Keçid linkləri

2024, 05 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 07:31

«Financial Times» Azərbaycandakı investisiya mühitindən yazır


Bakı. Alov Qüllələri
Bakı. Alov Qüllələri
-
Avqustun 19-da «Financial Times» qəzeti Azərbaycanda neft sektoru, səhm bazarıyla bağlı məqalə dərc edib. Məqaləni ixtisarla təqdim edirik:

«Burada hər yerdə korrupsiya var və Azərbaycanın neft resurslarının böyük sərvət gətirəcəyinə dair vədlər əsasən realizə edilməmiş qalır».

Moskvanın investisiya bankı olan «Renaissance Capital» bu post-sovet ölkəsini bir cümlə ilə belə ifadə edir.

SƏRMAYƏ QOYMAMAQ ÜÇÜN SƏBƏBLƏR...

Burada siyasi sülalə əsasən feodal hakimiyyəti ilə müqayisə edilir. Bundan başqa, Ermənistanla Azərbaycan arasında həll olunmamış Dağlıq Qarabağ münaqişəsi mövcuddur. Azərbaycana sərmayə qoymamaq üçün bu kimi səbəblər tapmaq çox asandır.

«Biz ora hər hansı investisiya qoymamışıq və mən öz səhmlərini ora qoyan kimisə tanımıram».

İsveçin inkişaf etməkdə olan bazarlar üzrə eksperti - «East Capital»ın nümayəndəsi Aivaras Abromavicius belə deyir.

Bununla belə, Azərbaycan hökuməti bir sıra islahatlar həyata keçirdiyindən bir neçə fond meneceri düşünür ki, Xəzər dənizi sahilində yerləşməklə Şərq və Qərb arasında strateji mövqeyə və zəngin ticarət tarixinə malik olan bu ölkə «qaçırılmış bir imkandır».

ZƏNGİN NEFT TARİXİ...

«Bura vaxtilə «İpək Yolu»nun keçdiyi ərazidir».

Orta Asiya sərhəd bazarları üzrə ixtisaslaşan investisiya meneceri - «Sturgeon Capital»ın təsisçisi və icraçı direktoru Clemente Cappello bu fikirdədir.

«Franklin Templeton» şirkətinin təmsilçisi Mark Mobius paytaxt Bakının zəngin neft tarixini xatırladır:

«İlk neft quyuları 1873-cü ildə fontan vurub və 1900-cü ilə qədər «qara qızıl» paytaxtı adlanan Bakıda 3000-dən artıq neft quyuları var idi».

«Franklin Templeton» hələ ki Azərbaycanda ciddi fəaliyyət göstərmir.

...SƏHM BAZARININ OLMAMASI

Azərbaycan neft və qaz sənayesinə Dövlət Neft Şirkəti, BP və «Total» kimi transmilli şirkətlər nəzarət edir. Ona görə də, ciddi səhm bazarının olmaması ölkənin sürətli inkişafından başqa cür yararlanmaq istəyən səhm menecerlərini açıq-aydın çəkindirir.

Səhm sərmayəsi imkanları ancaq özəl sektorda mümkündür. Ancaq bu məsələ həmçinin daha çox diqqət çəkmiş Afrika bazarları üçün də keçərlidir.
«Neft daşları»
«Neft daşları»

NİYƏ AFRİKAYA GEDİRLƏR?

«Adamlar Afrikaya gedirlər, ancaq biz Orta Asiyada daha yaxşı dəyərləndirmələr, daha yaxşı investisiya mühiti, daha yaxşı siyasi mühit və daha yüksək təhsil görürük», - cənab Cappello belə deyir.

«Azərbaycanın diqqətdən kənar qalmasının bir səbəbi də odur ki, sərmayəçilər eyni qiymət təklif olunan daha yaxşı sərhəd bazarlarının olmasına inanırlar», - bunu isə cənab Abromavicius deyir.

«Azərbaycan hökuməti bunu dəyişməyə və Azərbaycanı investisiya xəritəsinə salmağa ümid edir», - cənab Cappello belə düşünür.

2010-cu ildə Cənubi Afrikada Dünya Kubokunun keçirilməsi Afrikada dəyişiklik anlayışı formalaşdırdığı kimi, Bakıda keçirilən «Eurovision 2012» Mahnı Yarışması da bu baxımdan bir təkan rolunu oynadı. Ancaq «Eurovision» həmçinin yanlış reklama səbəb oldu. «Azərbaycan üçün Beynəlxalq Tərəfdaşlıq Qrupu» bu imkandan istifadə edərək iddia edilən insan haqları pozuntularına diqqət çəkdi.

SİYASİ ƏLAQƏLƏRİ OLAN ŞƏXSLƏRDƏN NARAHATLIQ

Azərbaycanın özəl səhm bazarına yatırım etmək istəyən sərmayəçilər üçün başqa bir problem odur ki, neft gəlirlərinin sayəsində şirkətlərə adətən kapital lazım olmur. İnvestorlar ona görə də başqa bir şey təklif etməlidirlər:

«Onlar (Azərbaycan şirkətləri) kapitalı masa üstünə gətirə bilərlər», - «Silk Invest»in təmsilçisi Daniel Broby deyir. O, Azərbaycana gələcəkdə də sərmayə qoymağı planlaşdırır. «Onların istədikləri şey bazarı tutmaq və formalaşdırmağa dair məsləhətdir».

«Bu, əməkdaşlıqdır, sərmayəçilər öz partnyorlarını ağılla seçməlidirlər. Siyasi əlaqələri olan şəxslər sarıdan narahatlıqlar var», - Broby bildirir,

Region üzrə ixtisaslaşan «Sturgeon Capital» kimi şirkətlər üçün bu kimi məsələlər Azərbaycanı daha da maraqlı edir.
İlham Əliyev
İlham Əliyev

«DÜNYƏVİ, BİZNESYÖNLÜ HÖKUMƏT»

«Biz burada çoxlu əcnəbi investorlar görmürük. Biz buna böyük imkan kimi baxırıq», - Cappello deyir.

Korrupsiya və vətəndaş azadlıqlarının boğulması sarıdan narahatlıqlara baxmayaraq, o, inanır ki, Azərbaycan hökuməti ölkəni tamamilə düzgün istiqamətə aparır:

«Bu, çox dünyəvi, biznesyönlü hakimiyyətdir».

«Azərbaycanın sərvəti var və şübhəsiz ki, sürətlə inkişaf edəcək». - Cənab Broby belə deyir və əlavə edir:

«Bu ölkə həqiqətən də önümüzdəki 5 il ərzində yüksələcək. Böyük bir sual isə ondan ibarətdir ki, sən bu imkandan necə yararlanacaqsan?»

Cənab Cappello da səbir etməyi məsləhət görür:

«Azərbaycan öz yolunu haradasa Avropa-Türk mədəniyyətində və Dubay tipli biznes mühitində tapır. Onu regionun digər ölkələri ilə müqayisə etsəniz, əldə edilmiş inkişaf təsirləndiricidir».


Bu yazının saytımızda dərc olunan ilkin versiyasında tərcümə xətasına yol verilmişdi. Fikir təhrifi doğuran bu xətanı aradan qaldırıb oxuculardan üzr istəyirik. Ayrıca, tərcümədə səhvləri diqqətimizə çatdırdığı üçün «BaldEagle» adlı oxucuya təşəkkürümüzü bildiririk.

XS
SM
MD
LG