəmərlərin çəkilməsi üçün əməkdaşlığını istəyir. Amerika və İsrail Azərbaycanı İran məsələsinə görə dəyərləndirirlər. Türkiyənin bu ölkə ilə strateji əməkdaşlığı var. Ruslar Azərbaycanın ABŞ-la həddən artıq yaxınlığının olmasını istəmirlər və Qəbələdəki RLS-in icarə müddətini uzatmaq arzusundadırlar. Əvəzində Azərbaycan çox nadir halda nə isə tələb edə bilir. Onun çoxlu neft pulları və xarici siyasət sahəsində, eləcə də ölkədə demokratiyanın olmamasından dərs öyrənmək istəməyən möhkəmləndirilmiş avtoritar rejimi var.

ZAHİRİ GÖRÜNÜŞ ALDADICI OLA BİLƏR

Pul və müxtəlif qüvvələrin maraqları arasında oynayan ehtiyatlı xarici siyasət Azərbaycanı regionda mükəmməl müvazinətçi və olduqca lovğa regional oyunçuya çevirmişdir. Lakin Azərbaycan sistemi ölkənin xarici partnyorlarının düşündüyündən daha kövrəkdir. Bu sistemin təməli bir çox səbəblərə görə laxlayır.

Əsas faktorlardan biri neft hasilatının azalmasıdır.

İlham Əliyev
İlham Əliyev
Neft istehsalı 2010-cu uildə zirvə nöqtəsinə çatmışdır, 2017-ci ilədək yarıbayarı, 2019-cu ilədək isə üçdə iki nisbətində azalacaqdır. Ümid onadır ki, yeni qaz ehtiyatları gəlirdəki fərqi aradan qaldırsın. Lakin bu mənfəətin azalmasını yalnız qismən, həm də qeyri-səmərəli kompensasiya edə bilər. Problemi ağırlaşdıran həm də budur ki, pullar israfçılıqla xərclənir və neft pullarından istifadə üçün təsisatlanmış qaydalar yoxdur. Rusiya və Qazaxıstan kimi başqa ölkələr neft pullarını ehtiyat fondlarında daha intizamlı qaydada toplayırlar. Bu həm “qara gün” üçün, həm də milli iqtisadiyyatı inflyasiya təzyiqlərindən, ifrat likvidlikdən, Holland xəstəliyindən (milli sərvətlərin istismarının artırılması və emal sahəsinin tənəzzülü) və neft qiymətlərinin təlatümündən qorumaq üçün lazımdır.

Azərbaycan isə öz neft pulunun xeyli hissəsini cari işlərə xərcləyir. Ölkənin neft ehtiyatları fondu - DNF illik gəlirinin yarısını dövlət büdcəsinə köçürür. Bu pulların bir hissəsindən gələcək üçün də investisiya edilib. Məsələn infrastruktura, magistral yolların çəkilişinə və xarcidə təhsilə və sair. Pulun bir hissəsi həmçinin fəvvarələrdən tutmuş dəbdəbəli saraylar kimi qeyri-məhsuldar və şöhrətpərəst layihələrə sərf edilib. Lakin pulun çox hissəsi sorularaq çıxarılıb.

Bir hesablama göstərir ki, Azərbaycanda çəkilən yolların bir kilometri orta hesabla 18 milyon dollara başa gəlir, halbuki bu rəqəm ABŞ-da 5,9 milyon, Avropa İttifaqında 6,9 milyon, Çində 2,2 milyon, Rusiyada isə 17,6 milyon dollardır”.

SİYASƏT VƏ İQTİSADİYYAT

Hazırkı status quonun təməlinin laxladığını nəzərə alsaq, Azərbaycanın öz iqtisadiyyatını şaxələnidirmək üçün elə də çox vaxtı qalmayıb. Lakin belə görünür ki, Azərbaycan bu sahədə çox da iş görmür. Ölkə elitası illər boyu rahat, lakin aşılanmaqda olan bir müvazinətdə yaşayır. Müxtəlif yüksək vəzifəli rəsmilər və onların ailələri banan idxalından tutmuş yolların tikintisinə qədər iqtisadiyyatın müxtəlif sektorlarına nəzarət edirlər. Təəcüblü deyildir ki, ölkədə hər şeyin qiyməti bahadır. Qiymətləri kartellər və neft pullarının seli nəticəsində valyutanın bahalaşması körükləyir.

Heydər Əliyev oğlu və nəvəsiylə birlikdə
Heydər Əliyev oğlu və nəvəsiylə birlikdə
Siyasi baxımdan vəziyyət tamamilə qeyri-sağlam deyil, lakin bu sağlamlıq getdikcə pisləşir. 1969-cu ildən 2003-cü ilədək (müəyyən fasilə ilə) ölkəyə bir vaxtlar KQB generalı, sonralar isə birinci katib, müstəqil Azərbaycanın prezidenti kimi Heydər Əliyev rəhbərlik edib. Onun oğlu İlham Əliyev 2003-cü ildən bu postun varisidir. Yerli ekspertlər deyirlər ki, Heydər Əliyev daha çox “dövlətçi” idisə, onun oğlu daha çox “biznesmendir”. Onun hakimiyyəti illərində elitanın korrupsiyalaşmış gəlirləri, şapkalardan və idarəetmənin alətindən hökumətin mənasına çevrilib.

Neqativ siyasi meyllər çoxdur. Prezidentlik müddətləri üçün məhdudiyyətin aradan qaldırılmasından tutmuş, bloggerlərin həbs olunmasına və Avropa Şurası məruzəçilərinə viza verilməməsinədək. Bununla yanaşı, bu yaxınlarda Avropa Stabillik Təşəbbüsünün (European Stability Initiative) hesabatında deyildiyi kimi, Avropa siyasi elitasının satın alınması üçün çirkli “kürü diplomatiyası” yürüdülüb. Bəlkə o qədər də mühüm məsələ olmasa da əlamətdardır ki, Avropa İttifaqı və ABŞ-dan gələnlər üçün viza tələbləri sərtləşdirilib. Əvvəllər bu adamlar vizanı Bakıda, aeroportda alırdılar, indi isə bu mümkün deyil. Təəccüblüdür ki, Azərbaycanın bütün partnyoprları arasında ən stratejisi olan Türkiyənin Mərakeşdən Qazaxıstana, Serbiyadan Suriyayadək bir çox ölkələrlə vizasız gediş-gəliş rejimi var, lakin Azərbaycandan başqa.

Bakı
Bakı
Azərbaycandakı siyasi və iqtisadi vəziyyətin bütün mürəkkəbliyinə baxmayaraq, ölkə təkcə strateji əhəmiyyətə malik deyil, o həm də potensialı olan bir ölkədir. Bu sadəcə olaraq neftin lənətinə gəlmiş sultanlıq deyil. Onun elitası avtoritar və korrupsiyalaşmışdır, lakin bu, Mərkəzi Asiyanın cəfəng və əliqanlı diktaturası deyil. Azərbaycan harada isə neft sərvətindən faydalana bilmiş və bilməmiş ölkələrin arasında ilişib qalıb. Məsələn, bir tərəfdən Dubay, Bəhreyn və Qətərin, digər tərəfdən isə Angola və ya Nigeriya və başqaları arasında. Azərbaycan biznes qurmağın qiymətinə görə (dünyada 66-cı yer) Xorvatiya, Rumıniya və Türkiyədən yuxarıdadır, lakin Ermənistan və Qazaxıstandan geri qalır. Qlobal Rəqabət İndeksinə görə (dünyada 55-ci yer) (global competitiveness index) Slovakiyadan, Bolqarıstandan və ya Serbiyadan irəlidədir, lakin Əmmandan, Tunis və Şri-Lankadan geri qalır. Azərbaycan vəziyyəti yaxşılaşdırmaq üçün çox iş görməlidir, lakin başlanğıc nöqtəsi pis deyil.

İRƏLİYƏ DOĞRU YOL

Fundamental olaraq Azərbaycan elitanın möhkəm maraqları ilə post-neft iqtisadiyyatı qurmaq ehtiyacı arasında mövcud olan ziddiyyətlə üzləşib. Bunun üçün Azərbaycan açılmalıdır. İqtisadiyyatı, sərhədləri və siyasi sistemi ilə. Dünya Ticarət Təşkilatına üzvlük, daha sonra isə Avropa İttifaqı ilə dərin və hərtərəfli azad ticarət müqaviləsini (DCFTA) imzalamaq ölkə üçün prioritetdir. Sonra isə ən azı Türkiyə, Avropa İttifaqı və ABŞ-la vizasız rejim qurmaqla dünyaya daha açıq üz göstərmək olardı.

Azərbaycanın çox vaxtı yoxdur, çox da pulu yoxdur ki, korrupsiyalaşmış maraqların susuz boğazlarına töksün. Birmənalı şəkildə, prezident öz aşnalarının inhisarçı keyfinin davam etməsi və şişən bank hesabları ilə onların mənfəətlərinin bir hissəsinin qurban verilərək əsil post-neft iqtisadiyyatı qurulması arasında seçim etməlidir. Axı, əvvəl-axır bu təkcə Azərbaycanın gələcəyi üçün yox, elə hakim ailənin özü üçün də lazımdır. Bu ailə neft gəlirlərinin sürətlə azaldığı şəraitdən salamat çıxmaq üçün özündə güc tapmaya bilər».

Tərcümə etdi: Zülfüqar Rüfətoğlu

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG