Keçid linkləri

2024, 02 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:10

İran Nizaminin yubiley tədbirlərini boykot edir?


Nizami
Nizami
-

“Dəvət göndərdiyimiz ölkələr arasında İran da var. Lakin onlardan indiyə kimi iştirakla bağlı təsdiq cavabını almamışıq".


Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Nizami Gəncəvinin 870 illik yubiley tədbirlərinin başlanmasına bir neçə gün qalıb.

Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncam 2011-ci il 23 dekabr tarixində Azərbaycan prezidenti İlham Əliyev tərəfindən verilib.

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi mətbuat xidmətinin rəhbəri Zöhrə Əliyeva yubiley tədbirlərinin 29-30 sentyabr tarixlərində Gəncə şəhərində, 1 oktyabrda isə Bakı şəhərində Heydər Əliyev adına sarayda keçiriləcəyini bildirib.

Yubiley tədbirlərinə dəvət olunan qonaqlar həm Mədəniyyət və Turizm Nazirliyi, həm də Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən müəyyənləşdirilib.

Yalnız Nazirliyin siyahısında bu günə olan dəvəti qəbul edənlərin sayı 23-dür. Qonaqlar Qırğızıstan, Pakistan, Fransa, Hindistan, Latviya, Türkiyə, Yunanıstan, İtaliya, Qazaxıstan və Çexiya olmaqla, ümumilikdə 16-dan çox ölkəni təmsil edir. Zöhrə Əliyeva yubiley tədbirlərində dünyada tanınmış simaların da iştirak etdiyini bildirib:

“Tədbirdə Qazaxıstan yazıçısı, həm də YUNESKO-nun bu ölkə üzrə təmsilçisi Oljas Süleymenov, Tacikistanın mədəniyyət naziri, ABŞ universitetlərindən nümayəndələr, İsgəndəriyyə kitabxanasının direktoru İsmayıl Seragəldin, Latviyanın sabiq prezidenti, Qırğızıstanın sabiq prezidenti iştirak edəcək. Bu adamların hamısı beynəlxalq təşkilatların nümayəndələridir, onlar müxtəlif mədəniyyət və ədəbiyyat fondlarına rəhbərlik edirlər. Harada ki, Nizami Gəncəvinin əlyazmaları tapılıb, şairlə bağlı tədqiqatlar aparılıb, həmin ölkələrin alimlərini dəvət etmişik”.

Xüsusi olaraq, yubiley tədbirlərində İranın təmsil olunub-olunmaması ilə maraqlandıq. Bu, heç də təsadüfi deyil. İranın Nizami Gəncəvinin yubiley tədbirlərinə müsbət yanaşmadığı hamıya məlumdur. Zöhrə Əliyeva bildirib ki, İran yubiley tədbirlərinə dəvət olunub: “Dəvət göndərdiyimiz ölkələr arasında İran da var. Lakin onlardan indiyə kimi iştirakla bağlı təsdiq cavabını almamışıq. Yubiley tədbirlərinin başlanmasına hələ bir neçə gün var. Gəlsələr, gözlərimiz üstə yerləri var”. İrandan kimlərinsə gəlib-gəlməyəcəyini İran səfirliyindən öyrənmək istəsək də, dəqiq bir cavab ala bimədik. Gün ərzində səfirliyin mətbuat xidmətinin rəhbəri Abbas İsgəndəri ilə danışmaq cəhdlərimiz alınmadı. Günün sonuna yaxın adını açıqlamayan mətbuat xidmətinin əməkdaşlarından biri: “Bu barədə heç nə bilmirik,” - deməklə kifayətləndi.

Aprelin 20-də İtaliyanın paytaxtı Romada Nizami Gəncəvinin abidəsinin açılışına İranın reaksiyasından sonra şairin yubiley tədbirlərində iştirak etməyəcəyi də gözlənilən idi. İranın mədəniyyət və irşad nazirinin müavini Bəhmən Dəri bu hadisədən sonra növbəti dəfə Nizami Gəncəvini “İran şairi” adlandıraraq, Azərbaycanı "şairin heykəlinin və şəxsiyyətinin saxtalaşdırılaraq, İtaliyaya hədiyyə olunmasına" görə tənqid etmişdi: “Azərbaycan Respublikası yaxşı olar ki, mövcud prosesləri nəzərə alaraq, öz xarici siyasət sahəsindəki bu hərəkətindən çəkinsin. Digərlərinin mədəniyyət fəxrlərini öz xeyrinə müsadirə və digərlərinə hədiyyə etmək yaxşı hərəkət deyildir. İran mədəniyyətinə təcavüz, yəqin ki, məsul şəxslər tərəfindən reaksiya ilə üzləşəcək və İslam Respublikası belə təcavüzlər qarşısında sakit qalmayacaq". Ümir edək ki, qarşıdakı bir neçə gün ərzində İran tərəfindən böyük şairimizin yubiley tədbirlərində iştirakla bağlı müsbət qərar veriləcək.

Ömər Əmirov
publika.az
XS
SM
MD
LG