Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:46

Yay tətitlində hara - Türkiyəyə, Gürcüstana, yoxsa elə ata-baba yurduna?


Antalya
Antalya
-



Bakı bulvarı, Xəzər sahili çimərliklər və parklar şəhərdə istirahətə getməyənlər üçün əsas istirahət yerləridir. Bunu bulvarda istirahət edən, ixtisasca müəllim olan 50 yaşlı Nəcəf Məmmədli deyir.

PANSİONATLARIN GÜNÜ 70-90 DOLLAR

Nəcəf müəllim deyir ki, o, da yay istirahətini Bakıdan kənarda keçirmək istəyir. Hesablayıb görüb ki, Azərbaycanın turizm obyektlərində 10 gün dincəlmək ona və həyat yoldaşına azı 1000 manata başa gəlir:

«Dincəlmək üçün yaxşı pansionatlar var, sutkası 90-70 dollardır. Baxaq, görək, imkan olsa, gedərik. Olmasa elə burda, bulvarda dincələcəyəm».

İş adamı Elbrus Mehdiyev isə deyir ki, o, hər il ailəsi ilə birlikdə Türkiyənin istirahət zonalarına gedir. Bu il də ənənəni dəyişməyəcək:

«Gələn ay ya Antalyaya, ya da Qara dəniz sahillərindəki turizm obyektlərinə gedəcəyik. Onlarda xidmətlər çox yaxşıdır».

7 NƏFƏRLİK AİLƏYƏ 300 MANAT

Dincəlmək 5 uşaq atası Davud Xəlilovun arzusu olsa da, istirahət üçün nə ölkə daxilindəki, nə də xaricdəki istirahət yerlərinə üz tutmayacaq. Çünki buna maddi imkanı yoxdur:

«Mənim ailəm böyükdür. 7 nəfərik. Maaşım da 300 manatdır. Sizcə, bununla harasa gedə bilərəm?».

Ona görə də Davud bir ay Ağsuda, atasının evində dincələcək.

Yay istirahətini keçən il Gürcüstanda, Batumidə keçirmiş Tariyel Əliyev isə bu il də ora getməyi planlaşdırır:

HOVUZ DƏNİZDƏN DƏ YAXŞIDIR

«Günü 70-80 manata başa gəlirdi. Üç dəfə keyfiyyətli yemək verirdilər. Ona görə də, bu il də ora gedəcəyəm».

Nabran
Nabran
15 yaşlı Anar şəhərdəki hovuzlardan birinə baş vurmuşdu. Anar deyir ki, arada valideynləri onu dənizə aparır, aparmayanda isə bu hovuza gəlir:

«Burda çimirəm, hava da əladır. Dənizdən də yaxşıdır».

Tələbə Aysel isə ölkə daxilindəki istirahət yerlərindən birinə üz tutacağını deyir:

«Mən Azərbaycanın istirahət zonalarından birinə gedəcəyəm».

GÜNÜ 50 MANAT OLAN İSTİRAHƏT YERLƏRİ

Ölkə daxilində istirahət edənlər Şamaxı, Quba, Qusar, Lənkəran, Zaqatalada və Şəkidə dincəlirlər. Xaçmazda turizmlə məşğul olan Etibar Əliyev deyir ki, sahibi olduğu istirahət zonasına çox olmasa da üz tutanlar olur:

«Bizdə dincələnlər yaxşı istirahət edirlər. Bizdə həm meşə var, həm də dəniz. Qiymətlər isə günü 50 manat civarındadır. 130-140 manata olan evlər də təklif edirik».

Lənkəranda turizm obyekti olan Əhmədağa Ağayev isə turistlərin ildən-ilə çoxaldığını deyir:

«Gələnlər azərbaycanlılar və orta təbəqəyə məxsus olan adamlardır. Bir günün qiyməti 50 manatdır. Məncə, indi bundan aşağı qiymət yoxdur».

SOVET DÖVRÜNÜN İSTİRAHƏTİ VƏ İNDİ

Sosioloq Əhməd Qəşəmoğlu deyir ki, sovet dövründə adamlar istirahətlərini daha yaxşı qura bilirdilər. Çünki həmkarlar təşkilatları, iş yerləri buna şərait yaradırdı:
Samir Əliyev
Samir Əliyev

«İndi maddi baxımdan təbəqələşmə böyükdür. Ona görə də, yay istirahəti kifayət qədər arzu olunan səviyyədə deyil. Elm adamları, müəllimlər, incəsənət adamlarının maddi vəziyyəti çox aşağıdır. Kimin ki bağı var, bağına gedib istirahət edir. Olmayanlar isə heç bağa da getmir. Son vaxtlar Azərbaycan daxilində istirahət yayılıb. Həmin yerlərə də maşını, bir az imkanı olan adamlar gedir. İstirahət yerlərində dincəlmək üçün əhalinin böyük təbəqəsinin imkanı yoxdur. Həm də əhalinin yay istirahəti vərdişləri də aşağı səviyyədədir».

İqtisadçı Samir Əliyev deyir ki, Azərbaycan əhalisi daha çox passiv istirahətə üstünlük verir. İmkanlı təbəqə təkcə yayda yox, qışda da istirahətə gedir:

GÜRCÜSTANA NİYƏ ÇOX GEDİRLƏR?

«Əksəriyyət belə dincəlir, kimin ki bağ evləri var, ailəliklə ora köçürlər. Bağ evi olmayanlar isə istirahətini valideynlərinin rayondakı evlərində, ya da bulvara çıxmaqla, ya da öz evində yatmaqla, kitab oxuyub televizora baxmaqla keçirir. Azərbaycanda turistlərin getdiyi ölkə Türkiyə, Misir və son illər Gürcüstandır. Gürcüstanda qiymətlər istər Türkiyə ilə, istərsə də Azərbaycanla müqayisədə ucuz olduğundan bu ölkəyə çox gedirlər. 2011-ci ildə Gürcüstana xüsusilə yüksək axın olmuşdu. Çox güman ki, bu ildə bu özünü göstərəcək».

Ekspertlər deyir ki, turist obyektlərinin sayı çox olsa, iş adamlarına imkanlar yaradılsa, qiymətlər də aşağı düşər və get-gedə dincəlməyə gedən adamların da sayı artar.

Rəsmi rəqəmlərə görə, keçən il Azərbaycandan 60-70 min adam xaricdə dincəlib. Ölkə daxilində dincələnlərin sayı isə 200 min nəfər olub. İqtisadçılar deyir ki, bu, əhalinin 3 faizini təşkil edir ki, bu da çox aşağı göstəricidir.
XS
SM
MD
LG