Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:38

Salam Sarvan. Təfəkkür Təvəkkül


Salam Sarvan
Salam Sarvan
Salam Sarvan


TƏFƏKKÜR TƏVƏKKÜL


Saytlarda yazı materialı verən köşələr görəndə çox sevinirəm.

Hərçənd ideyanı “Tı kto takoy, davay, dosvidaniya” qafiyəsinin açıcısı olan meyxana bağlayıcısı İntiqam Rüstəmovun bir müsahibəsindən də götürmək mümkün: “Meyxanaçı gərək intellektli olsun. Çünki məclislərdə hətta sulfat turşusuna da qafiyə “zakaz” eləyənlər olur...”

Bu barədə çox düşündüm. Məsələyə məntiqin də, antiməntiqin də bütün dolanbaclarından yanaşmağa çalışdım, amma çatmadı ki, çatmadı. Ki, sulfat turşusuna qafiyə o xiridarın nəyinə lazımmış?

Bir dəqiqə dayan e... Mən həmvətənlərimi yaxşı tanıyıram axı, marağı-mənfəəti olmasa, gözünü də qırpmaz. Yaxşı, o xiridarın marağı nəymiş onda?

Əgər İntiqamı ilişdirmək istəyirdisə, niyə daha çətinindən yapışmayıb. Məsələn belə:

Alə, bu ərəb gözəli bədəvidü, yoxsa yox?
Kalsium-hidrooksid qələvidü, yoxsa yox?


Getdiyim pirə and olsun, nəinki meyxanaçıların kəbleyisi, heç həcisi də bu qafiyəyə bi dənədən artıq deyə bilməzdi ki, o da budu:

Onda qaqaş mənim də sənə bir sualım var:
Şah İsmayıl Xətai səfəvidü, yoxsa yox?


Vəssalam! Nöşün ki, “mənəvi”, “pəhləvi” kimi sözlər qafiyəyə oturmur. Nöşün ki, “mə”dən sonra vurğu var, “pəhl” isə ritmə düşmür. Düşmür e, qafiyəyə, ay qaqa, dürtmə, düşmür.

Şah İsmayıl Xətaini qafiyəyə elə-belə salmadım ki... İntiqam həmin müsahibəsində deyir ki, toylardan birində xiridarlardan biri ondan Fətəli Xan Xoyskiyə də qafiyə “zakaz” eləmiş.

Yeri gəlib qoy deyim... Meyxananın zövqü korlamasıyla bağlı dostlarla heç vaxt razılaşmamışam. Zövq həm də fitrət məsələsi, varsa, onu korlamaq mümkün deyil. Yoxdursa, dünyanın ən dahiyanə əsərləri də aciz.

Məsələn, bir korrektor tanıyıram ki, indiyədək dünya ədəbiyyatının nəhənglərindən yetmişinin kitabını nağd oxuyub - Şekspirdən Eliotadək. Amma gecə-gündüz “Min bir gecə”dən danışır, toylarda söz veriləndə şeiri “Koroğlu” dastanından deyir və axırda bir ağız oxuyur da:

“Qadir Allah, budur səndən diləyim,
Sən mərdi namərdə möhtac eyləmə”.


Xiridardı da, qoy heç olmasa, meyxanaya qulaq asıb hərdən “Fətəli Xan Xoyski” adı da eşitsin, “sulfat turşusu” sözü də dəysin qulağına. Eşidib, ən azı, yanındakılardan soruşacaq ki, bu nə olan şeydü? Yanındakılardan beşi “tutmadu da” deyəcəksə də, biri “kimyəvi maddədü” deyəcək. Onda ikinci sual gələcək ki, “maddə nədü?”...Belə-belə xeyli şey öyrənəcək. Hə, qardaş canı.

Bir vaxtlar krossvord bumu yaşanmaqdaydı. Həmin dalğanın insanlarımızın maariflənməsindəki rolu çox ciddi. Məsələn, bir də görürdün vertikal üzrə “zəfəran”, “badımcan”, “təkər”, “süpürgə” kimi cavablarla kəsişən diaqonalda tarapp, öz-özünə “kosmoqonik” sözü alınırdı. Və müştəri gözləyə-gözləyə krossvord dolduran taksi sürücüsü oturduğu yerdə bir termin öyrənirdi ki, bunu bilməkçün tənqidçi dostum Rüstəm Kamal dünyanın məşhur alimlərindən biri olan Lotmana yeddi il tələbəçilik eləmişdi.

Tooba, zarafat eləmirəm.

İndi dördüncü mikrorayonda yaşayan Təvəkkül həmin krossvord dövrünün sayəsində sovet kosmonavtlarının hamısını tanıyır, Braziliyanın bütün ştatlarından məlumatı var, Nigeriyanın liman şəhərlərinin adlarını əzbər bilir.

Mən ona “Təfəkkür Təvəkkül” deyirəm.

Onu deyirdim axı... And olsun Allaha ki, bu sual hələ də məni çox ciddi şəkildə düşündürməkdə: sulfat turşusuna qafiyə o qardaşımızın nəyinə lazımmış? İntiqam, ustad, mən bunu bilməsəm, ürəyim partlayacaq.

Yox e, ola bilməz axı... Təsəvvür elə, boy 190, çəki 115, əynində kariçni kurtka, əlində telefon, telefonda xeyli konturu olan bir adam qəfildən yerindən qalxıb yaxınlaşır meyxanaçılara. Cibindən bir onluq çıxarıb stolun üstünə atır. Mikrofonu götürür əlinə və deyir: “Bi dəə sulfat turşusuna qafiyə!” Bu boyda həngamə elə-belə ola bilməz axı.

Niyə məhz sulfat turşusu? Niyə məhz sulfat turşusuna qafiyə?

Yox ee, burda nəsə var. Amma nə?
XS
SM
MD
LG