Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:02

Məşhur müğənninin çıxışını “qayçıladılar” (Video)


Mirey Matye (solda) 2010-cu ildə də Rusiyada olmuşdu. O, prezident Medvedevlə danışır.
Mirey Matye (solda) 2010-cu ildə də Rusiyada olmuşdu. O, prezident Medvedevlə danışır.
-

Rus televiziyası məşhur fransız müğənnisi Mirey Matyenin (Mireille Mathieu) çıxışını "qayçılayıb".

Hətta efirə verilən hissə də təhrif edilib, çıxışa müğənninin demədiyi fikirlər əlavə edilib.

“Kommersant” qəzeti yazır ki, Matye Moskvada «Спасская башня» festivalının açılışına qatıldıqdan sonra «ТВ Центр» telekanalına müsahibə verib. O, müsahibə zamanı Rusiyada həbs cəzasına məhkum edilmiş “Pussy riot” musiqi qrupunun üzvlərinin kilsədə hökumət əleyhinə mahnı oxumalarını bəyənməsə də, hökuməti onları bağışlamağa çağırıb. Amma “bağışlanma xahişi” efirə verilməyib.

Katolik Matyeyə görə, o, müsahibə zamanı “Pussy riot” haqda bunları deyib:

“Məncə, qızlar etdikləri hərəkətin məsuliyyətini o qədər də anlamaybılar. Kilsə nümayiş yeri deyil. Öz mövqelərini başqa formada ifadə edə bilərdilər. Kilsə - ibadət yeridir və onların çıxışı küfrdür”.

Sinxronda isə müğənninin fikirləri belə verilib:

“Məncə, onlar anlaqlı vəziyyətdə olmayıblar. Onların hərəkətini pisləyirəm. Kilsə belə aksiyaların yeri deyil. Kilsə elə yerdir ki, insanlar ora nur üçün, qəlbin paklığı üçün gəlirlər. Kilsə müqəddəs yerdir, ona ehtiramla yanaşmaq lazımdır. Xüsusən də rus kilsəsinə. Orada insanlarda coşqunluq və böyük həvəs hiss edilir”.

Burada çıxış bitir. Bu tərcümə fransız mətbuatına çıxandan sonra jurnalistlər müğənnini rusların pullarına şirnikib “Pussy riot” haqda belə sözlər danışmaqda ittiham ediblər. Müğənni də Rusiya telekanalından izahat tələb edib.

Telekanalın baş direktorunun 1-ci müavini Vyaçeslav Mostovoy Matyenin fikirlərinin tərcümədə “təcrübəsiz jurnalist” tərəfindən təhrif edildiyini, onun efirdən uzaqlaşdırılacağını bildirib: “Biz şokdayıq. Müğənnidən üzr istəyirik”.

Telekanal müğənninin qrup üzvlərini bağışlamağa çağırdığını da etiraf edib və öz saytlarında həmin fikirləri müsahibənin mətninə əlavə edəcəklərini söz verib. Amma “Kommersant” yazır ki, bu vədə hələ də əməl edilməyib.

1946-cı il təvəllüdlü Matye indiyəcən 1200 mahnı oxuyub və albomları dünyada 120 milyon nüsxədən çox satılıb.

Mirey Matyenin qayçılanmış çıxışı
XS
SM
MD
LG