Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:36

"Bu il Yerevan dünyanın kitab paytaxtı elan olunub, amma hiss olunmur"


2012-ci ildə Yerevan kitab paytaxtı elan edilib
2012-ci ildə Yerevan kitab paytaxtı elan edilib
Ölkədə nəşr olunan kitabların təxminən yarısı uşaq ədəbiyatıdır. Ermənistanın kitab paylanması asssosiasiyanın prezidenti və kitab dükanının direktoru Xaçik Vardanyan uşaq kitablarının daha çox satıldığını deyir:
«Uşaq ədəbiyyatı birinci yerdədir, ən çox məktəbəqədər və aşağı sinif uşaqları üçün nəzərdə tutulan kitablardan alınır. Valideynlər istəyir ki, uşaqları daha çox inkişaf etsin. Bu, valideynlərin ən böyük arzusudur, ona görə də heç nəyi əsirgəmirlər. Qalan kitablara isə az-çox tələbat var».
Bu gün Ermənistanda kitabı sovet dövrü ilə müqayisədə daha az alırlar. Xaçik Vardanyan bunun bir neçə səbəbinin olduğunu deyir:
«İstənilən məlumatı asanlıqla əldə etməni mümkün edən internet şəbəkəsi, həmçinin soraq kitabçası və lüğətlər var. Ona görə də lüğət və soraq kitabçalarının kağız variantı öz əhəmiyyətini itirir. Həmin şəbəkədə pulsuz və tam həcmdə yerləşdirilmiş kitablar da var. Yəni beləcə kitablar da rəflərdə qalır. Kim belə imkanı ola-ola kitab almağa pul verər ki?»
TELEVİZİYALAR KİTAB OXUMAĞA MANE OLUR?
Vardanyanın sözlərinə görə, digər qisim insanların isə sosial vəziyyəti kitab almağa imkan vermir.
«Əlbəttə, bizim ölkədə əhalinin gəlirləri aşağıdır, bu da vəziyyətə təsir edir. Bu məsələyə siyasi qiymət vermək istəmirəm, ancaq insan ailəsinə çörək pulu qazanmaq haqda düşünürsə qalan məsələlərə nə zamanı, nə enerjisi, nə də resursu çatmır».
Ermənistan naşirləri milli assosiasiyanın prezidenti Mkrtiç Karapetyanın fikrincə, bütün bu səbəblərdən biri də çoxsaylı seriallardır. Onlar insanları kitablardan daha çox cəlb edir.
«İnternet, həmçinin televiziya kitab oxumağa mane olur, çünki çoxları seriala baxır, baxmayaraq ki, hamı onların zövqsüz və keyfiyyətsiz olduğundan danışır. Ancaq onlara asanlıqla tabe olur və evə qayıdan kimi televizorun arxasına keçib, seriala baxırlar. Bizim ölkədə kitab dövlət tərəfindən təbliğ olunmur. Baxmayaraq ki, biz bu il kitabın yaradılmasının 500 illiyini qeyd edirik».
Bu il Yerevan həm də kitab paytaxtı elan olunub, ancaq Karapetyanın sözlərinə görə, bu ölkədə heç də hiss olunmur:
Ermənistanda kitab flaşmobu
Ermənistanda kitab flaşmobu
«Hamı bu məsələ ilə bağlı müəyyən işlərin getdiyini deyir. Ancaq səmimi söyləyim, mən, Ermənistan naşirləri milli assosiasiyasının prezidenti kimi xüsusi hansısa işin getdiyini görmürəm. Bunun hiss olunması üçün kitab dükanlarının sayı artırılmalı idi. Heç olmasa Yerevanda hər addımda satılmalıydı. Kitab dükanlarının və Yerevan kitab evinin yaradılması planları da var idi, hərçənd reallaşmadı».
«KİTAB ÇOX BAHADIR»
Söhbətləşdiyimiz Yerevan sakinlərindən isə hansı kitablarla maraqlandıqlarını, kitabların qiymətinin onlar üçün münasib olub-olmadığını soruşuruq. Cavabları dinləyək:
- 3-4 ay əvvəl institut üçün fəlsəfə kitabını almışam, təkcə peşə ilə bağlı ədəbiyyat almıram. Tanımış ingilis yazıçılarının əsərlərini və psixologiya haqda ədəbiyyatları oxumağı sevirəm.
- Mən kitab yox, jurnal alıram. İşdə çox yüklənmiş oluram, təəssüflər olsun kitab oxumağı çatdırmıram.
- Kitabsız özümü təsəvvür edə bilmirəm. Həyatımın elə bir dövrü olmayıb ki, heç olmasa gündə 2-3 saat kitab oxumayım. Əlbəttə bu gün yaxşı kitab ucuz deyil, 5-7 min dramdır, təxminən 13-18 dollar.
- Oxumadığımı gizlətmirəm. Tələbəlik illərində çox oxumuşam, ancaq indi qayğılarım çoxdur.
- Kitablar məni cəlb etmir. 16 yaşım var və texnika o qədər inkişaf edib ki, kitab bizlik deyil. Hərçənd bəzi dostlarım kitab oxumağı sevir.
- Mən memuar oxuyuram. İnternetdə axtarıb tapıram.
- Son zamanlar mən də kompüterdən istifadə edirəm, kitab dükanlarında kitablar çox bahadır. Əgər orta əmək haqqını götürsək ay ərzində bir ya iki kitab almaq israfçılıqdır.
XS
SM
MD
LG