Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:49

ATƏT Parlament Assambleyasının 2014-cü ildəki yay sessiyası Azərbaycanda keçiriləcək


Bir neçə ildir ki, ATƏT Parlament Assambleyasının (PA) tədbirlərinin birinin Azərbaycanda keçirilməsinə çalışırdıq. Nəhayət buna nail olduq. Artıq 2014-cü ildə ATƏT PA –nin ilk yay sessiyasının Azərbaycanda keçirilməsi haqqında təşkilatın Daimi Komitəsində qərar qəbul olunub.

Bu sözləri AzərTAc-a müsahibəsində Milli Məclis sədrinin müavini, Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri Bahar Muradova deyib.

B. Muradova bildirib ki, bu, Azərbaycan üçün çox böyük uğurdur. İllik sessiyanın təşkil olunması kifayət qədər məsuliyyətli və çətin işdir. Azərbaycanın bunun öhdəsindən gələcəyinə çox böyük inamımız vardır. Artıq qurumun rəsmiləri də bu tədbirin yüksək səviyyədə keçiriləcəyi barədə indidən proqnoz verirlər. Çünki onlar ölkəmizin beynəlxalq tədbirlərə necə yüksək səviyyədə ev sahibliyi etdiyinin dəfələrlə şahidi olmuşlar. Qarşıdakı iki il ərzində görülən işlər də ATƏT ölkələrində Azərbaycanın təbliğ olunmasına xidmət edəcək.

Milli Məclis sədrinin müavini onu da vurğulayıb ki, cari ildə tədbirə ev sahibliyi edən Monako illik yay sessiyasının uğurlu keçməsi üçün bütün səylərini ortaya qoyub. Cəmi 32 min nəfər əhalisi olan Monako tədbiri böyük dövlətlər səviyyəsində təşkil etməyi bacarıb. Bununla da, belə məsələlərdə bütün dövlətlərin bərabər səviyyədə olması fikri özünü bir daha doğruldub.
XS
SM
MD
LG