Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 15:29

Fermer: «Şikayət etdim ki, tədbir görsünlər, özümü həbsə atdılar»


Foto: Arxiv
Foto: Arxiv
-
Beyləqan rayonunun Qəhrəmanlı kəndində yaşayan fermer İsmayıl Məhəmmədov torpaq sahələrinin zorla əlindən alınmasından şikayətçidir.

O deyir ki, yerli bələdiyyə və icra hakimiyyəti şəxsi istifadəsində olan 15 hektar torpaq sahəsini hissə-hissə əlindən alıblar. İndi ona 7 hektar torpaq qalıb ki, müxtəlif yollarla təsir göstərib həmin torpağı da əlindən almaq istəyirlər:

«1997-ci ildə fermer təsərrüfatı yaratmışam. 15 hektar torpaqda pambıq, taxıl, yonca əkirdim. O torpaqları min əziyyətlə qismən yararlı hala gətirmişdim. 8 hektarını hissə-hissə əlimdən alıb öz qohumlarına verdilər. Şikayət edəndə isə, tədbir görmək əvəzinə özümü həbs etdilər. İyunun 25-də məni rayon məhkəməsinə çağırdılar, orda hakim tələm-tələsik bir qərar oxuyub mənə 7 günlük həbs kəsdi. Guya hansısa sələmçinin pulunu qaytarmıram. Əslində isə səbəb başqadır. Uzun müddətdir ki, Qəhrəmanlı bələdiyyəsi və rayon icra hakimiyyətinin rəhbərliyi qanuni istifadəmdə olan əkin sahələrimi əlimdən alıb ona-buna satırlar. Hər dəfə bələdiyyə sədri dəyişəndə, Qəhrəmanlı kəndinin yeni xəritəsi tərtib olunur. Çünki hər yeni gələn bələdiyyə sədri kəndlilərə məxsus olan pay torpaqlarını istədikləri kimi satıb talayırlar. Mən bütün bunlar barədə yuxarı dövlət qurumlarına şikayətlər yazmışam. Şikayətlərimi davam etdirməməyim üçün özümü tutub atdılar içəri».

Beyləqanın Qəhrəmanlı kənd bələdiyyə sədri Tehran Sadıxov ittihamları təkzib edir:

«Mənim o adamın həbsindən xəbərim yoxdur. Kiminsə həbsində iştirakım da yoxdur. Torpaqların mənimsənilib başqalarına satılmasından da söhbət gedə bilməz».

Foto: Arxiv
Foto: Arxiv
Beyləqan rayon İcra Hakimiyyətindən də eyni sözləri eşitdik.

DÖVLƏT TORPAQLARINDAN ŞƏXSİ MƏQSƏD ÜÇÜN İSTİFADƏ EDİLİR?

İsmayıl Məhəmmədov onu da deyir ki, Regional Aqrar Elm Mərkəzinin sədri Əli Əsgərov mərkəzin balansında olan 110 hektar torpaqdan 50 hektarında şəxsi kommersiya məqsədi üçün yonca əkir, hər il 150000 manat gəlir götürür.

Regional Aqrar Elm Mərkəzinin sədri Əli Əsgərov isə deyir ki, qeyd olunan torpaqlar dövlət nəzarətindədir və o torpaqlardan şəxsi məqsəd üçün istifadə mümkün deyil:

«Mərkəzin balansında 100 hektar torpaq sahəsi var. O torpaqlar da Aqrar Elm Mərkəzinin və Kənd Təsərrüfatı Nazirliyinin nəzarəti altındadır. 50 hektar yox, 25 hektar yonca sahəsi var ki, o torpaqların əkin dövriyyəsini dəyişmək, torpaqları yararlı hala salmaq üçün 3 ildən bir taxıl sahələrini yonca sahəsinə çeviririk. Bu da planlıdır. Nəzarətdə olan torpaqdan şəxsi məqsəd üçün necə istifadə etmək olar?».

Beyləqan rayon Məhkəməsindən «Qaynar xətt»ə bildirdilər ki, 2009-cu ildə İsmayıl Məhəmmədovun rayon sakini Tahir Nağıyevdən aldığı 400 manatı qaytarmasına dair qətnamə çıxarılıb. Ancaq İsmayıl Məhəmmədov 3 ildir ki, qətnaməni icra etmir. Buna görə də, icra məmurlarının məhkəməyə müraciətindən sonra İsmayıl Məhərrəmov İnzibati Xətalar Məcəlləsinin 313.1 maddəsi ilə təqsirli bilinərək 7 sutkalıq inzibati həbs olunub.

Fermer isə deyir, inzibati həbsi onu ruhdan salmayıb, hüquqlarını bərpa etmək üçün Bakıdakı qurumlara yenə şikayət məktubları yazıb.
XS
SM
MD
LG