Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:44

Elgiz Əkbər: «Aparıcı kimi üzülərəm, ancaq...»


«Toy olsun» verilişi
«Toy olsun» verilişi
Sentyabrdan Azərbaycan televiziya məkanındakı izdivac, yəni evlənmə verilişləri dayandırılacaq. Milli Televiziya və Radio Şurası ilə telekanal rəhbərləri artıq bu yöndə razılığa gəliblər. Məlumatı Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli «APA» İnformasiya Agentliyinə verib.

«BUNUN NƏYİ MENTALİTETƏ UYĞUN DEYİL? SAVABDIR»

Buna tamaşaçılardan təəssüflənən də var, sevinən də. Bakı sakini Elmira Abbasova deyir ki, bu cür verilişlərdə kimsəsizlər, əlillər evləndirilir. Bunun özü böyük savabdır:

«O qədər yaşa dolan qızlar var, özlərinə «talib» tapırlar, kiməsə «talib» çıxırlar. Gözüyumulu calamırlar ki, bunları. Oğlanın da ailəsini öyrənirlər, sonra birləşdirirlər. Qocalar da öz taylarını tapıb evlənirlər. Onun nəyi mentalitetə uyğun deyil? Vallah, o televiziyada elə artıq verilişlər var ki, onlar bağlanmalıdır, nəinki belə proqramlar. Ancaq arada bir az hay-küy olur düzdür. Mübahisə edirlər, qızlar oğlanlarla söz güləşdirirlər, bax, bunlar artıqdır. Mənfi də var, müsbət də var. Müsbət odur ki, əlilləri evləndirirlər, uşaq evində böyüyənlərə toy edirlər».

Başqa bir paytaxt sakini Camal Qasımlı isə tərəddüd etmədən belə verilişlərin bağlanmasını istəyir:

«Bu kimi bayağı, əttökən proqramlar bağlansa yaxşıdır. Xüsusən aparıcıların peşəkarlığı aşağı səviyyədədir. Elə bil, küçədə qeybət qırırlar. Heç olmasa, Türkiyə, Rusiya televiziyalarından nəsə öyrənsinlər».

«HƏTTA O İNSANLARI VERİLİŞLƏRƏ ATALARI, ANALARI GƏTİRİR»

Nuşirəvan Məhərrəmli
Nuşirəvan Məhərrəmli
MTRŞ sədri Nuşirəvan Məhərrəmli isə ANS və ATV-də yayımlanan həmin verilişləri cəmiyyət üçün yararlı saymır. Onun dediyinə görə, bu, əksəriyyətin fikridir:

«Azərbaycan xalqı ailə məsələsinə həddən artıq ciddi yanaşır. Amma indi bu məsələni elə adiləşdiriblər ki, hətta o insanları verilişlərə ataları, anaları gətirir. Bu, bizim üçün qəbul edilən deyil. Bu cür ailələr ancaq əyləncə xarakteri daşıyır, uzunmüddətli ola bilməz. 18-19 yaşlı uşaqlar bura çıxırsa, bu, heç qəbuledilməzdir. Ailə qurmaq normal şeydir, amma bunun üçün televiziyanın imkanlarından istifadə etmək lazım deyil».

Nuşirəvan Məhərrəmli deyir ki, həm ANS, həm də ATV kanalının rəhbərliyi ona əhalinin narahatlığını başa düşdüklərini və bunu nəzərə alacaqlarını söyləyiblər.

«MƏN APARICI OLARAQ ÜZÜLƏRƏM. ANCAQ QƏRARLA BAĞLI İSRAR ETMƏRƏM»

ANS-də yayımlanan «Toy olsun» verilişinin aparıcısı Elgiz Əkbər belə deyir. Amma onu da əlavə edir ki, verilişin bağlanması ilə bağlı qəti qərarın olub-olmamasından xəbərsizdir:

«Nuşirəvan müəllim də hər halda boş yerə söz deməz. Yəqin ki, kanal rəhbərliyi ilə danışılıb. Amma kanal rəhbərliyi işçilərə, aparıcılara dövlət məmuru ilə danışıqlar haqda məlumat vermirlər. Hər halda, mən aparıcı olaraq buna üzülərəm. Amma kanal rəhbərliyi qərar versə, israr etməyəcəm».

Elgiz Əkbər də etiraf edir ki, verilişi bəyənənlər kimi bəyənməyənlər də var. Amma «Toy olsun»un 2 illik işini aparıcı kimi qənaətbəxş sayır. Bu verilişdə 30-dək ailə qurulmasına vasitəçilik etdiklərini deyir. Əlavə edir ki, bunların çoxu ya kasıblar olub, ya fiziki qüsurlu
Elgiz Əkbər
Elgiz Əkbər
insanlar.

MTRŞ TELEVİZİYALARIN PROQRAM SİYASƏTİNƏ QARIŞA BİLƏRMİ?

Bəs Milli Televiziya və Radio Şurasının televiziya kanallarının proqram siyasətinə qarışmaq hüququ varmı? Elgiz Əkbər deyir ki, yox!

«Təbii ki, yoxdur. Amma onlar məsləhət, tövsiyə xarakterli fikirlər deyirlər. Mən Nuşirəvan müəllimin dediyinə də demirəm üsyan edirəm, etiraz edirəm. Yox, yox, yox!».

«Tənzimləyici dövlət qurumunun - Milli Televiziya və Radio Şurasının televiziya verilişlərinin məzmununa müdaxilə etməsi yolverilməzdir. Bu, prinsipləri və hədləri keçməkdir. Qanunla qurumun belə səlahiyyəti yoxdur».

Bunu isə Media Hüquqları İnstitutunun rəhbəri Rəşid Hacılı deyir. Yalnız qanunla qadağa olmuş hallarda, məsələn, uşaq pornoqrafiyası, ictimai asayişi pozmağa yönələn çağırışlar olduğu hallarda Şura işə qarışa bilər. Rəşid Hacılının fikrincə, Şuranın izdivac verilişlərinə qarışması düz deyil.

ZEYNAL MƏMMƏDLİ: «TELEVİZİYALAR RİSKDƏN QORXURLAR»

BDU-nun Jurnalistika fakültəsinin müəllimi Zeynal Məmmədli də deyir ki,
Zeynal Məmmədli
Zeynal Məmmədli
hüquqi baxımdan bunu televiziyaların işinə müdaxilə adlandırmaq olmur:

«Amma mən təəssüflənirəm ki, MTRŞ nədən şikayətlərin sayı haqda məlumat vermir. İkincisi, televiziyaların özünə nə qədər bu tipli məlumatlar gəlib? Amma məsələnin daha önəmli tərəfi odur ki, bu tipli verilişlər yüksək reytinqlər toplayırdısa, deməli, ictimai baxımdan önəmli idi və buna cəmiyyətin marağı vardı. O başqa məsələ ki, bu verilişlər çağdaş formada, peşəkar hazırlanmırdı, bayağı idi. Deməli, onu ucuz, bayağı şouya çevirməkdənsə, ciddi müzakirə debatlarına çevirmək olardı. Təəssüf ki, televiziya menecerləri də, MTRŞ də bu haqda danışmır. Verilişi qapamaqla canlarını qurtarırlar».

Zeynal Məmmədliyə görə, yerli teleməkanda baş verənlər ölkədəki ümumi ab-hava ilə səsləşir:

«Görünür, siyasi, inzibati, iqtisadi məhdudiyyətlər peşəkarlığı da hədəfə alır» deyən Zeynal Məmmədlinin qənaətincə, televiziyalar riskdən qorxurlar və onlara nə deyirlərsə, razılaşmaqla kifayətlənirlər.

Ötən ilin sonunda Şura xarici serialların da milli efir məkanında yayımını qadağan edib.
XS
SM
MD
LG