Keçid linkləri

2024, 27 Oktyabr, bazar, Bakı vaxtı 20:17

ATƏT rəsmisi: «Biz Azərbaycanın iqtisadi inkişafının şahidi olduq»


Arxiv foto
Arxiv foto
Sentyabrın 11-də ATƏT-in Azərbaycanda səfərdə olan səfirləri vətəndaş cəmiyyətinin nümayəndələri, Dağlıq Qarabağın Azərbaycanlı icması və siyasi partiyalarla görüş keçiriblər.

Ötən gün isə Azərbaycan prezidenti İlham Əliyev Qəbələdə ATƏT-ə üzv ölkələrin səfirlərini qəbul edib. ATƏT-in daimi şurasının sədri Eoin Oleary deyir ki, görüşdə öhdəliklərdən tutmuş Dağlıq Qarabağ münaqişəsinədək bir sıra məsələlər müzakirə olunub.

«Biz bir sıra məsələləri müzakirə etdik. Azərbaycanın inkişafı, öhdəliklər və əlbəttə ki, Dağlıq Qarabağ münaqişəsi barədə fikir mübadiləsi apardıq. Biz Vyanaya geri qayıdarkən əldə etdiyimiz bütün məlumatları həmkarlarımızla bölüşəcəyik. Biz Azərbaycanın iqtisadi inkişafının şahidi olduq. Həmçinin, müəyyən etdik ki, ATƏT-in missiyası burada, Azərbaycanda çox yaxşı işləyərək, ATƏT-in fundamental insan haqları ilə bağlı iştirakçı ölkələrin boynuna götürdüyü öhdəliklərin həyata keçirilməsində Azərbaycana köməklik göstərib».

ÜMİD Partiyasının sədri, Millət Vəkili İqbal Ağazadə deyir ki, milli məclisdə təmsil olunan partiya üzvləri ilə görüşdə əsasən təhlükəsizlik, iqtisadiyyat və insan haqları sahəsindəki əməkdaşlıq müzakirə olunub:

«ATƏT-İN HEÇ BİR TƏDBİR GÖRMƏDİYİNİ BİLDİRDİM»

İqbal Ağazadə
İqbal Ağazadə
«Görüşdə iştirak edən siyasi partiyalar öz mövqelərini bildirdilər. Mən müxalifət partiyası kimi ATƏT-Azərbaycan münasibətlərində o cümlədən Azərbaycandakı proseslərlə bağlı fikirlərimi bildirdim. Gələn ilin seçki ili olduğunu, demokratik abu-havanın olmamasını, seçki məcəlləsindəki çatışmazlıqları, komissiyaların paritet əsaslarla formalaşdırılmamasını, sərbəst toplaşma azadlığı haqqında qanunun düzgün tətbiq olunmamasını, siyasi məhbusların hələ də həbsdə olması və s. bu kimi məsələləri bildirdim. Həmçinin ötən seçkilərdən sonra ATƏT-in hesabatlarından ortaya çıxan əyər-əskiklərin aradan qaldırılması istiqamətində ATƏT-in heç bir tədbir görməməsini bildirdim».

ATƏT SƏFİRLƏRİ SİYASİ PARTİYALARLA GÖRÜŞÜB

AXCP sədri Əli Kərimli AzadlıqRadiosuna bildirib ki, görüşdə əsas ATƏT-lə Azərbaycan arasında münasibətlər müzakirə olunub: «Açıq şəkildə ifadə etdik ki, ATƏT-in fəaliyyətindən Azərbaycan cəmiyyəti razı deyil. ATƏT özünə olan etimadı sarsıdıb. Çünki Azərbaycanda ATƏT adı iki məsələ ilə assosiasiya olunur. Dağlıq Qarabaş münaqişəsində Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqlar, bir də hər seçki prosesinin ATƏT tərəfindən müşahidə olunması. Çox təəssüf ki, 20 ilə yaxın bir dövrdə heç bir sahədə ATƏT uğura imza ata bilməyib».

Əli Kərimli
Əli Kərimli
Əli Kərimli bildirib ki, səfirlərin nəzərinə çatdırdıq ki, ötən müddət ərzində Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunmasını birmənalı şəkildə bəyan edə bilməməklə ATƏT Azərbaycan cəmiyyətindəki etimadını sarsıdıb.

«ATƏT SEÇKİLƏRİN SAXTALAŞDIRILMASINA QARŞI TƏDBİRLƏR GÖRMƏLİDİR»

«Bildirdik ki, ATƏT-in seçkilərlə bağlı işi yalnız seçkiləri müşahidə edib, onun necə saxtalaşdırılması ilə bağlı hesabat yaymaqdan ibarət olmalı deyil. Hər seçkidən sonra ATƏT seçki mühitinin yaxşılaşdırılması ilə bağlı müəyyən tövsiyələr hazırlayır. Çox təəssüf ki, o tövsiyələrin sonradan tətbiq olunmasına heç bir maraq göstərilmir. Ona görə də bu dəfə ATƏT-in nəzərinə çatdırıldı ki, seçkilərin, o cümlədən qarşıdan gələn 2013-cü il seçkilərinin saxtalaşdırılmasına indidən əks tədbirlər görülməlidir».

ATƏT-ə üzv ölkələrin səfirlərinin Bakıya səfəri bu gün – sentyabrın 11-də başa çatır.

Sentyabrın 10-da isə səfirləri Qəbələdə prezident İlham Əliyev qəbul edib. Bundan başqa həmin gün XİN-də və ARDNŞ-də də görüşlər keçirilib.

«MÖVCUD STATUS-KVO TƏHLÜKƏLİ VƏ QƏBULEDİLMƏZDİR»

Sentyabrın 10-da xarici işlər naziri Elmar Məmmədyarov da ATƏT-ə üzv ölkələrin daimi nümayəndələrini qəbul edib.

Elmar Məmmədyarov
Elmar Məmmədyarov
XİN-in mətbuat xidmətinin məlumatına görə, görüşdə Azərbaycan-ATƏT əməkdaşlığı, regiondakı vəziyyət və Azərbaycanın üzləşdiyi problemlərlə bağlı fikir mübadiləsi aparılıb.

Ermənistan-Azərbaycan münaqişəsi, danışıqların hazırkı vəziyyəti haqda məlumat verən E. Məmmədyarov mövcud status-kvonun təhlükəli və qəbuledilməz olduğunu bildirib. Nazir onu da deyib ki, Ermənistan Silahlı Qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərində mövcud olması münaqişənin sülh yolu ilə həllinə ən böyük maneədir. Eyni zamanda münaqişənin həlli regionda təhlükəsizlik və əməkdaşlıq üçün həyati məna daşıyır.
XS
SM
MD
LG