Kür daşqınlarından zərərçəkənlər kompensasiya tələbi ilə iyulun 23-də Sabirabad rayon icra hakimiyyəti qarşısında aksiya keçiriblər.
Aksiyada rayonun Bala Həşimxanlı, Qasımbəyli və Yuxarı Axtaçı kəndlərindən olan 100-dən çox sakin iştirak edib.
Hadisə yerində olan «Azadlıq» qəzetinin bölgə müxbiri Sahib Rüstəmlinin Azadlıqradiosuna verdiyi məlumata görə sakinlər onlara yeni evlərinin tikilməməsinə və kompesasiyaların verilməməsinə etiraz ediblər.
«Hər 3 kəndin sakinləri deyirlər ki, onlar daşqınlardan daha çox zərər çəksələr də onlara indiyə qədər nə kompensasiya verilib, nə ev tikilib. Adamlar hesab edirlər ki, kompensasiyalar ədalətsiz bölünüb və kimin imkanı var əvvəlcədən pul verib, lap evi olsa da ona yeni ev tikilib».
Sahib Rüstəmli deyir ki, aksiyanın çəkməsinə polislər imkan verməyib və onu ərazidən uzaqlaşdırıblar.
İCRA HAKİMİYYƏTİ TƏKZİB EDİR...
İCRA HAKİMİYYƏTİ TƏKZİB EDİR...
Sabirabad rayon icra hakimiyyətinin müavini Ümid Həsənov isə icra hakimiyyəti qarşısında aksiya keçirlməsini təkzib edib:
«Bu gün qəbul günüdür vətəndaşlar gəlir və gəlməlidir, nə olar ki, gələndə. Ayrı-ayrı kəndlərdən həmişə olduğu kimi hərə bir problemlə bağlı gəlir».
Daşqından zərərçəkənlərə verilən cavaba gəldikdə Ümid Həsənov deyir ki, bu işə Fövqəladə Hallar Nazirliyi baxdığından o, bu barədə nə isə deməyə çətinlik çəkir.
2010-cu ilin yazında Kür və Araz çaylarında daşqınlar baş verib. Xeyli yaşayış məntəqələri daşqınlardan zərər çəkib, min hektarlarla əkin və otlaq sahələri su altında qalıb. Daşqının vurduğu zərərin aradan qaldırılmasına dövlət büdcəsindən 300 milyon manatdan artıq vəsait ayrılıb.
Amma daşqından zərərçəkən bəzi sakinlər hələ də onlara çatacaq kompensasiyaları hələ də ala bilmədiklərini deyirlər.