Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 02:39

Amerika diktatorlarla işbirliyində?


ABŞ-ın dövlət katibi Hillari Klinton və Türkmənistan prezidenti Qurbanqulu Berdımuhammedov, Nyu York, 21 sentyabr, 2009
ABŞ-ın dövlət katibi Hillari Klinton və Türkmənistan prezidenti Qurbanqulu Berdımuhammedov, Nyu York, 21 sentyabr, 2009
-


Walter Pincus “Washington Post” qəzetiində yazır ki, Amerika son illər yavaş-yavaş Orta Asiya dövlətləri ilə əlaqələrini genişləndirib və insan haqları ilə bağlı vəziyyətin ürəkaçan olmadığı iki ölkənin avtoritar, ömürlük prezidentlərinə də bu prosesdə qucaq açıb.

Söhbət Qazaxıstan və Türkmənistan liderlərindən gedir

Amerika Dövlət Departamenti dəfələrlə öz hesabatlarında bu ölkələrin hökumətlərini öz siyasi rəqibləri ilə sərt davranışlarına görə tənqid edib.

Amma George W. Bush administrasiyası dövründə həyata keçirilməyə başlanan və Obama dövründə də davam etdirilən siyasət, belə görünür ki, Qazaxıstan və Türkmənistanın diktatorlarını Əfqanıstan məsələsində və terrorçuluğa qarşı mübarizədə qısa müddətli əməkdaşlığa görə mükafatlandırmağı nəzərdə tutur.

Eyni zamanda hiss edilir ki, Vaşington Rusiya, İran və Çinə yaxın olan həmin ölkələrdə qalıb uzunmüddətli maraqlarını həyata keçirməyə də çalışır.

Qəzet daha sonra yazır ki, ABŞ bu məsələdə “realpolitik” səbəbləri əldə rəhbər tutaraq həmin rejimlərlə müvəqqəti əməkdaşlığa gedir. Amma o da məlumdur ki, Soyuq Müharibə dövründən etibarən diktatorlarla bu tip əməkdaşlıq bir çox hallarda yaxşı nəticələnməyib. Amerika həmin diktatorları müdafiə edib. Halbuki həmin ölkələrin bəzilərində müxalifət sadəcə azadlıq və ədalətli hökumət tələb edirdilər.

İnsan haqlarının vəziyyətinin ürəkaçan olmadığı ölkələr

ABŞ Dövlət Departamenti 2011-ci ilin insan haqları ilə bağlı hesabatında Qazaxıstanı fikir, mətbuat, birləşmək və toplaşmaq azadlıqlarını məhdudlaşdıran ölkə kimi təsvir edir. Bu ölkədə korrupsiyanın geniş yayıldığını, məhkəmənin müstəqil olmadığını bildirir, işgəncələrdən, orduda “dedavşina”dan ölənlərin olduğunu qeyd edir.

Həmin hesabatda Türkmənistanda insan haqlarının vəziyyəti də oxşar ifadələrlə təsvir olunur.

Üstəlik bu ölkədə vətəndaşların öz hökumətlərini dinc yolla dəyişmək imkanlarının olmadığı, dövlətin insanların yazışmalarına müdaxilə etdiyi, təhlükəsizlik orqanlarının cəzasızlıq şəraitində fəaliyyət göstərdiyi deyilir.

“Washington Post” yazır ki, əgər Soyuq Müharibə dövründə belə liderlər öz siyasi rəqiblərinə “kommunist” adı qoyurdularsa, indi “terrorçu”, “Əl-Qaidəyə bağlı cihadçılar” adlandırırlar.

Belə problemlə üzləşən başqa ölkələr kimi Qazaxıstan və Türkmənistan da ABŞ-dan yardımlar alır.

Milyonlarla dollar yardım

Müəllif vurğulayır ki, 2013-cü ildə Obama administrasiyası Qazaxıstana anti-terrorçuluq və nüvə silahının
ABŞ prezidenti Barak Obama Qazaxıstan prezidenti Nursultan Nazarbayevlə görüşür, Washington, 11 aprel 2010
ABŞ prezidenti Barak Obama Qazaxıstan prezidenti Nursultan Nazarbayevlə görüşür, Washington, 11 aprel 2010
yayılmaması məqsədilə 1,5 milyon dollar yardım etməyi planlaşdırır. Bundan başqa, Qazaxıstana silah alışının maliyyələşdirilməsi üçün 1,8 milyon dollar, qazax hərbçilərin ABŞ-da təlim keçməsi üçünsə 707 min dollar veriləcək.

Gələn il Türkmənistan da Ağ evdən silah alışının maliyyələşdirilməsi üçün 685 min dollar, türkmən hərbçilərin ABŞ-da təlimləri üçünsə 350 min dollar alacaq.

Türkmənistan 2011-ci ildə anti-terrorçuluq proqramları üçün Ağ evdən 1,7 milyon dollar yardım alıb.

Qəzet yazır ki, başqa ölkələrlə müqayisədə bu məbləğlər çox deyil, amma bu qazax və türkmən diktatorları öz xalqları qarşısında Obama administrasiyasından dəstək aldıqlarını iddia etmələrinə bəs edir.

Məqalədə deyilir ki, bütün bunlar ABŞ-ın dünyada demokratik dəyərləri dəstəkləməsi haqda mesajını gözdən salır.

Bundan başqa, hər iki dövlət ABŞ-dan yardım alsa da, Amerikanın və BMT-nin sanksiya qoyduğu İranla ticarəti genişləndirməkdədir.

Qəzet yazır ki, 2007-ci ildə ABŞ Ordusunun Mərkəzi Komandanlığının rəhbəri, admiral William Fallon Əfqanıstandakı Baqram hərbi bazasını Amerikanın Mərkəzi Asiya regionundakı gələcək maraqlarının həyata keçirilməsi üçün əsas dayaq məntəqəsi adlandırmışdı.

O, Nümayəndələr Palatasında demişdi ki, əfqan hökumətinə dəstəklə yanaşı baza həm də “regionda başqa məqsədlərə xidmət edəcək”.

Məqalə müəllifi Walter Pincus yazır: “Gəlin ümid edək ki, admiral “başqa məqsədlər” deyəndə Qazaxıstanın və Türkmənistanın indiki rəhbərləri kimi “müttəfiqləri” hakimiyyətdə saxlamaq üçün hərbi əməliyyatları nəzərdə tutmur”.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG