Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:25

400 min azərbaycanlı Gürcüstanda dincəlib


Batumi bulvarı
Batumi bulvarı
-
Yusif Məmmədov bu il də yay istirahətini Qara dəniz sahillərində – Gürcüstanda keçirməyi planlaşdırır. Deyir, ailəsi ilə birlikdə Batumidə dincələcək. Çünki orada istirahət etmək Azərbaycanla müqayisədə xeyli sərfəlidir:

YAXŞI EVİN BİR GÜNÜ 20 MANATDIR

«Əvvəla istirahət etmək baxımından Batumidə rahatlıqdır. İkincisi, ucuzluqdur. Yəni, qiymətlər münasibdir. Bu baxımdan, otellərdə dincəlmək şəraiti də əlverişlidir. Normal üçulduzlu oteldə 4 nəfərə bir həftə qalmaq bizim pulla təxminən 1000-1200 manat edir. Amma şəxsi ev də kirayələmək olur. Yaxşı evin bir günü təxminən 35-40 laridir. Bizim pulla 20 manat. Əlbəttə ki, bu halda yemək-içməyin öz hesabına olur. Kafelərdə, restoranlarda yemək, ərzaq Azərbaycandakından 2 dəfə ucuzdur».

Yusif deyir ki, Gürcüstana Azərbaycandakı turizm şirkətlərinin vasitəsilə getmək də çox vəsait tələb etmir. Amma bununla belə o, Batumiyə öz şəxsi maşınında gedəcək. Çünki oraları tanıdığını deyir. Dost-tanışı da var. Bu, daha ucuz başa gəlir. Onun dediyinə görə, Azərbaycan tərəfdə gömrükdə növbə olsa da, qonşu ölkəyə keçəndən sonra elə bir problem qalmır. Hətta turist olduğunu biləndə, xüsusi diqqət də göstərirlər. Turizm obyektlərində xidmətlər də Azərbaycandakından yaxşıdır.

Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev isə deyir ki, Azərbaycandakı turizm obyektlərində xidmətin səviyyəsi əhalini heç zaman qane etməyəcək:

«Çünki ildən-ilə biz daha yaxşı xidmətin olmasını istəyəcəyik, bu proses daimidir».
Əbülfəs Qarayev
Əbülfəs Qarayev

XİDMƏTDƏ İNKİŞAFA NECƏ NAİL OLMALI

Əbülfəs Qarayev qeyd edib ki, xidmət səviyyəsinin inkişafı üçün xüsusi ixtisaslaşmış kadrlara ehtiyac var:

«Ötən il Azərbaycanda 42 otel açılıb. Bu qədər otel daxilində çalışacaq işçilərin eyni anda təkmilləşdirilməsi mümkünsüzdür. Artıq növbəti ildən etibarən 500 məzun mətbəx, xidmət, servis, bələdçilik sahələrində bu sənayeyə daxil olacaqlar. Yalnız bu yolla xidmət səviyyəsində inkişaf ola bilər. Hər bir müəssisə keyfiyyətli xidmətlərin təqdimatında maraqlı olmalı, rəqabət pis xidmətləri sıradan çıxarmalıdır. Artıq belə faktlar var».

«Milenium» Turizm Şirkətindən Yuliya Konaplyanko isə bildirir ki, indi Gürcüstana istirahət etməyə gedənlər çoxdur. Yayda əsasən istirahətə Batumi və Kabuletiyə, müalicəyə isə Borjomi və Tsxaltubaya gedirlər. Artıq bir dəfə gedib oraları tanıyandan sonra əksəriyyət turist şirkətlərinin köməyi olmadan, özləri gedirlər. Ya oteldə yerləşirlər, ya da ev kirayələyirlər. Turizm şirkətlərinin köməyindən daha çox ilk dəfə gedənlər və ya xüsusi səyahətlərlə maraqlananlar-yəni bir səfərdə bir neçə şəhəri gəzmək niyyətində olanlar yararlanır.

NABRANLA BAĞLI MÜRACİƏTLƏR ÇOX OLUR, AMMA...

Gürcüstanda qiymətlərin münasib olduğunu Yuliya da deyir:
Nabran
Nabran

«Məsələn, Batumidə normal üçulduzlu oteldə 2 nəfər üçün bir gün səhər yeməyi də daxil olmaqla 75-80 manata başa gəlir. Beşulduzlu otellər isə eyni qaydada 200 manatdan başlayır. Amma yay mövsümündə. Yay mövsümü olmayanda, təbii ki, qiymətlər ucuz olur».

Yuliya Konaplyanko deyir ki, Azərbaycanda daha çox Nabranla bağlı onlara müraciətlər olur. Deyir, insanlar xidmətdən narazı qalırlar, amma yenə də gedirlər. Çünki dəniz və günəş istəyirlər. Amma turistlər qiymətlərlə müqayisədə xidmətdən narazı qalırlar. Bu səbəbdən də Yuliya bildirir ki, indi əksəriyyət həmin pula rayonda istirahət etməkdənsə, birhəftəlik Gürcüstanı və ya Türkiyəni seçir. Onun dediyinə görə, ümumiyyətlə, yay mövsümü zamanı Türkiyə istiqaməti turizm baxımından daha yaxşı işləyir. Turistlərin 80 faizi Türkiyəyə gedir.

QİYMƏT BAHA, XİDMƏT YARITMAZ

Elə Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev də bu yay məzuniyyətinin bir neçə gününü Türkiyədə istirahət edəcəyini deyir:

«Bu il türkiyəli həmkarım Eltuğrul Günay'la birlikdə gedib Türkiyədə yeni açılmış hotelə baxacağıq və 3 gün orada istirahət edəcəyik».

İqtisadçı ekspert Azər Mehdiyev deyir ki, ümumiyyətlə, vətəndaşların bir neçə dəfə rayonlarda istirahət etdikdən sonra yeni yerlərə getməyə üstünlük vermələri təbiidir.
Azər Mehdiyev
Azər Mehdiyev
Amma, onun fikrincə, azərbaycanlıların xaricdə istirahətə üstünlük vermələrinin başlıca səbəblərindən biri də qiymət bahalığı və xidmətlərin yarıtmazlığıdır:

«Azərbaycanın hətta bölgələrində iki gün üçün çəkilən xərclə gedib başqa ölkədə bir həftə istirahət etmək mümkündürsə, niyə də vətəndaş bu imkandan yararlanmasın. Digər bir səbəb də xidmət məsələsidir. Özü də etinasızlıq, laqeydlik təkcə turizm obyektlərində yox, ümumiyyətlə, o mühitin özündə də hiss olunur».

AVROPAYA TURİSTLƏRİN SAYI ARTIR

Azər Mehdiyev deyir ki, elə Azərbaycanda turizm sahəsinə cavabdeh olan adamların özləri də yay istirahətini xaricdə keçirməyə üstünlük verirlər.

«Safari» turizm şirkətinin direktoru İrina Stepanova da deyir ki, ildən ilə Azərbaycandan Avropa ölkələrinə turistlərin sayı artır.

Gürcüstan Milli Turizm Agentliyinin açıqlamasına görə, bu ölkəyə səfərə gələn turistlərin siyahısında çoxluq Türkiyədən sonra Azərbaycan vətəndaşlarına məxsusdur. Təxminən 400 min nəfər. Ümumiyyətlə isə, bu ilin ilk 6 ayı ərzində Gürcüstana 1 milyon 700 minə yaxın turist gəlib. Bu ötən illə müqayisədə 53 faiz artım deməkdir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG