Keçid linkləri

2025, 22 Yanvar, çərşənbə, Bakı vaxtı 00:55

4600 nəfər itkinin taleyi hələ də bilinmir


Foto: Arxiv
Foto: Arxiv
-
23 yaşlı İsmayıl Müslümov 1994-cü il yanvarın 28-də evdən üzü Murova doğru çıxıb və bir daha evlərinə qayıtmayıb. Onu evdən çıxardan isə Azərbaycanın həmin dövrdə hakimiyyətdəki yeni prezidenti Heydər Əliyevin çağırışı olub:

«Özü gedib. Heydər baba 93-də «Vətənə kömək edin», «analar, qardaşlar, oğul-uşaq belə qırılır» deyirdi, bu uşaq da dözmədi, çıxdı getdi. Elə getdi, o gedən qayıtmadı».

İsmayıl Müslümovun anası 69 yaşlı İsmi Müslümova həmin illərdən bunları xatırlayır.

KÖNÜLLÜ DÖYÜŞƏ GEDƏN İKİ DOST

Müslümov 1994-cü ildə könüllülərdən ibarət batalyonun tərkibində döyüş bölgəsinə gedib. Rəhman adlı dostu ilə birlikdə Zaqataladan Kəlbəcərə yola düşən İsmayılı ondan sonra gördüm deyən olmayıb.

İsmayıl Müslümovun müharibəyə könüllü yollanması atası ilə anasının fikirlərini haçalayıb: biri razılaşıb, digəri isə getməməsini istəyib.

İsmi Müslümova:

«Dedik, müharibədir də, hamı gedir. Dedi analar-bacılar əldə gəzir, getməmək olarmı, mən getməliyəm».

«BÜTÜN QARABAĞI GƏZMİŞƏM»

Müslüm Müslümov:

«Neçə dəfə demişəm getmə... Dayanmayıb getdi. Gedəndən sonra mən bütün Qarabağ zonasını, bütün rayonları gəzmişəm. Əlimdə olan bütün varımdan, yoxumdan çıxdım, amma onun izini
Foto: Arxiv. 4600 nəfərdən çox itkin düşmüş şəxsin taleyinə hələ də aydınlıq gətirilməyib
Foto: Arxiv. 4600 nəfərdən çox itkin düşmüş şəxsin taleyinə hələ də aydınlıq gətirilməyib
də tapmadım».

«SƏN UŞAĞI AXTARMA...»

Atasının axtarışları bircə tapıntı ilə nəticələndi: o, gəzdiyi xəstəxanaların birində oğlu ilə eyni batalyonda döyüşmüş birisinə rast gəlib:

«Bircə xəstəxanada bir qaçqın var idi, onu tapdım. Dedi ki, «ağsaqqal, bizi gecə saat 12-də Murova tökdülər. Mən özüm 3 sutkadır bu xəstəxanadayam, indi ayılmışam, ayaqlarım donub qalmışdı». O dedi ki, sən uşağı axtarma...».

Rəsmi statistikaya görə, Azərbaycanda əsir, itkin düşmüş və girov götürülmüş şəxslərin sayı 4046 nəfərdir. Onlardan 3267 nəfər hərbçi, 776 nəfər mülki şəxslərdir. 3 nəfərin hərbçi və ya mülki olduğu məlum deyil. Mülki şəxslərdən 47-si itkin düşərkən yetkinlik yaşına çatmamış uşaq (17 nəfər azyaşlı qız), 248-i qadın, 351-i isə yaşlı şəxsdir (151 nəfər qadın).

1400 NƏFƏR ƏSİRLİKDƏN AZAD EDİLİB

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası bildirir ki, indiyə qədər əsir və girovluqdan 1400 nəfər azad edilib.

Avqustun 30-u Beynəlxalq İtkin Düşmüş Şəxslər Günü ilə əlaqədar Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakı nümayəndəliyi Bakıda və Bərdədə itkin düşmüş qohumlarını axtaran ailələrlə görüşüb.

Foto: Arxiv. BQXK münaqişə tərəflərinə itkin düşmüş şəxslərin talelərinə aydınlıq gətirilməsində kömək edir
Foto: Arxiv. BQXK münaqişə tərəflərinə itkin düşmüş şəxslərin talelərinə aydınlıq gətirilməsində kömək edir
Neytral vasitəçi kimi çıxış edən BQXK münaqişə tərəflərinə itkin düşmüş şəxslərin talelərinə aydınlıq gətirilməsində kömək edir.

«Ailələrə kömək göstərilməsi bizim bu regiondakı humanitar işimizin əsas prioritetlərindən biridir».

BQXK-nın psixo-sosial dəstək proqramının rəhbəri Bhava Poudyal belə deyir.

Qurumun məlumatına görə, Dağlıq Qarabağ münaqişəsi zamanı tərəflərdən 4600 nəfərdən çox itkin düşmüş şəxsin taleyinə hələ də aydınlıq gətirilməyib.

«100-DƏN ÇOX ŞƏKİL PAYLAMIŞAM»

17 ildir itkin düşmüş İsmayılın valideynləri isə hər il təşkilatlarla, ictimaiyyətlə görüşlərə, tədbirlərə getməkdən yorulduqlarını deyirlər. Amma gözləri hələ də qapıda, qulaqları səsdədir.

Müslüm Müslümov:

«Mən dərdimi kimə danışım? Neçə ildir gəlirlər, soruşurlar, yazırlar, heç bir mənası yoxdur. Cavab da yoxdur. Mən onun ölüsünü görməmişəm, ümidlə yaşayıram da bu çöldə».

İsmi Müslümova:

«Nə bilim e... 100-dən çox şəkil paylamışam».
XS
SM
MD
LG