Keçid linkləri

2025, 16 Yanvar, Cümə axşamı, Bakı vaxtı 10:37

Fransız xanımın yuxusu


Vahid Məmmədli
Vahid Məmmədli
-

..dizləri üstə çöküb başını dizlərimin üstünə qoydu. Sonra dikəlib məni dərindən qoxulamağa başladı, səssizcə dodaqlarını qulağıma toxundurub rusca bir neçə kəlmə söylədi: Həyatımın kişisi, mən səni istəyirəm…


VAHİD MƏMMƏDLİ


FRANSIZ XANIMIN YUXUSU


Məni Rəngkarlar Birliyinə dəvət elədilər. Xarici əlaqələr şöbəsindən işləyən əməkdaş tüklü üzümü, dizləri cırıq cins şalvarımı və dirsəkləri meşinli pencəyimi mənalı-mənalı süzüb dedi:

-Hmm… Keçən ay Parisin Müasir Sənət Muzeyində nümayiş etdirilən «Atropatena» adlı rəsminiz indi hardadı?

-Özümdə, emalatxanadadı. Necə bəyəm? - maraqla Birliyin əməkdaşından soruşdum.
Əməkdaş yüngülcə gülümsədi, məni yenidən təpədən-dırnağacan süzüb dilləndi:

-Fransada çox məşhur olan bir qadın rəssam var. Dünya şöhrətli rəssamdı... – Sonra susub nə deyəcəyimi gözlədi

- Yaxşı, bunun mənə nə aidiyyatı var? - Təəccüblə xəbər aldım.

-Keçən ay Fransada, Parisdə Müasir Sənət Sərgisində nümayiş etdirilən «Atropatena» rəsiminizi görüb. Fransa Mədəniyyət Nazirliyi vasitəsilə bizim Birliyə müraciət eləyib. O, sizi görmək istəyir.

Mən çiyinlərimi çəkib Birliyin əməkdaşından həmin rəssam qadının məni görmək istəməsinin səbəbini soruşdum.

-O, məqsədinin sizinlə görüşmək olduğunu bildirib. Yəqin ki, həmin əsərinizi görüb sizə əməlli-başlı vurulub… - əməkdaş istehzayla güldü, sonra da ciddiləşib davam elədi. - Başqa məqsədlə də gələ bilər … Amma biz ona etiraz edə bilmərik. Dünya şöhrətli rəssamdı…

-Yaxşı bəs mən neyləməliyəm? – Hələ heç nə başa düşmürdüm.

-Təyyarə, qarşılama, otel və sair məsələləri Birlik həll eləyəcək. Sizə yalnız onunla görüşmək qalır... – O, intizarla üzümə baxdı.

Tez-tələsik belə dumanlı işə qol qoymaq istəmədim:

-Birdən görüşmək istəməsəm, onda necə?

Əməkdaş üz-gözünü turşutdu:

-Yəqin, başa düşürsünüz ki, o dünya şöhrətli rəssamdı. Hər halda, görüşməyiniz məsləhətdi.

Artıq çənə döyməyə həvəs göstərmədim:

-Nolar, - dedim, - gəlsin, baxaq görək nə istəyir.

Əməkdaş, sanki, nədənsə ehtiyyat eləyə-eləyə gülümsəyib sakit, bir qədər də asta səslə dilləndi:

-Bir şeyi də hər ehtimala qarşı sizə demək istəyirəm. Onun iyirmi səkkiz yaşı var. Fransanın ən gözəl qadınlarından biridi. Sadəcə əyləci tutmur. Nə düşünürsə, onu deyir, istədiyini eləyir. Ona yaxınlaşan kişidən xoşu gəlmirsə, söyüşlə danışır. Xoşuna gələn kişiyəsə özü həmin andaca eşq elan eləyir.

Tərimi silə-silə gülümsədim:

-Eybi yoxdu, - dedim, - mədəni əlaqələrimizin inkişafı naminə razılaşmaq məcburiyyətindəyəm.

Əməkdaş, deyəsən, sözlərimi ciddi qəbul elədi, rahatlanıb əlini uzatdı:

-Çox gözəl, onda zəngimizi gözləyin...

***

Bir həftə sonra yenidən Rəngkarlar Birliyindən zəng vurub fransalı rəssam qadının artıq «Hilton» otelində olduğunu, Birliyin nümayəndəsinin onu axşam saat onda Fəvvarələr meydanındakı klublardan birinə gətirəcəyini dedi.

- Niyə məhz kluba? – Təəccübləndim. - Emalatxanama gəlsə, olmaz? Başqa əsərlərimi də göstərərdim.

-Məsləhət oldu ki, ilk görüş klubda olsun. – Əməkdaş ehtiyatla danışırdı. - Elitar bir klub var. Biz gələnə kimi sizin orada olmağınız daha məsləhətdi. Hər halda, qonaqdı, - deyib cavab gözləmədən dəstəyi qoydu.

Fransız xanımı görmək marağı məni bürümüşdü. Axşam saat onun yarısında artıq Fəvvarələr meydanındakı həmin klubda idim.

Xidmətçilərdən birinin müşaiyətilə klubun əsas girişiylə üzbə-üzdədəki masanın arxasındakı, padışahların taxt-tacını xatırladan kresloda əyləşdim. Hiss olunurdu ki, bu masanı qabaqcadan sifariş veriblər. Masanın ətrafına düzülmüş digər stullar boş idi.
Klub öz iş ritmindəydi. Həzin yüngül musiqi səslənir, xarici şirkətlərin menecer və texniki işçiləri pivəni, viskini su kimi içirdilər. Getdikcə tüstü-dumandan, adam çoxluğundan girişi də görmək olmurdu.

Gözlərim girişə zillənmişdi. Mənim üçün maraqlı gecəydi. Dünyalarca məşhur olan bir qadın sərgidəki rəsm əsərini görüb müəlliflə, yəni mənimlə görüşmək istəyirdi.

Rəngkarlar Birliyindəki məmurun sözlərindən məndə həmin qadınla bağlı qəribə təsəvvür yaranmışdı. O, istədiyini eləyir. Görüb-xoşladığı kişilərə utanmadan sevgi və yataqda olmağı təklif eləyir. Danışanda söyüşlə danışır... Özümə təsəlli verib, yəqinləşdirdiyim bir məntiqdən yapışdım: çoxlarının bir kəs haqqında dediyi mənfi fikirlər heç də həmişə, ya da tamamilə dəqiq olmur. Həmin adamlar zahirən kobud, qorxulu və bayağı görünsələr də böyük ürək sahibi olduqları, həmin adama damğa vuranların özlərinin heç də müsbət keyfiyyətlərə malik olmadıqları üzə çıxır…

Rəngkarlar Birliyi rəhbərinin gülümsəyən çöhrəsi ortada rəqs eləyən əcnəbilərin arxasından bir anlığa görünüb yox oldu. Bir qədər sonra isə onun yanında fransız qadınlarının klassik incə və arıq obrazlarından fərqli, dolu bədənli, ətli-qanlı, hündür boylu, uzun qara saçları arxaya daranmış gənc xanım göründü.

Onların yanında Rəngkarlar Birliyində mənimlə görüşən əməkdaş və tərcüməçi oğlan vardı. Tərcüməçi bir qədər irəli keçib dilləndi:

-Xanım İzidora rus dilində də pis danışmır. İstəsəniz, mən də tərcümə eləyə bilərəm.

Oğlanın xidmətindən imtina elədim:

-Eybi yoxdu, onunla rusca da danışa bilərəm.

Xanım İzidora (həmin fransız rəssam qadının adı beləydi) onu salamlamaq üçün uzatdığım əlimə fikir vermədən dizləri üstə çöküb başını dizlərimin üstünə qoydu. Sonra dikəlib məni dərindən qoxulamağa başladı, səssizcə dodaqlarını qulağıma toxundurub rusca bir neçə kəlmə söylədi:

- Həyatımın kişisi, mən səni istəyirəm…

Heyrətimdən donub qalmış halda əvvəlcə Rəngkarlar Birliyi rəhbərinə, sonra da Birliyin tanış əməkdaşına baxdım. Birliyin rəhbəri bic-bic gülümsəyirdi, əməkdaşsa utandığından qıp-qırmızı olub başını aşağı salmışdı. Gur nəfəsilə, az qala, qulaq pərdəmi yırtan fransız xanımsa sakitləşmək bilmirdi. O, ilan kimi qıvrılır, iri ətli sinəsi şiddətlə qalxıb-enirdi. Neyləyəcəyimi bilmirdim. Rəngkarlar Birliyinin rəhbəri, əməkdaş və tərcüməçi də dinməz-söyləməz üzümə baxırdılar. Mənsə susurdum…

Nəhayət, nəzərlərimi məmura tərəf yönəltdim. Baxışlarımla, sanki, ona deyirdim: “Siz məni bura dəvət eləmisiniz, indisə məni bu qadının əlindən qurtarın!” Əməkdaş, elə bil, mənim nə demək istədiyimi başa düşüb həvəsini gizlədə bilmədi:

-Müəllim, vallah, bəxtiniz gətirib... Belə gözəl qadın... – həyəcanından sözünü bitirə bilmədi.

İzidora öz işindəydi, sakitləşmək bilmirdi. Elə bilirdim, klubdakıların hamısı mənə baxır. Bu vaxt İzidora əllərini dizlərimin üstünə qoyub acizanə görkəmlə dilləndi:

-O rəsmi mənə verməlisən. Yataq otağımdan asacağam. Sən həyatımın kişisisən…

Daha dözə bilmədim. Özümü də yanımdakıları da bu naqolay vəziyyətdən qurtarmalıydım. Gənclik çağlarımda qırsaqqız olan qadınlardan yaxa qurtarmaq üçün istifadə elədiyim vasitəyə əl atdım. Üzümü Rəngkarlar Birliyinin rəhbərinə tutub rusca dedim ki, İzidora da başa düşsün.

- Ağavəli müəllim, siz ona, bəyəm, deməmisiniz?

- Nəyi deməliydim? - rəssam Ağavəli çiyinlərini çəkdi.

Mən tənə dolu baxışlarla əməkdaşın üzünə baxdım:

- Heç olmasa, siz deyəydiniz ona!

- Nəyi, müəllim? – Əməkdaş şefinin üzünə baxıb başını buladı.

- Hmm… Gərək deyəydiniz, - təəssüflə başımı buladım, İzidoranın qolundan tutub yanımdakı kresloda əyləşdirdim.

Çaşqın müsahiblərim İzidoraya doğru çevirildilər. Mən də İzidoranın parlaq rəngli pomada sürtdüyü toppuş dodaqlarına baxıb dilləndim:

-Sizin arzularınız bir milyon avro müqabilində həyata keçə bilər…

-Mən razıyam…- İzidora xoşbəxcəsinə gülümsədi.

-Hmm…Deməli, razısınız? – Onun ciddiliyini yoxlamaq üçün bir daha xəbər aldım.

İzidora qollarını boynuma dolayıb başını sinəmə qoydu:

-Bəli, əlbəttə ki, razıyam. Mən neçə illərdi bu anı gözləyirdim...

İzidora gözlərini yumub bir qədər susdu. Sonra başını qaldırıb sevgi dolu nəzələrlə üzümə baxdı:

-Bəs əsəri mənə neçəyə satacaqsınız?

Mən çaşqınlıqla İzidoraya, sonra ətrafdakılara baxdım. Onlar özlərini itirmişdilər. Cəsarətim çatmadı ki, İzidoraya başqa söz deyim.

-Mən elə əsəri bir milyon avroya satmağı nəzərdə tuturdum,- deyib, bəlkə də bütün dünyanın bayağı qadın kimi tanıdığı İzidoranın gözlərinin içinə baxdım.

İzidoranın gözlərinin içi gülürdü. O gözlərdə alov vardı, ildırım çaxırdı. Çantasından siqaret çıxarıb yandırdı. Qüllab vurub yarıyadək doldurulmuş viski bokalını başına çəkdi. Sonra siqaretin külünü iri külqabıya çırpıb əvvəl əllərini bir-birinə sürtdü. Nəzərlərini mənə sarı çevirib xəyal içində dilləndi:

-İlk dəfə onu on səkkiz yaşımda, yuxuda görmüşdüm… Onun «Atropatena» rəsimindəki şəlalənin altında çimirdim... - İzidora məni göstərdi, - sonra o yaxınlaşdı. Şəkildəki qanadlı at və xəncər yadınızdadı? - İzidora Rəngkarlar Birliyinin rəhbərinə və əməkdaşa tərəf baxdı. Onlar başlarını tərpədib təsdiqləyəndən sonra davam elədi. - O, atdan düşüb mənə yaxınlaşdı… Xəncər də əlindəydi… Bir qədər sonra isə onun qolları arasında ləzzətlə inildəyirdim… Qanım suya qarışıb dərəyə doğru süzülürdü. Həmin şəkildəki kimi qıp-qırmızı qan…O vaxtdan mən ən çox qırmızı geyinirəm… Düz on ildi ki, mən onu axtarıram. Ah, mənim xəyallarımın kişisi, - İzidora başını dizlərimin üstünə qoydu, Bir qədər sonra isə yenidən davam elədi. - Sərgidə «Atropatena» əsərini görəndə anladım ki, bu mənim yuxumda gördüyüm yerdi. Bu əsərin müəllifi o olacaq. Mənim axtardığım, yuxumda mənə zövq verən kişi…

Cavan oğlan olan tərcüməçi tərini sildi. Dünya görmüş rəssam Ağavəli bığlarını sığallaya-sığallaya İzidoranın söhbətinin nəylə qurtaracağını səbirsizliklə gözləyirdi. Əməkdaşsa günahkar kimi üzümə baxmağa belə ürək etmirdi. Birdən İzidora söhbətinin bu yerində əməkdaşı dümsüklədi:

-Bu yaxınlıqda bank var? İndi işləyər yəqin, - xəbər aldı, - Sizi çox saxlamaq istəmirəm. İstəyirəm ki, məni onunla tək buraxasınız.

Əməkdaş Ağavəlinin üzünə baxıb təcüblə dedi:

- Bu vaxt banklar işləmir. Bankomatlarda da o məbləğdə pul olmaz. Siz narahat olmayın, sabah bu məsələylə məşğul olarıq.

Mən fürsətdən istifadə eləyib ayağa qalxdım. Bundan yaxşı imkan olmazdı ki, fransız gözəldən yaxa qurtarım. İzidorayla sağollaşıb, əməkdaşa tənəylə dedim,

- Siz nə vaxt həll eləyərsiniz, onda da qonaq xanımla görüşərik…

Klubdan çıxıb Fəvvarələr meydanına doğru addımladım. Təmiz havanı ciyərlərimə çəkib taksi dayanacağına doğru yönəldim. Klubdan uzaqlaşdıqca, İzidoranın çöhrəsi gözlərim önündən getmirdi… Arxadan İzidoranın səsi eşidilirdi…

***


…Ertəsi gün səhər tezdən mən emalatxanadakı yatağımda uzanıb bir milyon avroluq çekə baxır, həmin pulları Monte-Karloda necə xərcləyəcəyimi, nələr alacağımı beynimdən keçirirdim.

İzidora isə yataqdan qalxmışdı, “Atropatena” rəsmimin qarşısında dayanıb gözlərini tablodan çəkmirdi…

Onun cəsarəti məni heyran eləmişdi… Onun qədər cəsarətli olsaydım, dəqiq bilirdim ki, Monika Beluççiyə, Adriana Limaya, Madonnaya və daha neçə-neçə dünya gözəllərinə əsərlərimi ətək-ətək pula satardım…

İyun 2012
XS
SM
MD
LG