Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:46

Əli Əhmədov: «Ziyalılar forumunda toplaşanların ağrıyan yerlərinin adı mədədir»


«Ziyalılar forumu» yalnız siyasətlə məşğuldur, yalnız siyasi bəyanatlar verirlər. Siyasətlə məşğul olmaq istəyirlər, buyurub olsunlar. Amma bunu etiraf etsinlər, daha oram ağrıyır, buram ağrıyır deyib ah-zar etməsinlər. Azərbaycanda hamı çox gözəl bilir ki, ziyalılar forumunda toplaşanların ağrıyan orqanlarının adı nə ürəkdir, nə də baş. Ağrıyan yerlərinin adı mədədir!»

Bu sözləri Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov «Azərbaycan» qəzetinə verdiyi müsahibəsində bildirib.

O, müxalifətin də son aksiyalarını tənqid edib. Deyib ki, «Eurovision» mahnı müsabiqəsinin keçirilməsində bir neçə qüvvə maraqlı deyil: «Sonuncu qüvvə isə Azərbaycanın daxilində «beşinci kolon» missiyasını öz üzərinə götürmüş insanlardır ki, onlar yenə də «Eurovision»un Bakıda keçirilməsindən istifadə edərək ölkəmizə ləkə yaxmağa çalışırlar».

Ə. Əhmədov deyib ki, «Eurovision» ərəfəsində «aqressiv müxalifətin xoşagəlməz hərəkətləri» həm də onu göstərir ki, bu qüvvələrə yenə də tapşırıqlar verilib: «Bir halda ki onların bəziləri «beşinci kolon»un üzvü kimi fəaliyyət göstərirlər, deməli, onlar tapşırıqsız heç bir işlə məşğul ola bilməzlər. Bu tapşırıqlar Azərbaycanın imicinə zərbə vurmaq, dövlətimizin əleyhinə aparılan kampaniyaya qoşulmaqdan ibarətdir. Ancaq hesab edirəm ki, «beşinci kolon» missiyasını öz üzərinə götürən şəxslər çox zəifdirlər. İnsanların içərisində onlara inanan yoxdur və son günlərdə onların təşkil etdikləri mitinqlərin, kütləvi aksiyaların uğursuzluğa düçar olması ondan xəbər verir ki, Azərbaycan vətəndaşlarının onlara hər hansı bir etimadı qalmayıb».

Müsahibədə YAP-ın sədr müavini müxalifətin növbəti prezident seçkilərində vahid namizədlə iştirak etmək ehtimalından da danışıb: «Son illərin təcrübəsinə istinad etsək, deməliyəm ki bu, mümkün deyil! Azərbaycan müxalifəti indiyədək hər hansı birləşmək niyyətlərini sona çatdıra bilməyib. Dəfələrlə onlar bu və ya digər formada birləşməyə cəhd göstəriblər. Amma daxili intriqalar, şəxsi iddialarının partiya maraqlarından üstün olması belə bir birliyi həyata keçirməyə imkan vermir. Ona görə də əminəm ki, onların birləşib vahid namizədi ortaya çıxarması mümkün olmayacaq».
XS
SM
MD
LG