Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:00

Suriyada Azərbaycanlı tələbə qalmayıb


Suriya, 18 iyul 2012
Suriya, 18 iyul 2012
-
Azərbaycanın Suriyadakı səfirliyi əvvəlki qaydada işini davam etdirir. Səfirlik əməkdaşlarından kimsə bu ölkəni tərk etməyib.

Bu barədə AzadlıqRadiosuna Azərbaycanın Suriyadakı səfirliyindən məlumat veriblər.

«RABİTƏMİZ YOXDUR»

XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev isə mediaya açıqlamasında bildirib ki, Suriyada təhsil alan bütün tələbələr qayıdıblar. Hazırda Suriyada Azərbaycan vətəndaşı qalmayıb.

Diasporla iş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Bəhruz Nəzərov isə deyir ki, Suriyada Azərbaycan diaspor təşkilatı yoxdur. Ona görə də, bu ölkədəki azərbaycanlılarla bağlı əsas məlumatlar Azərbaycan XİN-də olur. Amma bununla belə, Bəhruz Nəzərov bəzi tələbələrin Suriyadan qayıtdıqlarını da deyir:

«Bizə məlumdur ki, Qafqaz Müsəlmanları İdarəsinin xətti ilə Suriyada təhsil alanlar qayıdıb. Amma bizim komitənin orada işlədiyi diaspor, soydaşlarımızla əlaqəli bir qurum yoxdur. Ona görə də, elə bir rabitəmiz yoxdur. Məsələn, Küveytdə, Misirdə var belə qurumlar. Amma Suriyada yoxdur».

«16-17 TƏLƏBƏMİZ VAR İDİ, HAMISI QAYITDI»
Qafqaz Müsəlmanları İdarəsi
Qafqaz Müsəlmanları İdarəsi

Suriyadan tələbələr nəinki qaytarılıb, onların artıq Bakıda təhsillərini davam etdirmələri üçün işlər də həll edilib.

Bunu AzadlıqRadiosuna Qafqaz Müsəlmanları İdarəsinin Xarici əlaqələr şöbəsinin müdiri Hacı Müqəddəs Payızov bildirib:

«16-17 tələbəmiz var idi Suriyada. Onlar da o hadisələr başlayan kimi hamısı qaytarıldı. Bir nəfər bir az ləngidi, amma onu da qaytardıq. Artıq 5-6 aydır ki, bizim İslam Universitetinin göndərdiyi tələbələrdən Suriyada kimsə qalmayıb».

Şöbə müdiri deyir ki, Suriyaya yenidən tələbə göndərilməsini bu ölkənin sonrakı taleyi həll edəcək. Hər şey qaydasına düşsə və bu ölkədən yenidən təklif gəlsə, onda məsələyə baxılacaq. Hələlik isə bu ölkənin taleyinin necə olacağı bəlli deyil.

PUTİNİN DİKBAŞLIĞI KEÇMƏYƏCƏK

Politoloq Vəfa Quluzadə isə deyir ki, Suriya öz taleyini əslində bu ölkənin başına Hafiz Assad dayananda itirib. İndi də artıq xalq bu problemi aradan qaldırmaq üçün bütün dünyanın dəstəyi ilə Bashar Assad'ı yıxır. Politoloqun fikrincə, Rusiya Bashar Assad'ı hakimiyyətdə saxlamaq istəyir.
Vladimir Putin
Vladimir Putin
Amma onun buna heç bir imkanı yoxdur:

«Vladimir Putinin dikbaşlığı bu məsələdə keçməyəcək».

Vəfa Quluzadəyə görə, Rusiyanın Suriyadan əl çəkməməsinin bir səbəbi Yaxın Şərqdə mövcudluğunu qorumaq cəhdidir. Amma başqa səbəb də var. Suriyadan sonra bu hadisələr Rusiyanın özündə də ola bilər:

«Hazırda Rusiyada inqilabi əhval hökm sürür. Xalq yaşadığı rejimdən narazıdır. Rusiya rəhbərliyi də bundan qorxaraq müxtəlif mürtəce qanunlar qəbul edir. QHT-ləri cəmiyyətdən kənarda saxlamaq istəyirlər. Etiraz aksiyalarında iştirak edənləri yüksək məbləğdə cərimələyirlər və sairə edirlər ki, payızda gözlənilən etiraz hərəkətlərinin qarşısını alsınlar. Amma rus mütəxəssislər özləri də deyirlər ki, bu, mümkün olmayacaq».

«RUSİYA BİR MÜQƏVVADIR»
Vəfa Quluzadə
Vəfa Quluzadə

Vəfa Quluzadə hesab edir ki, əslində hazırda Rusiya göründüyü kimi qüdrətli, nəhəng bir ölkə yox, palçıqdan olan ayaqlar üzərində dayanan bir müqəvvadır:

«Onu sovet imperiyasının çürümüş qalıqları adlandırmaq daha düzgün olardı. Çünki bütün sahələrdə bu dövlət artıq çökmək üzrədir. Nə qanunları, nə də strukturları işləyir».

Politoloq deyir ki, Rusiya artıq rejimin dəyişilməsi zərurəti qarşısındadır. Və bu belə də olacaq.

Suriyanın indiki vəziyyətində və Rusiyanın belə aqibətlə üzləşəcəyi təqdirdə Azərbaycanın özünü necə aparmalıdır? Vəfa Quluzadə deyir ki, Azərbaycan baş verən hadisələrdən nəticə çıxartmalıdır:
«Azərbaycan dövləti gərək öz işini elə qursun, özünü elə aparsın ki, Azərbaycanda belə hadisələr baş verməsin».

Vəfa Quluzadənin fikrincə, Suriyada baş verənlər təkcə hansısa regionda yox, bütün dünyada gedən proseslərin tərkib hissəsidir. Buna hazır olmaq lazımdır.

XİN sözçüsü Elman Abdullayev isə deyir ki, Azərbaycan Suriyada qan tökülməsini istəmir. Və bu məsələnin həllində Kofi Annan planını dəstəkləyir.
XS
SM
MD
LG