Keçid linkləri

2024, 27 Oktyabr, bazar, Bakı vaxtı 20:16

“Bashar Assad`in hakerləri vətəndaşların kompüterlərinə də girir”


Dilşad Osman sağdan ikinci
Dilşad Osman sağdan ikinci
“Suriya prezidenti Bəşər Əsədin 2-3 min nəfərlik “elektron ordusu” var. Onlar insanların kompüterlərinə müdaxilə edir, ölkə daxilində baş verənlərin xaricə ötürülməsinin qarşısını almağa çalışırlar. Bu adamların böyük hissəsi təhlükəsizlik orqanlarında çalışanlardır, başqa bir qism isə sadəcə bu işi pulla görən xarici hakerlərdir”.

Bunu Azadlıq Radiosuna müsahibəsində hazırda İrlandiyada yaşayan suriyalı fəal, informasiya texnologiyaları üzrə mütəxəssis Dilşad Osman deyir.

Onun sözlərinə görə, Əsəd rejimi İnternet üzərində nəzarətə malikdir, Qərb şirkətlərindən bunun üçün yeni texnologiyalar alıb və 1 ildən çoxdur ki, davam edən üsyanı yatırtmaq üçün İnterneti lokal qapatma taktikasından da istifadə edir.

Dilşad Osman deyir ki, məsələn Homs, Deraa şəhərlərində, eləcə də Dəməşqin hansısa rayonunda hökumətə qarşı nümayişlər olanda orada İnternetə giriş nümayiş davam etdiyi dövrdə bağlanır.

Suriyalı fəalın sözlərinə görə, Əsəd rejimi öz vətəndaşlarının kompüterlərinə qanunsuz müdaxilələr edir. Bunun üçün xüsusi virus və proqramlardan istifadə edilir.

- Həmin virus və proqramlar kömpüterinizə yüklənməklə parolunuzu, özəl məlumatlarınızı əldə edə, “desk-top”unuzun surətini götürə, çatlaşmalarınızı izləyə bilər. Hətta elə bir funksiya var ki, kompüterinizin veb-kamerasını aça, söhbətlərinizin audiosunu yaza bilər.

Dilşad Osman bildirir ki, onun əsas işi Suriyadakı fəallara və adi vətəndaşlara on-line treninq keçməkdir. Kompüterlərin qorunması, İnternetdən təhlükəsiz şəkildə istifadə etməyin yollarını öyrətməkdir: antivirus proqramları haqda tövsiyələrdən turmuş, e-mail yaratmağın, internetə video yükləməyin təhlükəsiz yollarını öyrətməyə qədər.

Bəşər Əsəd
Bəşər Əsəd
Suriyalı fəalın sözlərinə görə, ölkə daxilində baş verənləri, həqiqəti əks etdirən videoları İnternetlə xaricə ötürənləri, ələ keçərlərsə, ağır cəza gözləyə bilər:

- Bizdə buna görə işgəncə verilib öldürülən iki nəfəri haqda məlumat var. Amma çoxlu sayda həbs olunanlar da var ki onların aqibətindən xəbərimiz yoxdur. Belələrini tutanda ilk olaraq casusluqda, xarici qüvvələrlə əlbir olub hökuməti yıxmağa cəhddə ittiham edirlər. Hər şey müstəntiqdən asılıdır, o qədər səlahiyyəti var ki, belə adamları hətta öldürə də bilər.

Amma Dilşad Osman deyir ki, bu repressiyalarla da informasiyanı monopoliyaya almaq mümkün deyil. Suriyalı fəallar internetə girməyin təhlükəsiz yollarını yaxşı öyrəniblər. Onlar hətta öz notebook-larından istifadə edərək nümayiş yerlərindən peyk vasitəsilə canlı yayım da verə bilirlər.
XS
SM
MD
LG