Keçid linkləri

2024, 19 May, bazar, Bakı vaxtı 22:02

Türkan sakinlərinin torpaq tələbi


Arxiv foto
Arxiv foto
Türkan qəsəbəsinin sakinləri AzadlıqRadiosunun «Qaynar xətt»inə şikayət ediblər ki, dədə-babadan onlara miras qalmış torpaq sahələri onlardan xəbərsiz bir sahibkara satılıb. İndi kəndlilərə bu yaxınlara qədər göy-göyərti əkdikləri torpaqların üstündə ayaqlarını yerə döyəcləmək qalıb ki, miras torpaqlarımızı özümüzə qaytarın. Kənd sakini Məmmədağa Mayılov deyir ki, səslərinə səs verən yoxdur:

«Torpaqda balaca bir koma tikmişdim, gəldilər sökdülər qoydular yerə. İmkan vermədilər yaşayaq. İndi də xəbər tutmuşam ki, başqasına satıblar. Polisə gedirik, polis deyir o adamın əlində sənədi var».

Türkan sakinləri miras torpaqları əllərindən alındığına görə bir neçə dəfə Türkan-Hövsan yolunu bağladıqlarını, ancaq bunun da məsələnin həllinə kömək etmədiyini deyirlər. Onlar bildirirlər ki, bu torpaqların onlara məxsus olması barədə əllərində arxiv sənədləri var. Ancaq Xəzər rayon İcra Hakimiyyətində onlara torpaqların yeni sahibinin çıxdığını, həmin şəxsin də əlində həmin torpaqlara dair şəhadətnamə olduğu bildirilib.

Türkan sakini Vüqar Əmirov deyir ki, kənd sakinləri bu torpaqlarda əsasən əkin-biçinlə məşğul olurlar. Göy-göyərti əkib satır, dolanırlar. Deməsinə görə, ara-sıra ev tikməyə də cəhd göstəriblər. Ancaq tikintiyə icazə verilmədiyindən istəklərini gerçəkləşdirə bilməyiblər. İndiyədək tikdikləri hasarı da uçurublar.

ETİRAZ EDƏNDƏ ÖZÜNÜ DƏ DÖYDÜLƏR, ANASINI DA...

Vüqar Əmirov: «Haqqını da tələb edəndə tutub 15 sutka həbs edirlər. Türkanda özbaşınalıqdır. Haqqımızı tələb etməyə imkan vermirlər. Qonşu özül atdı ki, balaca bir koma tiksin, balalarını yığsın içərisinə, gəldilər dağıtdılar, etiraz edəndə özünü də döydülər, anasını da. Belə özbaşınalıq olar? İş yoxdur, camaat ailəsini göyərti əkməklə saxlayır, bunu da əlimizdən alırlar».

Türkan qəsəbə nümayəndəsinin müavini Firudin Məmmədov isə deyilənlərlə razılaşmır. Deyir ki, kənd sakinləri o torpaqları zəbt ediblər. Həmin torpaqlara dair əllərində heç bir sənədləri yoxdur və şifahi şəkildə bildirirlər ki, torpaqlar dədə-babalarına məxsusdur. Bunu sübut edən bir sənəd təqdim etmirlər.

Hüquqşünas Namizəd Səfərov bildirib ki, torpaq mübahisələri mülki mübahisələr hesab olunduğundan məhkəmələrdə araşdırıldığından sakinlər polisə yox, məhkəməyə müraciət etməlidirlər.
XS
SM
MD
LG