Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:34

AXCP üzvünü qaçırmaq istədilər?


AXCP üzvü Kəmalə Bənəniyarlını iyunun 9-u saat 14:00 radələrində metronun «Xalqlar dostluğu» stansiyası yaxınlığında mülkigeyimli şəxslər saxlayıb.

Bu barədə AzadlıqRadiosuna AXCP-dən məlumat verilib.

Partiya sədrinin müavini Gözəl Bayramlının dediyinə görə, bunu onlara telefonla həmin vaxt Kəmalə Bənəniyarlının yanında olan qadın bildirib.

Partiya üzvləri bir müddət onun axtarışı ilə məşğul olublar. Hadisənin baş verdiyi Nizami rayonu Polis İdarəsinə və Daxili İşlər Nazirliyinin «102» qaynar xəttinə müraciət ediblər. Amma partiya üzvünün kim tərəfindən saxlandığını müəyyənləşdirə bilməyiblər.

Nizami rayon Polis İdarəsi və Daxili İşlər Nazirliyindən AzadlıqRadiosuna da Kəmalə Bənəniyarlının saxlanmasını təkzib ediblər.

Bir qədər sonra isə Kəmalə Bənəniyarlı sosial şəbəkələrdə sərbəst buraxıldığı barədə məlumat yayıb.

Onun AzadlıqRadiosuna dediyinə görə, tanımadığı iki mülkigeyimli onu avtobusdan düşürüb aparmaq istəyib:

«2 nəfər idilər. Dedilər telefon oğurluğu baş verib və bizimlə getməlisən. Mən etiraz etdim və bildirdim ki, əlimdəki telefonu kreditlə götürmüşəm. Nə isə bir vəsiqə göstərdilər, tez də qoydular ciblərinə. Sonra taksi saxlatdırıb məni aparmaq istədilər, etiraz etdim. Sürücü də aparmaqdan imtina etdi. Tələb etdim ki, nədənsə şübhələnirsinizsə, polis maşını çağırın və məni polisə aparın».

Kəmalə Bənənyarlı deyir ki, bundan sonra həmin adamlar onu buraxaraq ərazidən uzaqlaşıblar.
XS
SM
MD
LG